Kitablar ölkəmizi təbliğ edir
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə işıq üzü görən nəşrlərin təqdimatı
Dekabrın 25-də
M.F.Axundzadə adına Milli Kitabxanada ölkəmizin Kiyevdəki səfirliyinin
təşəbbüsü ilə Ukrayna, rus və ingilis dillərində
çapdan çıxmış
kitabların təqdimatı keçirildi.
Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov ədəbiyyatımıza, tarix və mədəniyyətimizə dair kitabların bir neçə gün öncə Azərbaycanın və Ukraynanın milli kitabxanalarının və səfirliyimizin dəstəyi ilə Kiyevdə təqdimatının keçirildiyini diqqətə çatdırdı.
Qeyd olundu ki, bu gün həmin nəşrlər Azərbaycan oxucularına təqdim edilir. Nəşrlərin arasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix”, Mir Cəlalın “Yolumuz hayanadır”, millət vəkili, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, V.Andriyanov və H.Mirələmovun “İlham Əliyev - Azərbaycan Prezidentinin portreti”, M.Qasımlı, O.Kupçik, Ə.Dəmirovun “Ukrayna-Azərbaycan siyasi münasibətləri və müasirlik” və s. kitablar yer alıb.
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli nazir Əbülfəs Qarayevin salamlarını ukraynalı qonaqlara çatdırdı. Ukrayna, rus və ingilis dillərində işıq üzü görən kitabların əhəmiyyətindən danışan şöbə müdiri ölkəmizin beynəlxalq kitab sərgilərində iştirakı zamanı belə nəşrlərə böyük tələbatın olduğunu dedi.
Vaqif Bəhmənli bu təşəbbüsə görə Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycanın tanınmış ictimai xadimləri və tarixi haqqında zəngin faktların yer aldığını nəşrlərin, eyni zamanda klassik və müasir ədəbiyyat nümunələrimizin Ukraynada işıq üzü görməsi dost ölkələr arasında ədəbi körpü rolunu oynayır.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, millət vəkilləri Yaqub Mahmudov, Qənirə Paşayeva, Hüseynbala Mirələmov, Musa Qasımlı və digərləri təqdim olunan kitabların əhəmiyyətindən bəhs etdilər.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli təqdimat mərasiminə şərait yaratdığına görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirdi, ölkəmizi təbliğ edən bu layihənin vacib addım olduğunu vurğuladı. Səfir şəxsi arxivindən müxtəlif dillərdə ölkəmiz haqqında kitabları Milli Kitabxanaya hədiyyə etdi.
Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko iki ölkə arasında dostluq əlaqələrindən söz açdı. Hər bir ölkənin öz tarixini başqa xalqlara tanıtmasının vacibliyini diqqətə çatdırdı. Tədbirdə həmçinin Azərbaycanın Kiyevdəki səfirliyinin təşəbbüsü ilə Ukrayna, rus və ingilis dillərində nəşr edilmiş akademik Ramiz Mehdiyevin “Gorus 2010: absurd teatr mövsümü”, professor Aida İmanquliyevanın “Seçilmiş məqalələr”, Rudolf İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” və s. kitablar da təqdim edildi.
Sonda tədbir iştirakçıları təqdimatı keçirilən kitablardan ibarət sərgi ilə tanış oldular.
L.Azəri
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 4.