Bu gənclərin əsərlərinin sorağı böyük sərgi salonlarından gələcək”

 

Yeni simalar” sərgisində rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələri nümayiş olunur

 

Dekabrın 24-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində gənc rəssamların “Yeni simalar” adlı sərgisinin açılışı keçirildi.

 

Layihə gənc rəssamların üzə çıxarılması, onların yeni yaradılmış sənət əsərlərinin nümayişi, gənc simaların ictimaiyyətə təqdim edilməsi məqsədi daşıyır.

Açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, bu sərgi gənc rəssamların tanıdılması, onların bacarıqlarının nümayiş olunması yolunda atılan uğurlu addımdır. Qeyd olundu ki, gənc istedadların potensiallarının üzə çıxması üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Təkcə 2014-cü il ərzində 120-dən çox sərgi keçirilib: “Bu gün sərgilənən əsərlər arasında diqqəti cəlb edən son dərəcə maraqlı işlər var. Bu gəncləri böyük gələcək gözləyir. Onların da əsərlərinin sorağı dünyanın böyük sərgi salonlarından, muzeylərindən gələcək”.

Ədalət Vəliyev həmçinin gənclərə mövzu seçimində də öz tövsiyələrini verdi: “2015-ci ildə keçiriləcək I Avropa Oyunları kimi möhtəşəm yarış, hər il böyük coşqu ilə keçirilən Novruz bayramı, tarixi abidələrimiz, İçərişəhər, qədim və yeniləşən Bakı işləmək üçün böyük bir mövzudur. Tariximizin, mədəniyyətimizin kətana köçürülərək gələcək nəsillərə çatdırılması çox vacibdir”.

 

 

 

Nazir müavini qalereyaların regionlarda sərgilər təşkil etməsinin, bölgələrdə mədəniyyətimizin təbliğ olunmasının zəruriliyini də vurğuladı. Gənc rəssamlara yaradıcılıq uğurları arzu edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə təbriklərini çatdırdı.

Xalq rəssamı Arif Hüseynov təşkil olunan sərginin gənclərin yaradıcılıq imkanlarının stimullaşmasında böyük əhəmiyyət kəsb etdiyini dedi. Bildirdi ki, bu sərgi təsviri sənətə istedadlı yeni nəslin gəldiyini göstərir.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına, Mədəniyyət və Turizm Nazirliyinin “Gənc rəssamlarla Konsepsiyası”na əsasən təşkil olunub. “Gənc rəssamlarla Konsepsiyası”nın məqsədi incəsənət sahəsində tarixi ənənələrin gələcək nəsillərə ötürülməsi, müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı, istedadlı gənclərin aşkarlanması və cəmiyyətə təqdim olunmasından ibarətdir.

Dekabrın 26-dək davam edəcək sərgidə Nərmin Abdullayeva, Lalə Hüseynzadə, Novruz Məmmədov, Tahirə Allahverdiyeva, Raul Hüseynov, Cəlal Ağayev, Bəhruz Kəngərli, Vəfadar Baharov, Xanlar Əsədullayev, Nurlan Məmmədov, Kənan Əliyev, Əhəd Məmmədov, Vüqar İmamquliyev, Mətin Şərifov və digər gənc rəssamların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 3.