“Dünənəm!
Bugünəm! Gələcəyəm mən!”
“Xalq əmanəti”
layihəsinin yeni nəşrində
Xəlil Rza Ulutürkün
əsərlərindən seçmələr və
tərcümələri yer alıb
Dekabrın 26-da “Xalq Bank”ın “Xalq əmanəti”
layihəsi çərçivəsində XX əsr poeziyasının
görkəmli nümayəndəsi, istiqlal
şairi Xəlil Rza Ulutürkün əsərlərindən
seçmələrin və ədəbi tərcümələrinin
yer aldığı “Dünənəm!
Bugünəm! Gələcəyəm mən!” adlı kitabın
təqdimat mərasimi keçirildi.
Əvvəlcə Xalq şairinin
həyat və yaradıcılığına həsr edilən
videoçarx nümayiş
olundu.
Tədbiri giriş sözü
ilə açan millət vəkili,
AMEA-nın müxbir üzvü
Nizami Cəfərov bildirdi
ki, Xəlil Rza Ulutürk müasir
Azərbaycan ədəbiyyatının günəşidir
və o, inqilabi enerjisi ilə yeni bir ədəbiyyat yaratdı: “O ədəbiyyat
ki, onun müqayisə
oluna biləcəyi poeziya,
düşüncə tərzi yoxdur.
Söhbət burada onun
yaradıcı kimi dahiliyindən yox, onun ideallarından gedir. Xəlil Rza Ulutürk bu idealları
ömrünün sonuna
qədər bir vətəndaş, bir azərbaycanlı, bir
türk kimi daşıdı”.
Kitabın ön sözünün
müəllifi, AMEA-nın Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli Xəlil Rzanı millətin
dostu adlandırdı, ictimai
xadim kimi fəaliyyətini
yüksək dəyərləndirdi: “Xəlil Rza, doğrudan da, millətinin, həmkarlarının,
həməsrlərinin dostu idi. Düşmən isə onun
misralarının odu-alovu qarşısında
dayana bilməzdi. Nə
qədər ki, Azərbaycana ikili standartlar tətbiq
olunur, dövlətimizin uğurlarına
qısqanclıqla yanaşılır, nə qədər
ki, ölkəmizə düşmən
münasibətdə olanlar var, o müddətcə
Xəlil Rza yaradıcılığı
aktuallığını qoruyub saxlayacaq”.
Xalq şairi Zəlimxan
Yaqub çıxışında
mərhum şairin poeziyasından
və dünya ədəbiyyatından
etdiyi tərcümələrdən
bəhs etdi, xatirələrini bölüşdü: “Xəlil Rza Azərbaycanda bütöv
bir qəhrəmanlar nəsli yetişdirdi. Gələcək nəsillər
XX əsrin 50-ci illərindən sonrakı dövrə
nəzər salanda Xəlil Rza Ulutürk görünəcək”.
Kitabın tərtibçisi, ədəbiyyatşünas
Yusif Günaydın, Xəlil Rza irsinin tədqiqatçısı
Əlizadə Əsgərli və şair
Vahid Əziz isə Xəlil Rza yaradıcılığının ideya sənətkarlıq xüsusiyyətlərindən
söz açdılar.
Sonda
çıxış edən şairin ömür-gün yoldaşı, nəşrin
məsləhətçisi Firəngiz Ulutürk
kitabın onun üçün
önəmindən, Xəlil Rza irsinə
dövlətin göstərdiyi qayğıdan bəhs etdi, kitabın nəşr edilməsində
əməyi keçən hər kəsə təşəkkürünü
bildirdi.
Qeyd edək ki, hədiyyəlik
nəşr olunan kitab
təhsil müəssisələrinə, kitabxanalara,
müxtəlif fondlara, dövlət
müəssisələrinə, ölkəmizin xaricdə
fəaliyyət göstərən səfirlik və konsulluqlarına
təqdim olunacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 30 dekabr.- S.
15.