Dünyada Yeni il
Fərqli ənənə və mərasimlər
Yeni il bayramı
dünyanın dörd yanında qeyd olunan mərasimdir.
Fərziyyələrə görə, Yeni
ili ilk dəfə
qədim çinlilər keçiriblər. Bəzi
mənbələrdə bu, qədim romalılarla
əlaqələndirilir. Digər mənbələrdə
isə ilin dəyişməsini bayram etmək adətinin ilk
dəfə qədim Mesopotamiyada yarandığı
bildirilir. İlk
dəfə harada yaranmasından
asılı olmayaraq, Yeni
ili dünya ölkələri
öz adət-ənənələrinə
uyğun, müxtəlif şəkildə
qeyd edirlər.
Rusiyada Yeni il ən çox sevilən
bayramdır. Bayramın geniş
qeyd edilmə ənənəsinin
əsası XVIII əsrdə çar I Pyotr tərəfindən qoyulub.
Çarın əmrində həm də küknar
ağacını bəzəmək də öz
əksini tapmışdı. İnanca
görə, süfrə nə qədər dolu
və gözəl olarsa, qarşıdan
gələn il də həmin
əhval-ruhiyyədə olacaq. Süfrəyə
isə quş ətindən hazırlanmış
heç nə qoyulmur,
hesab edilir ki, evdən xoşbəxtlik uça
bilər.
Yaponiyada Yeni ili gecə saat 12 tamamda 108 kilsə zəngi vurmaqla
qeyd edirlər. Bu
rəqəm də təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə
insan həyatını məhv etməyə
qadir olan 108 ziyanlı
ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin
sakinləri Yeni ili
təmiz ruhla qarşılayırlar.
Zəngdən sonra hamı yatır,
şənlik isə səhərə yaxın başlanır.
Çində Yeni il
ailə bayramıdır. Yeni il gecəsi balıq və toyuq
ailə birliyinin simvolu
kimi süfrəyə bütöv
şəkildə verilir. Uzun makarondan bişirilən
yeməklər isə uzun ömrü simvolizə edir.
Hətta inanca görə, bunları
bişirərkən kəsmək uğursuzluq
gətirər. Bayram axşamı naringi və portağallar
əldən-ələ ötürülür.
Çinlilərə görə, naringi
şans, portağal
isə zənginlik gətirir.
Fransada Noel baba Yeni il
gecəsi evin balaca
sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklər
isə bayram günü
daha çox yeyib-içməklə
məşğul olurlar.
İngilislər gecə saat 12-nin birinci zərbəsini vuranda
evin arxa qapısını
açaraq köhnə ili
yola salır, son
zərbəsini vuranda isə ön qapını açaraq
yeni ili qarşılamış
olurlar. Hər kəs karnaval şənliklərinə qoşulur, Santa Klaus isə uşaqlara bayram hədiyyələri gətirir.
Almaniyada Yeni ildə
ailələr, qohum-əqrəbalar bir
süfrə ətrafına yığılıb bayramın
əsas şirniyyatı sayılan “Lebkuhen”
kişmişli tortunu
dadır və bir-birlərinə hədiyyələr bağışlayırlar.
Yeni il gecəsi
saat 12-də isə almanlar ovuclarında metal
pul sıxaraq atılıb-düşürlər. İnanırlar ki, bunu etsələr, Yeni il
daha bərəkətli
olacaq.
Amerikada saat 12 tamamı
göstərəndə insanlar
bir-birini qucaqlayıb öpürlər.
Sükan arxasında olanlar
maşının siqnallarını
basaraq Yeni ilin gəlişini qeyd edirlər. Bayram süfrəsini noxuddan
hazırlanmış yeməklərlə
bəzəyirlər. Bunun onlara uğur və xoşbəxtlik gətirəcəyinə inanırlar.
İtaliyada Yeni il bayramı
ərəfəsində pəncərələrdən
köhnə ev əşyalarını yerə
atırlar. İtalyanlara görə, Yeni
ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan
xilas olmaq lazımdır. Bu ölkədə
uşaqların Şaxta
babaları yox, Şaxta nənələri
var. İtaliyada Yeni
ili bərkdən
qışqıraraq qarşılamaq
adəti var. Ucadan danışmaq italyanlar
üçün adi hal olsa da,
bayram gecəsi onlar öz səslərinə tam sərbəstlik
verirlər.
Səbinə Əlibalaqızı
Mədəniyyət.- 2014.- 30 dekabr.-
S. 15.