İlin rənglər aləmi
Daha bir
təqvim ilini başa vururuq. Bu il
təsviri incəsənətdə
hansı hadisələrlə
yadda qaldı?
Hər il olduğu kimi, bu il də
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə sərgilər, o cümlədən gənclərin
yaradıcılıq potensialının
üzə çıxarılması,
stimullaşdırılması üçün müsabiqələr,
festivallar təşkil
edilib. 2 fevral
- Gənclər Gününə
həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı
çərçivəsində açıq səma altında plener gerçəkləşib. Sərgidə gənc rəssamların
portret, panorama, natürmort
və digər janrlarda rəsm əsərləri nümayiş
olunub.
İlin ən yaddaqalan layihələrdən
biri iyulda “Baku Creative
Center”in təşkilatçılığı,
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile”ın baş sponsorluğu ilə keçirilən Azərbaycan
İncəsənət Festivalı
olub. Bu il ikinci dəfə gerçəkləşən festival Astara, Lerik, Yardımlı, Lənkəran,
Bərdə, Goranboy,
Gəncə, Şəmkir,
Qazax və Ağstafa rayonlarını
əhatə edib, bölgələrdə həvəskar
rəssamlar üçün
ustad dərsləri
təşkil olunub. Layihə Azərbaycan rəssamlarının
yaradıcılığının təbliği, gənc nəslin bu sənətə marağının
artırılması baxımından
mühüm əhəmiyyət
kəsb edir.
Fevralda Mədəniyyət
və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı
ilə Bakı Rəsm Qalereyasında
Xocalı soyqırımına
həsr olunmuş “Qarabağın acı tarixi” adlı sərgi açılıb.
İyunda Muzey Mərkəzində
keçirilən “Azərbaycan
- doğma diyar” devizi altında milli azlıqların IV
respublika festivalı
çərçivəsində “Bir ailədə” adlı fotosərgi də ölkəmizin etnik-mədəni zənginliyinin ifadəsi
baxımından maraqlı
hadisə idi.
Avqustda
İçərişəhərdə
təşkil olunan heykəltəraşlıq üzrə
“Yaşayan tarix” adlı sərgidə 17
sənətkarın əl
işləri və tarixi şəxsiyyətlərin
büstləri nümayiş
olunub.
* * *
Ölkələr arasında
əlaqələrin inkişaf
etdirilməsində qarşılıqlı
sərgilərin böyük
rolu var. May ayında
Dövlət Rəssamlıq
Akademiyasının muzey-sərgi kompleksində keçirilən “Bir millət, iki dövlət” adlı rəsm sərgisi Azərbaycanla Türkiyə
arasında mədəni
əməkdaşlığa töhfə verib. Mayda “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət
Mərkəzində 7-ci dəfə
reallaşan “Almaniya
bir rəssamın gözü ilə” rəsm müsabiqəsi
də bu qəbildən idi.
Noyabr ayında Milli İncəsənət Muzeyində
gürcü rəssamlarının
sərgisi, Azərbaycanda
Türkiyə mədəniyyəti
günləri çərçivəsində
Muzey Mərkəzində
“Türkiyə rəngləri”,
Daşkənddə isə
“İpək Yolu Azərbaycan və Özbəkistan rəssamlarının
gözü ilə” sərgiləri keçirilib.
Dekabr ayında ölkəmizdə İnquşetiyanın
mədəniyyət günləri
çərçivəsində “Qalereya 1969”da “İnquşetiya:
tarix və müasirlik” mövzusunda
dekorativ-tətbiqi
sənət nümunələrindən
ibarət sərgi təşkil olunub.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 30 dekabr.- S.
12.