2014-ün musiqi mozaikası
Yekunlaşan il
ölkəmizin musiqi mənzərəsində
rəngarəng tədbirlərlə yadda
qalıb. Azərbaycan beynəlxalq əhəmiyyətli festivallara ev sahibliyi etməklə yenə musiqi dünyasının diqqət mərkəzində
olub. Heydər Əliyev Fondu
və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən
musiqi bayramları (Qəbələ,
Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç
beynəlxalq festivalları) ölkəmizin mədəni
həyatında mühüm hadisəyə
çevrilib.
Bu il musiqimizin
dünya miqyasında - Moskvada
və okeanın o tayında təqdim
olunması ilə də qürur duyulacaq tarixə dönüb.
Azərbaycanın Los Ancelesdəki
baş konsulluğunun
təşəbbüsü və təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
ABŞ-ın Kaliforniya ştatının
San Dieqo şəhərində
dahi bəstəkar Qara
Qarayevin “Yeddi
gözəl” baleti ilk
dəfə nümayiş etdirilib. San Dieqo merinin imzaladığı
bəyannaməyə görə, 2014-cü ilin 11 oktyabrı şəhərdə “Yeddi Gözəl Günü”
elan edilib.
Azərbaycanın musiqi həyatında
önəmli hadisələrdən biri
də görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletinin Moskvada - Rusiya Akademik Böyük Teatrında premyerası olub. Oktyabrın 23-də gerçəkləşən
premyerada mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev çıxış edərək
“Məhəbbət əfsanəsi”nin Böyük
Teatrda növbəti səhnə təcəssümünü
Azərbaycan mədəniyyətinin əlamətdar hadisəsi
kimi qiymətləndirib.
Paris şəhərinin 1-ci rayonu meriyasının təşkilatçılığı
ilə keçirilən 6-cı Beynəlxalq Mədəni
Müxtəliflik Festivalında ölkəmizi
Əməkdar artist Mircavad
Cəfərovun rəhbərliyi altında “Cəngi” etno-caz qrupu təmsil edib. Qrupun ifası fransız
musiqisevərlərin zövqünü
oxşayıb. İl ərzində musiqiçilərimizin
beynəlxalq festivallarda iştirakı,
qastrol səfərləri və solo konsertləri də yüksək səviyyədə
musiqimizin təbliğinə xidmət
edib. ABŞ-ın Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alan Əməkdar artist, pianoçu, bəstəkar Emil
Əfrasiyabın, Əməkdar artist,
caz ifaçısı İsfar
Sarabskinin, “Natiq” ritm qrupunun, Xalq artisti, professor Yalçın Adıgözəlovun,
muğam ifaçılarımızın
sadalamadığımız onlarla konserti xarici səfərlərdə
əldə edilən uğurlar siyahısındadır.
Heydər Əliyev Fondunun
təşkilatçılığı və Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə Yunanıstanın paytaxtı Afinada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və incəsənət
ustalarının iştirakı ilə konsert
proqramı təşkil edilib. İl ərzində görkəmli bəstəkar
və musiqişünasların, xanəndələrin
yubiley tədbirləri musiqi
ictimaiyyəti tərəfindən böyük
məmnunluqla qarşılanıb. Xalq artisti,
professor Süleyman
Ələsgərovun, tanınmış dirijor
və bəstəkar, Xalq artisti Tofiq Əhmədovun
90, bəstəkar, professor Sevda İbrahimovanın 75 illik
yubileylərinə həsr olunmuş yubiley gecələri, SSRİ Xalq artisti Arif Məlikovun müəllif konserti və s. sənətə
və sənətkara verilən qiymətin bariz nümunəsidir.
Bu il həm də
Azərbaycan Bəstəkarlar İttifaqının 80 yaşı
tamam oldu. Bu münasibətlə noyabrın
1-dən 5-dək paytaxtımızın konsert
salonlarında və teatr səhnələrində
musiqi tədbirləri gerçəkləşdi.
Moskva
şəhərində dahi Azərbaycan
bəstəkarı Qara Qarayevin
yaşadığı binaya xatirə
lövhəsinin vurulması, İspaniyanın Qalisiya vilayətinin Santiaqo
de Kompostela
şəhərində keçirilmiş
20-ci “Womex” dünya musiqisi sərgisində ölkəmizin
təmsil olunması da musiqi
sənətimizin təbliği baxımından
əhəmiyyətli hadisələrdir.
2014-cü ildə həyata keçirilən layihələr,
əldə olunan uğurlar
həm də gələcək inkişafa
münbit zəmin hazırlayır, yaradıcı
insanların fəaliyyətini stimullaşdırır.
Arzu edirik ki, 2015-ci il də musiqi ictimaiyyətimiz üçün
xoş notlarla
zəngin olsun.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 30
dekabr.- S. 11.