İlin incəsənət bayramları
2014-cü ilin Azərbaycan
incəsənəti üçün bir sıra mühüm
hadisələr, musiqi və teatr bayramları, sərgilərlə yadda qaldı. Bu sırada
Heydər Əliyev Fondunun dəstəyi
ilə keçirilən və Azərbaycan mədəniyyətinin
dünyaya tanıdılmasına, incəsənət
əlaqələrinin
möhkəmlənməsinə xidmət edən musiqi festivallarını xüsusi
qeyd etmək lazımdır.
May ayında Bakıda VII Beynəlxalq Rostropoviç Festivalı, 23 iyul - 1 avqust tarixlərində
Qəbələ VI Beynəlxalq Musiqi
Festivalı, 18-28 sentyabr tarixində
isə Bakı şəhərində VI Üzeyir
Hacıbəyli Beynəlxalq Musiqi Festivalı
keçirildi. Festivallarda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, Belçika, Hollandiya, İsrail, Ukrayna, Koreya və s. ölkələrdən
məşhur musiqi kollektivləri, dirijor və solistlər iştirak
edirdi.
İlin mühüm
musiqi tədbirlərindən biri də 19-30 oktyabr tarixində
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət
Fondunun təşkilatçılığı
ilə gerçəkləşən ənənəvi Bakı
Beynəlxalq Caz Festivalıdır. Builki festivala Craig Tabornun triosu, Terry Line Carringtonun
kvarteti, Terence Blanchardın
kvinteti, Stenley Klarkın
qrupu kimi dünya şöhrətli musiqiçilərlə
yanaşı, Azərbaycanın tanınmış caz ifaçıları və gənc istedadlar qatılmışdı.
Sentyabrın 12-də İtaliyanın Verona
şəhərində “Arena di Verona” konsert
zalında ilk dəfə olaraq Azərbaycan musiqiçilərinin
konserti, oktyabrın 11-də dahi bəstəkarı Qara
Qarayevin “Yeddi
gözəl” baletinin ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhər
teatrında premyerası, 23 oktyabrda Rusiya Akademik Böyük Teatrının səhnəsində
görkəmli bəstəkar Arif
Məlikovun “Məhəbbət əfsanəsi” baletinin yenilənmiş quruluşda
ilk tamaşası musiqi
sənətimizin dünyada təbliği
baxımdan əlamətdar hadisələr idi. Azərbaycan Bəstəkarlar İttifaqının
80 illik yubileyi
münasibətilə 1-5 noyabr tarixində
Bakıda keçirilən festival da bir sıra ölkələrdən
tanınmış musiqişünas
və bəstəkarları bir araya gətirmişdi.
Bu il teatr
sənətimiz üçün də
zəngin il oldu.
10-19 sentyabrda respublikanın 12 teatr kollektivinin, habelə
Kalmıkiya (Rusiya Federasiyası)
və Qazaxıstan teatrlarının iştirakı
ilə Şəkidə I Beynəlxalq Teatr
Festivalı təşkil edildi. Teatr sənətinin prioritet
məsələlərin müzakirəsi üçün böyük
əhəmiyyət daşıyan III Bakı Beynəlxalq
Teatr Konfransı 5-6 noyabr
tarixində keçirildi. “Teatr sənətinin multikulturalizm-universal
dəyərlər sistemində yeri” mövzusuna həsr olunmuş
budəfəki konfransda 40-dək
ölkədən 150-dək teatr mütəxəssisi,
beynəlxalq teatr tənqidçiləri,
rejissor, baletmeyster,
teatr rəssamları, dramaturqlar
iştirak edirdi.
Bu il həmçinin
qarşılıqlı mədəni əlaqələrin
gücləndirilməsi məqsədilə Azərbaycanda
Türkiyənin, Moldovanın və Rusiya
Federasiyası İnquşetiya Respublikasının
mədəniyyət günləri keçirildi.
Mədəniyyət.- 2014.- 30 dekabr.- S.
6.