Bakının
yeni memarlıq rəmzi
Muzey işi sahəsində ilin
ən mühüm hadisəsi avqustun 26-da Azərbaycan Xalça
Muzeyinin yeni binasının
açılışı oldu. Bükülmüş xalça
formasında inşa olunan
bina orijinal memarlıq
nümunəsi kimi Bakının yeni rəmzlərindən birinə çevrilib. “Azərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki
təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il
29 dekabr tarixli
sərəncamının icrasına uyğun
olaraq burada yüksək
səviyyədə bədii tərtibat həyata keçirilib və muzey
müasir texniki avadanlıqla
təchiz edilib.
Hər il olduğu kimi, bu il
də 18 may - Beynəlxalq Muzeylər Günü ilə müxtəlif tədbirlər,
“Muzeylər gecəsi” aksiyası keçirildi,
bütün muzeylərdə “Açıq
qapı” günü elan
edildi. Bundan əlavə, Azərbaycan Milli
İncəsənət Muzeyində muzey
kolleksiyalarının populyarlaşdırılması
məqsədilə “Uçan muzey artefaktları” adlı aksiya və “British petroleum” neft şirkətinin
dəstəyi ilə “Azərbaycan incəsənəti
fotoqrafların gözü ilə” adlı
müsabiqənin mükafatlandırma mərasimi oldu. İCOM-un Milli Komitəsinin qərarı ilə “Qala qoruğu” Arxeoloji Etnoqrafik Muzey Kompleksində Bakı və digər region muzeylərinin iştirakı
ilə bədii, əyləncəli tədbir və müxtəlif
muzeylərin səyyar sərgiləri təşkil edilmişdi.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə Prezident yanında Gənclər Fondu, Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin
Bakı nümayəndəliyi ilə birlikdə 27-28 sentyabr tarixində Xalça
Muzeyində Dünya Turizm
Günü və Avropa
Mədəni İrs Gününə
həsr olunmuş “Muzeydə bir gecə” adlı layihə də rəngarəng
tədbirlərlə yadda qaldı.
Bölgələrdə yeni muzey binalarının inşası davam etməkdədir. Prezident
İlham Əliyevin iştirakı
ilə sentyabr ayında Horadiz
şəhərində Füzuli Tarix-Diyarşünaslıq
Muzeyinin açılışı keçirildi. Bu, cəbhə
bölgəsində fəaliyyətini bərpa etmiş ilk muzeydir.
Mədəniyyət.- 2014.- 30 dekabr.- S.
6.