“Ana laylası”
Azərbaycan xalçaçılıq
ənənələri rusiyalı rəssamın
əsərində
Dekabrın
26-da Azərbaycan Xalça Muzeyində
Rusiyanın Əməkdar rəssamı, “Burqanov
Evi” muzeyinin (Moskva) direktoru, Rusiya Rəssamlıq Akademiyasının
müxbir üzvü
İqor Burqanovun eskizi əsasında toxunulmuş
“Ana laylası” xalçasının
təqdimatı olub.
Xalça bu ilin yayında dəzgahdan kəsilib. Xalça Muzeyinin
və “Azərbaycan xalçaları” İctimai
Birliyinin toxucuları bu
xalçanı 4 aya toxuyublar.
Azərbaycanın əsrarəngiz təbiətinin bütün boyaları, o
cümlədən zümrüd
çəmənlərin, dəniz və səmanın
rəng çalarları bu xalçada bərq vurur.
Müəllif xalçanı Azərbaycan Xalça
Muzeyinə hədiyyə edib.
Muzeyin direktoru Röya Tağıyeva Azərbaycan incəsənətinə
vurğunluğuna görə İqor Burqanova təşəkkür
edib: “Biz uzun illərdir əməkdaşlıq edirik, qarşıda bizi
çoxlu maraqlı işlər
gözləyir”.
Rusiyalı rəssamın yaradıcılığı
Azərbaycanda sənətsevərlərə yaxşı
tanışdır, o tez-tez
paytaxtımızın qonağı olur.
Mayın 12-dən iyulun 20-dək Bakıda
İ.Burqanovun “Müasir
xalça” adlı sərgisi keçirilib. XX əsr rus
avanqardı ənənələrini davam
etdirən rəssam bu ənənələri
öz yaradıcılıq süzgəcindən
keçirir. Onun
əsərlərinin motivləri əsasında qobelenlər
və xalçalar üçün
eskizlər hazırlanıb. Rəssam həmçinin
sənətşünaslıq üzrə kitabların
və dərs vəsaitinin müəllifi, İsveçrə,
Belçika və Fransada
beynəlxalq layihələrin iştirakçısı
və təşkilatçısıdır.
Mərasimdə çıxış edən
Rusiyanın Azərbaycandakı səfirliyinin müşavir-elçisi Oleq
Muraşov bildirib ki, Xalça Muzeyi əsl mədəniyyət mərkəzidir
və Azərbaycanın xalça
sənətini təbliği istiqamətində böyük işlər görür:
“ Xalçaçılıq əsl Şərq sənətidir
və rus rəssamın bu
sənətə baxışı emosiya
doğurmaya bilmir”.
İqor Burqanov bildirib ki, atasının,
əcdadlarının Vətəni olan
Bakıya bir daha
gəlməyinə çox şaddır:
“Mən Azərbaycan xalçaçılığı
ənənələrinə söykənmişəm
və öz eskiz variantımı
işləmişəm. İstərdim ki,
bu xalçaya baxanda onun XXI əsrə
aid olması görünsün.
Mən Xalça Muzeyinə zərgərlik
suveniri - qiymətli daşlarla
haşiyələnən meteorit
hədiyyə etdim. Bu
daş Xalça Muzeyinin yeni zərgərlik
ekspozisiyasına daxil olacaq”.
Mədəniyyət.- 2014.- 30
dekabr.- S. 6.