Mədəniyyət
və turizm naziri
jurnalistlər üçün brifinq keçirib
İl ərzində görülən
işlərlə bağlı danışan nazir mətbuat nümayəndələrinin
müxtəlif suallarını cavablandırıb
Dekabrın 26-da Mədəniyyət
və Turizm Nazirliyinin
kollegiya iclasından sonra
nazir Əbülfəs Qarayev
2014-cü ilin yekunlarına dair jurnalistlər üçün
brifinq keçirib.
Ölkəmizdə
mədəniyyət və turizm sahəsində
il ərzində görülən
işlərlə bağlı məlumat verən nazir sonda mətbuat
nümayəndələrinin suallarını cavablandırıb.
“Turizmdə rəqabət qiymətlərə təsir
edəcək”
Sualların bir qismi
turizm sahəsi ilə bağlı olub. Turizm və istirahət
mərkəzlərində qiymətlərlə bağlı
suala cavabında nazir
bildirib ki, bu gün hər kəs öz imkanlarına uyğun
ölkədə və xaricdə istirahət məkanı
seçir. Məsələn, Gürcüstanda qiymətləri ucuz olan hotellər var. Amma bu
hotellərdəki xidmətlərin keyfiyyəti “Şahdağ” turizm kompleksində
olan hotellərin xidmətlərinin
keyfiyyətindən fərqlənir: “Şahdağ”ın
öz xidməti və ona
uyğun da qiymətləri
var. Hesab edirəm ki, bu, normal
bir prosesdir”.
Əbülfəs Qarayev qeyd edib ki,
Azərbaycanda həm ucuz, həm də baha qiymətə xidmətlər təklif
edən hotellər var. Bu
hotellərdə qış turizm mövsümü ilə bağlı yerlər
artıq dolub. Bu da onu göstərir ki, hər bir məkanın
öz istifadəçisi var. Nazir əlavə edib ki, Azərbaycanda bir neçə il əvvəl
prioritet olaraq 7 turizm istiqaməti müəyyənləşdirilib.
Bu istiqamətlərin hər biri üzrə turizmin
inkişafına dair proqramlar
hazırlanıb. Buraya mədəni
xidmətlər də daxil edilib: “Bu, sahibkarlar
üçün bir
istiqamətləndirici sənəddir. Digər tərəfdən,
Azərbaycanda turizm zonalarının
formalaşdırılması haqqında Nazirlər Kabinetinin qərarı var.
Yaxın vaxtlarda onların sərhədləri
müəyyənləşdirilib təsdiq olunacaq. Bu zonalarda sahibkarlar üçün yeni obyektlər
tikməyə şərait yaradılacaq, müxtəlif
güzəştlər tətbiq olunacaq.
Bizim işimiz bunları
təşkil edib stimullaşdırmaq,
inkişaf etdirməkdən ibarətdir.
Sərmayəçi isə bundan
səmərəli istifadə edərək, vəsait qoymalı,
hotel tikməlidir. Azad
rəqabət bu məsələləri
həmişə tənzimləyir. Biz
də rəqabət nəticəsində qiymətlərin
aşağı salınmasının tərəfdarıyıq”.
Filmlərin dublyajı müəyyən mexanizmlə
tənzimlənməlidir
Nazir milli kinonun inkişafı ilə bağlı
sualları da cavablandırıb. Kinoteatrlarda dublyaj olunmamış
filmlərin nümayişi barədə
suala cavabında bildirib
ki, qanunvericilikdə nümayiş
olunan filmlərin hamısının
tərcümə və yaxud da titrlərlə yazılmaqla dublyaj olunması əksini tapıb: «Bütün kinoteatrlara
yalnız dövlət reyestrindən keçmiş
filmlərin nümayiş olunması
ilə bağlı icazə verilib. Hazırda
bütün filmlər dövlət reyestrindən
keçirilib. Amma burada bir çətinlik
var ki, dublyaj
müəyyən mexanizmlə tənzimlənməlidir.
Bəzən elə hallar olur
ki, dünya premyerasında
bir film eyni gündə və eyni
vaxtda müxtəlif ölkələrdə
nümayiş olunur.
Bunun icazəsini alan
kinoteatrlar da filmi birbaşa nümayiş etdirdiyindən, biz onu nə qabaqcadan dövlət reyestrindən keçirə
bilirik, nə də tərcüməyə
vaxt qalır. Bu
isə qanunla ziddiyyət təşkil
edir».
«Sovetski»dəki
tarixi binalar sökülməyəcək
Əbülfəs Qarayev paytaxtın «Sovetski» adlanan ərazisində
aparılan söküntü işləri
ilə bağlı buradakı tarixi
abidələrin aqibətinə də aydınlıq
gətirib. Onun sözlərinə
görə, bu ərazidə 118 tarixi tikili var. Həmin binaların arasında bəziləri
yerli əhəmiyyətlidir: «Bu binalar bu
gün müasir baxımdan
çox da tarixi və ya memarlıq
əhəmiyyəti daşımır. Elə binalar var ki,
onların üzərində xüsusi
memarlıq bəzəkləri var.
Həmin binalar məhz o
bəzəklərə görə bu
siyahıya salınıb».
Burada Cəlil Məmmədquluzadənin,
Abdulla Şaiqin
ev-muzeyləri var. Həmin muzeylərin
binaları sökülməyəcək: «Ola bilər ki, onlar tarixi abidə kimi o qədər
əhəmiyyətli deyil. Amma muzey olduqları üçün onlar yerində
qalacaq».
Nazir qeyd edib ki, əhəmiyyətinə
görə ikinci dərəcəli hesab edilən binalardan
təxminən 30-u sökülməyəcək.
Yeni universitetdə daha çox kadr hazırlanacaq
Ölkə Prezidentinin Azərbaycan Turizm İnstitutunun bazasında
Azərbaycan Turizm və Menecment
Universiteti yaradılması barədə
sərəncamı ilə bağlı danışan nazir diqqətə çatdırıb ki, yeni universitet
turizm sahəsi üzrə təhsilin
bütün pillələrində kadr hazırlayacaq. Bu
məsələ sərəncamda əksini tapıb: «Digər
tərəfdən, yeni universitetin
maddi-texniki bazası daha
da gücləndiriləcək və bu da daha
çox tələbə qəbulunun
həyata keçirilməsinə imkan
verəcək. Bundan əlavə,
Azərbaycan Turizm və Menecment
Universitetində təkcə turizm sahəsində
yox, digər xidmət sahəsi üzrə
də kadr hazırlığı həyata
keçiriləcək. Düşünürəm ki, bu, ümumi
qonaqpərvərlik sistemində, yəni həm də restoranlarda, digər yerlərdə peşəkar
kadrların hazırlanmasına imkan
verəcək. Biz təkliflərimizi
hazırlayıb təqdim edəcəyik».
Turizm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tədbir çərçivəsində Mədəniyyət
və Turizm Nazirliyinin
keçirdiyi «Azərbaycanın turizm potensialına həsr olunmuş
publisistik məqalələr müsabiqəsi»nin
qaliblərinin mükafatlandırma mərasimi də olub. Ölkəmizin turizm
imkanlarının təbliği,
ölkə ictimaiyyətinin sahəyə diqqətinin
artırılması, habelə daxili
turizmin tədqiqi və təşviqinə
dəstək göstərmək məqsədilə keçirilmiş müsabiqədə dövri mətbuatda və müxtəlif internet resurslarında dərc olunmuş məqalələr iştirak edib.
Məqalələr nazirlik tərəfindən
təyin olunmuş mütəxəssislərdən
ibarət komissiya tərəfindən
qiymətləndirilib.
Müsabiqədə birinci yerə «Respublika» qəzetinin əməkdaşı
Ramiz Yusifli, ikinci yerə «Royal travel» şirkətinin əməkdaşı
Samir Kəbirlinski, üçüncü
yerə Azərbaycan Turizm və Menecment Universitetinin
müəllimləri Sənan Yusifli
və Könül Rəfiyeva layiq görülüblər. Müsabiqəyə
yazı təqdim edən daha 5 jurnalist isə həvəsləndirici mükafatla təltif olunub.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 30 dekabr.-
S. 5.