Mədəniyyət və
Turizm Nazirliyi 2014-cü ilə
yekun vurdu
Dekabrın 26-da Qara Qarayev adına
Mərkəzi İncəsənət Məktəbində
Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ilin
yekunlarına həsr edilmiş kollegiya iclası keçirildi.
İclasda nazirliyin strukturuna daxil olan qurumların rəhbər
şəxsləri iştirak edirdi.
Gündəliyə
aşağıdakı məsələlər daxil edilmişdi:
nazirliyin 2014-cü il üçün hesabatının,
2015-ci ilin birinci yarımili üçün iş planının
təsdiq edilməsi, uşaq musiqi, incəsənət və
rəssamlıq məktəblərində pedaqoji kadr vəziyyətinin
təminatı, ölkə Prezidentinin 22 may 2009-cu il tarixli
sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
regionlarında fəaliyyət göstərən muzeylərin
müasir standartlara uyğun təmiri, yeni avadanlıq
və zəruri eksponatlarla təchizatına dair Tədbirlər
Planı”nın icrası, nazirliyin beynəlxalq əlaqələri,
"Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti
və nazirliyin yeni strukturu barədə.
Dövlətin diqqət və qayğısı fəaliyyətimizə
ən böyük stimuldur
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq sərəncamları, eləcə
də Mədəniyyət və Turizm Nazirliyinin qərarları
ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət
və incəsənət işçisinə mükafatlar
təqdim edildi. Nazir təltif olunanları bir daha təbrik
edərək gələcək işlərində uğurlar
arzuladı.
Kollegiya iclasında mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev il ərzində görülən
işlər haqqında geniş məruzə ilə
çıxış etdi, bu il ölkəmizdə keçirilən
möhtəşəm mədəniyyət tədbirlərindən,
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində
görülmüş işlərdən və qarşıda
duran vəzifələrdən söz açdı. Bildirdi
ki, ötən illərdə olduğu kimi, bu il də nazirlik
üçün məhsuldar bir dövr olub, eyni zamanda bir
sıra yeniliklərlə yadda qalıb.
İl ərzində baş verən ən mühüm hadisələrə
nəzər salan Əbülfəs Qarayev iclas iştirakçılarının
nəzərinə çatdırdı ki, nazirlik və
onun strukturunda fəaliyyət göstərən bölmələr
daim dövlət rəhbərliyinin diqqət və qayğısını
hiss edir. Sözsüz ki, bu qayğı və diqqət fəaliyyətimizdə
özünü büruzə verir.
Nazir Azərbaycan mədəniyyətinin təbliğində
Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın səylərini xüsusi qeyd
etdi. Bildirdi ki, Heydər Əliyev Fondu mədəni irsimizin,
o cümlədən istər ölkəmizdə, istərsə
də xaricdə tarixi və mədəniyyət abidələrinin
qorunub saxlanılmasına və bərpa edilməsinə
böyük diqqət yetirir: “Fondun keçirdiyi tədbirlər
bizim işimizin təkmilləşərək daha səmərəli
qurulmasına təkan verir. Hesab edirəm ki, bu tədbirlər
ölkəmizin ümumi mədəniyyət mənzərəsinin
ən önəmli və ayrılmaz hissəsidir”.
Mədəniyyət sahəsində yeniliklər inkişafa
təkan verir
Nazir diqqətə çatdırdı ki, ölkə Prezidentinin
2014-cü il 14 fevral tarixli sərəncamı ilə Azərbaycan
Respublikasının Mədəniyyət Konsepsiyası
təsdiq edilib. Bu sənəd artıq bütöv bir mədəniyyət
siyasətinin həyata keçirilməsinin istiqamətverici
proqramıdır: “Artıq bizim hazırladığımız
layihələr və həyata keçirdiyimiz tədbirlər,
nazirliyin işində yeniliklər konsepsiya çərçivəsində
həyata keçirilir. Konsepsiyaya əsasən nazirlik
bir neçə xüsusi sənəd hazırladı.
“Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi
və təbliğinə dair Dövlət Proqramı”,
“Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət
və rəssamlıq məktəblərinin inkişafı
üzrə Dövlət Proqramı (2014-2018-ci illər)”,
“Dövlət rəsm qalereyalarının perspektiv inkişafı
üzrə Dövlət Proqramı (2015-2025-ci illər)”,
“2014-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni
irsinin qorunmasına dair Dövlət Proqramı”, “Azərbaycan
Respublikasında nəşriyyat-poliqrafiya işinin və
kitab sənətinin 2015-2020-ci illərdə inkişafına
dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2015-2020-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın
layihələri hazırlanaraq müvafiq qurumlara
göndərilib”.
Bu il ölkə başçısının müvafiq sərəncamları
ilə nazirlik tərəfindən bir sıra yubileylər
- Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə
əlaqədar tədbirlər, görkəmli ədəbiyyat,
incəsənət xadimlərinin yubileyləri qeyd edilib.
2014-cü il tarixi-mədəni irsin qorunması sahəsində
mühüm tədbirlərlə də yadda qalıb: “Azərbaycanda
ilk dəfə olaraq beynəlxalq səviyyədə Avropa
İrs Günləri keçirildi. Avropa İttifaqı
ilə yeni tvinniq proqramı irəli sürüldü və
bu sahədə əməkdaşlıq edirik. Cənab Prezidentin
sərəncamı ilə bir neçə tarixi abidənin
bərpası həyata keçirildi. Ən son hadisə
isə nazirliyin daxilində yeni bir strukturun - abidələrin
qorunması, mühafizəsi üzrə dövlət
xidmətinin yaradılması oldu. Bu il xüsusi hadisələrdən
biri də Azərbaycan Xalça Muzeyinin yeni binasının
açılışı oldu. Avqustun 26-da ölkə rəhbərliyinin
iştirakı ilə açılışı keçirilən
muzey şəhərimizin yeni simvollarından birinə
çevrildi”.
Beynəlxalq əməkdaşlıq və Azərbaycanın
tanıdılmasına xidmət edən layihələr
Nazirliyin fəaliyyətinin mühüm bir istiqaməti
beynəlxalq tədbirlərlə bağlıdır: “Azərbaycan
bu il Avropa Şurasının Nazirlər Komitəsinə
sədrlik etdi. Fəxrlə deyə bilərik ki, Azərbaycanın
Avropa Şurası səviyyəsində təqdim edilən
əsas layihələri məhz mədəniyyət və
incəsənətlə bağlı idi. Sərgilər,
təqdimatlar, müsabiqələr, konsertlər və
s. bütün bu hadisələr çox böyük əks-səda
doğurdu. Azərbaycan bu tədbirlərlə nə qədər
qüdrətli mədəniyyətə sahib olduğunu
nümayiş etdirə bildi. Xüsusilə qeyd etməliyik
ki, bu tədbirlər nazirliyin uğurlu siyasətinin nəticəsi
olaraq Heydər Əliyev Fondunun da böyük dəstəyi
ilə reallaşdı. Fondun və nazirliyin birgə keçirdiyi
tədbirlər Azərbaycanın dünyaya təqdim
edilməsində mühüm yer tutur. Beynəlxalq səviyyəli
tədbirlər sırasında UNESCO xətti ilə keçirilən
tədbirləri də qeyd etməliyik. İslam ölkələri
mədəniyyət nazirlərinin əməkdaşlığı
sahəsində görülən işləri də
uğurlu işlər siyahısına daxil etmək olar.
Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs
üzrə komitəsində fəal mövqe tutub, komitənin
iclaslarında sözümüz hər zaman eşidilərək
qəbul edilib. Bunun nəticəsində bədxah ermənilərin
bir neçə fayllarının da qarşısının
alınmasına, məhdudlaşdırılmasına
nail olmuşuq. Azərbaycan kəlağayı sənətinin
UNESCO-nun siyahısına salınması qeyri-maddi mədəni
irsimizin təbliği sahəsində daha bir nailiyyətimiz
oldu”.
Nazir TÜRKSOY təşkilatı ilə əlaqələrin
bir sıra layihələrin gerçəkləşməsinə
şərait yaratdığını vurğuladı.
Türk dövlətləri rəhbərlərinin birgə
qəbul etdiyi sənəd əsasında ölkələr
arasında turizm mübadiləsinin gücləndirilməsi
və milli mədəniyyətlər üzərində
qurulan mədəni turizm proqramlarının həyata
keçirilməsi böyük əhəmiyyət kəsb
edir. Gələn il Bakıda üçüncü dəfə
Dünya Mədəniyyətlərarası Dialoq Forumunun
keçiriləcəyini deyən nazir bu möhtəşəm
tədbirin Azərbaycanın beynəlxalq nüfuzunun
göstəricisi olduğunu vurğuladı.
Azərbaycanın hər il müxtəlif beynəlxalq mədəniyyət
tədbirlərinə ev sahibliyi etdiyini deyən Əbülfəs
Qarayev bildirdi ki, bu tədbirlərin arxasında böyük
bir komandanın əməyi durur: “Bu il yeniliklər də
oldu. İlk dəfə Şəkidə I Beynəlxalq Teatr
Festivalı keçirildi. Artıq üçüncü
dəfə keçirilən Beynəlxalq Teatr Konfransı
da yaddaqalan hadisə oldu. İlin uğurlu yekunları
sırasında Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletinin Rusiya Böyük Teatrında premyerasını,
Qara Qarayevin “Yeddi gözəl” baletinin ABŞ-ın San
Diyeqo Şəhər Teatrında təqdimatını
vurğulaya bilərik. Bu hadisələr Azərbaycan
musiqisini beynəlxalq arenada tanıtmağa bizə imkan
verdi”.
Regionlarla iş müsbət nəticəsini göstərməkdədir
Nazir bildirdi ki, görülən işlər regionlarda
mədəniyyətin inkişafına təkan verir.
Bölgələrin mədəni irsinin təbliği
sahəsində nazirliyin “Xalq yaradıcılığı
paytaxtları” layihəsinin xüsusi yeri var: “Paytaxt”ların
elan edilməsi, düşünürəm ki, önəmli
layihə oldu, bunun sayəsində bölgələrdə
festivalların əsası qoyuldu.
Regionlarda qəbullarımız zamanı bu işin nəticələrini
görə bildik. Bu tədbirlərlə yerlərdə
turizm xidmətlərinin inkişafına da təkan vermiş
oluruq. Regionlarda görüşlərimiz zamanı həmin
ərazidə fəaliyyət göstərən mədəniyyət
və incəsənət adamlarından dəyərli
ideyaların irəli sürüldüyünün
şahidi oluram və bu məni çox sevindirir.
Regionlarda maddi-texniki bazanın güclənməsi
yönündə işlər davam etdirilməlidir. Musiqi
məktəbləri, diyarşünaslıq muzeyləri,
kitabxanalar, mədəniyyət evlərinin bərpasına
diqqət ayrılmalıdır. Yerlərdə idarəçiliyə
yaradıcı yanaşma hiss olunur. Bu ideyaları tətbiq
etməliyik. Müasir düşüncəni tətbiq
etmək günün reallıqlarından biridir. Müasir
innovativ təşəbbüslər dəstəklənməlidir”.
Kino və teatr
Nazir kino və teatr sahəsinin uğurlarından danışdı:
“Nizami Kino Mərkəzi tam gücü ilə işləyir.
Bu məkanda yeni təqdimatlar, beynəlxalq film festivalları
keçirilir. Bu il Bakıda ikinci dəfə keçirilən
idman filmləri festivalı layihənin təşkilatçıları
tərəfindən ən yaxşı festival kimi təsdiq
edildi. Həmçinin ikinci dəfə turizm filmləri
festivalı gerçəkləşdi. İl ərzində
filmlərimiz 50-dək beynəlxalq festivalda iştirak
edib, əldə etdiyimiz mükafatlar da az deyil. Yeni
çəkilmiş filmlərimiz artıq beynəlxalq
arenaya çıxır. Bütün bunlar görülən
işlərin nəticəsidir.
Azərbaycan teatrlarında formalaşan beynəlxalq təcrübə
mübadiləsi bizim ölkənin teatrsevərlərinə
də kifayət qədər müsbət nəticə
nümayiş etdirə bilir. Teatrlarda qurulan yeni tamaşalar,
qastrol səfərləri, sözsüz ki, qaynar teatr həyatına
rəng qatır”.
Mötəbər
yubileylərin keçirilməsi nazirliyə etimaddır
2014-cü ildə də böyük şəxsiyyət və
tarixi hadisələrin yubileyləri ilə bağlı
silsilə tədbirlər keçirilib: “Diqqətlə
baxsaq görərik ki, bilavasitə mədəniyyət
və sənətə aid olmayan müxtəlif yubiley və
tədbirlərin həyata keçirilməsində də
nazirlik yaxından iştirak etmişdir. Bütün bu
işləri yüksək səviyyədə həyata
keçirərək ictimaiyyətin marağına səbəb
olmasına çalışmalıyıq. Hesab edirəm
ki, bu iş nazirlik üçün böyük etimad olmaqla
yanaşı, həm də məsuliyyətimizi ikiqat artırmalıdır.
İl ərzində keçirilən yubileylər sırasında
təkcə ölkədə deyil, UNESCO və TÜRKSOY-dakı
tədbirləri də nəzərdən qaçırmamalıyıq.
Nazirliyin xətti ilə tanınmış teatr və kino
xadimlərinin anım və doğum günləri qeyd
edildi”.
Təhsildə yeniliklər
İlin müsbət hadisələrindən bir neçəsi
təhsil sistemi ilə bağlı oldu. Əbülfəs
Qarayev bildirdi ki, təhsil və turizm sahəsində
dövlət tərəfindən irəli sürülən
proqramlar bu sahələrin daha da inkişafına təkan
verir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm
İnstitutunun bazasında ali təhsilin bütün
pillələrində turizm və menecment sahələri
üzrə kadr hazırlığını həyata keçirən
Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması
barədə sərəncam verildi. Bu addım ölkə
rəhbərliyinin turizm sahəsinə göstərdiyi
diqqətin bir hissəsidir. Burada artıq bütün təhsil
pillələrini əhatə edən turizm sənayesinin
kadr hazırlığı həyata keçiriləcək.
Hər birimiz bu gün turizm sahəsinin inkişafı
üçün çalışmalı, Azərbaycana gələn
qonaqlara düzgün xidmət sistemini formalaşdırmalıyıq.
Azərbaycanda yeni Xoreoqrafiya Akademiyasının yaradılması
haqqında sərəncam da bu sıradandır. Hazırda
Xoreoqrafiya Akademiyasının yeni layihəsinin təsdiq
edilməsi üzərində məsləhətləşmələr
aparılır. Bu işin Mədəniyyət və Turizm
Nazirliyinə tapşırılması da bir daha işimizə
dəstəkdir. Ona görə hesab edirəm ki, bu iki sərəncamdan
irəli gələn məsələlərə çox
ciddi yanaşmalı və onların icrasına var
qüvvə ilə çalışmalıyıq. Musiqi
məktəblərinin fəaliyyətinə də nəzər
salmalıyıq. Bu il bir neçə kadr dəyişikliyi
baş verdi. Bu proses davam edəcək. Məktəblərdə
yeniliklər tətbiq olunmalıdır. Yeni idarəçilik
üsulları yaradılmalı, nöqsanlar aradan qaldırılmalıdır”.
Kitablarımız ölkəmizi tanıdır
Kitab və poliqrafiya işinin mühüm əhəmiyyət
kəsb edən sahələrdən biri olduğunu deyən
nazir bu il Azərbaycanın bir neçə böyük
beynəlxalq kitab sərgilərində iştirak etdiyini
vurğuladı: “Beynəlxalq sərgilərdə Azərbaycanda
nəşr edilən kitablar maraq və rəğbətlə
qarşılanır. Gələn il Bakıda növbəti
beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.
Hesab edirəm ki, nəşriyyatlar bu tədbirə daha
ciddi hazırlaşmalıdırlar. Onların fəaliyyətinə
mütəşəkkil şəkildə nəzarət
edilməlidir. Kitab kollektoru öz işini daha da səmərəli
təşkil etməlidir”.
Turizmin inkişafı
Nazir məruzədə turizm sahəsinin inkişafı
və bu sahədə yeniliklər barədə də danışdı:
“Təkliflərimiz əsasında Azərbaycanda turistlər
üçün viza rejiminin sadələşdirilməsi
prosesi başlandı və bu, turistlərin axınına
müsbət təsir göstərdi. Eyni zamanda mehmanxanaların
yeni sertifikasiya sisteminə keçməsi də bu
işdə müəyyən irəliləyişlərə
səbəb olacaq. Mehmanxanalara lisenziyaların verilməsi
tam şəffaf şəkildə həyata keçirilir,
mütəmadi monitorinqlər aparılır. Bütün
bunlar da ictimaiyyətin daim diqqətindədir. Bu sahədə
beynəlxalq səviyyədə əməkdaşlıqlarımız
davam edir. CNN və “Euronews” kimi kanallarda Azərbaycanın
turizm imkanları, ölkəmizin mədəniyyəti
təqdim olunur. Turizm və mədəniyyət anlayışının
birləşməsi prosesi öz tempini daha da sürətləndirir”.
* * *
Çıxışının sonunda 2014-cü ilin Azərbaycan
mədəniyyəti üçün uğurla başa
çatdığını diqqətə çatdıran
nazir bildirdi ki, qarşıda bizi daha məsul işlər,
böyük tədbirlər gözləyir. İclasda
2014-cü ildə görülən işlərlə
bağlı müzakirələr aparıldı, əldə
edilən uğurlarla yanaşı, mövcud problemlərdən
də söz açıldı, yeni layihələr barədə
fikir mübadiləsi aparıldı.
L.Azəri
Mədəniyyət.-2014.-
30 dekabr.- S. 3-4.