“Sənətkarlıq paytaxtı”nın Türkiyədə təqdimatı

 

“Sənətkarlıq paytaxtı” ili ərzində Abşeron rayonunun el sənətkarları, bədii kollektivləri respublikamızda keçirilən müxtəlif tədbirlərlə yanaşı, ölkəmizdən kənarda, qardaş Türkiyədə də mədəni irsimizi, incəsənətimizi uğurla təmsil ediblər.

 

Mart ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rayon Mədəniyyət Mərkəzinin "Abşeron" aşıqlar qrupu, “Abşeronuşaq rəqs qrupu, Xırdalan şəhər uşaq musiqi məktəbinin xalq çalğı alətləri ansamblı Türkiyədə Novruz şənliklərində çıxış ediblər. Bu səfər bir anlamda həm də Azərbaycanın “Sənətkarlıq paytaxtı”nın qardaş ölkədə təqdimatı olub. Rayon təmsilçiləri Bursa, Manisa, İstanbul və İzmirdə tədbirlərə qatılıblar.

Qeyd edək ki, 2008-ci ildə Abşeron rayonu ilə Türkiyənin Bursa vilayətinin Yıldırım bələdiyyəsi arasında imzalanan qardaşlıq protokolu mədəniyyət və incəsənət əlaqələrinə də zəmin yaradıb. Budəfəki görüş də maraqlı anları ilə yadda qalıb. Əvvəlcə Yıldırım bələdiyyə başqanı Keskin Özən və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov çıxış edərək belə tədbirlərin xalqlarımızın mədəniyyətlərinin qarşılıqlı təbliğində mühüm rolunu vurğulayıblar. O, Abşeronun bu il Azərbaycanın “Sənətkarlıq paytaxtı” elan edildiyini diqqətə çatdıraraq bu çərçivədə ilk tədbirlərdən birinin qardaş Türkiyədə keçirilməsinin əlamətdar hadisə olduğunu deyib.

Tədbirin bədii hissəsində Abşeron xalçaçılarının, sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sonra konsert proqramı təqdim olunub. Rayon Mədəniyyət mərkəzinin bədii-özfəaliyyət kollektivlərinin, Xırdalan şəhər uşaq musiqi məktəbi şagirdlərinin ifaları maraqla qarşılanıb.

Xırdalan şəhər uşaq musiqi məktəbinin ansamblı Manisada Novruz münasibətilə təşkil olunanMesir macunu” festivalında da çıxış edib. Məktəbin direktoru İkram Manafovun bildirdiyinə görə, Türkiyənin ölkəmizdəki səfirliyinin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə Türkiyənin Manisa gözəl sənətlər və idman liseyi ilə Xırdalan şəhər uşaq musiqi məktəbi arasında əlaqələr qurulub. “Qardaş məktəb” layihəsi çərçivəsində qarşılıqlı səfərlər həyata keçirilir. Məktəbin musiqi kollektivinin səfər zamanı İstanbul və İzmirdə təqdim etdiyi konsert proqramları da alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 15.