Layihə
istedadların, xalq sənətkarlarının
üzə çıxarılmasına şərait yaradır
“Sənətkarlıq paytaxtı”nın təqdimatı
Aprelin 10-da Abşeron
rayonunun «Sənətkarlıq paytaxtı» elan olunması münasibətilə təqdimat
mərasimi keçirildi. Xırdalan
şəhərindəki Mədəniyyət mərkəzində
təşkil olunan tədbirə əvvəlki
illərdə “xalq
yaradıcılığı paytaxtları” elan
olunmuş rayonların mədəniyyət
və turizm şöbələrinin
müdirləri, Abşeron rayon
ictimaiyyəti, xalq sənətkarları,
incəsənət ustaları qatılmışdı.
Mərasimi Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov açaraq «Sənətkarlıq paytaxtı» ilə bağlı tədbirlər proqramından danışdı, bu çərçivədə təqdimatların qardaş Türkiyədə - Bursa, İzmir və Manisa şəhərlərində də keçirildiyini diqqətə çatdırdı.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin əməkdaşı Rəşad Əliyev «2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları» proqramının bu il yekunlaşdığını, bu layihənin ölkəmizin zəngin mədəni irsinin təbliği və tanıdılmasında mühüm rolu olduğunu bildirdi. Qeyd olundu ki, layihə “xalq yaradıcılığı paytaxtı” elan olunan bölgələrimizdə istedadların, sənətkarların üzə çıxarılmasına da şərait yaradır. Onlar gələcəkdə nazirliyin xətti ilə xarici ölkələrdə keçirilən tədbirlərdə ölkəmizi təmsil edəcəklər.
Rayon İcra Hakimiyyətinin Təhsil, səhiyyə və mədəniyyət üzrə şöbəsinin müdiri Hafiz Mikayılov dedi ki, Azərbaycan xalqı öz mədəniyyəti, incəsənəti, musiqisi ilə həmişə fərqlənib: “Abşeron da öz sənətkarları ilə tanınıb. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi çərçivəsində Abşeronun «Sənətkarlıq paytaxtı» elan olunması bizim üçün əlamətdar hadisədir. Bu diqqətə görə nazirliyə təşəkkürümüzü bildiririk”.
Tədbirin bədii hissəsində Abşeron rayonu Xırdalan şəhər xalq çalğı alətləri orkestrinin ifasında dahi Üzeyir Hacıbəylinin «Arşın mal alan» operasından musiqi nömrələri səsləndirildi.
Mədəniyyət mərkəzinin foyesində
rayon sənətkarlarının əl
işlərindən ibarət böyük
sərgi təşkil edilmişdi. Sərgidə
rəsm əsərləri, əl işləri, xalça toxunması prosesi
nümayiş etdirilirdi.
Sərgi iştirakçıları belə tədbirlərin əhəmiyyətindən
söz açaraq «Sənətkarlıq
paytaxtı» ilinin onların fəaliyyətinə
də mühüm stimul
olduğunu vurğuladılar.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 13.