Qəbələ Arxeoloji Mərkəzi qədim tarixin sirlərini açır

 

İl ərzində “Əfsanələr paytaxtı”nda bır sıra yeni obyektlər istifadəyə verilib, o cümlədən tarixi-mədəni irsinin öyrənilməsi və təbliği, turizm infrastrukturunun genişləndirilməsi istiqamətində layihələr həyata keçirilib. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı keçirilən Qəbələ Arxeoloji Mərkəzi də qədim yurdun sirli keçmişindən xəbər verir.

 

Doqquz əsr Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ arxeoloji zənginliyi ilə seçilən bölgələrimizdəndir. Bölgədə arxeoloji tədqiqatlar 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə, 1959-cu ildən isə ardıcıl şəkildə aparılır. Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illərdə SEBA - Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər mühüm yer tutur. Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Bu məlumatlarla SEBA-nın dəstəyi ilə tikilən Qəbələ Arxeoloji Mərkəzində tanış olmaq mümkündür.

Açılış mərasimində AMEA-nın müxbir üzvü və Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri İlyas Babayev mərkəzdə görülən işlərlə bağlı ölkə başçısına ətraflı məlumat verib. Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Mərkəzdə həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərəcək. Prezident İlham Əliyev mərkəzin sərgi salonu ilə tanış olub.

Burada toplanan zəngin eksponatlar bir daha sübut edir ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngindir və Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının uzun bir dövr ərzində paytaxtı olmuş Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Arxeoloji tədqiqatlar nəticəsində antik dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənətkarlıqla bağlı maddi-mədəniyyət abidələri aşkara çıxarılıb.

2400 illik tarixi olan, qədim İpək Yolunun üzərində yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində Kabalaka adlandırılıb. Yunan coğrafiyaşünası Ptolemey Qəbələni Xabala, ərəb tarixçisi Bəlazuri isə Xəzər kimi təqdim edib. İlk dəfə Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Kabalaya Xabalanın Qəbələ olduğunu göstərib. Beləliklə, əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən yadelli işğalçıların amansız hücumlarına mərdliklə sinə gərən Qəbələ tarixin yaddaşına alınmaz qala-şəhər kimi daxil olub. Məhz bu amil şəhərdə zəngin maddi-mədəniyyət abidələrinin yaranmasına rəvac verib. Qəbələ Arxeoloji Mərkəzi də şəhərin tarixi keçmişinibu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəslə çatdırmaq baxımından əvəzedilməz məkandır.

Dövlət başçısına artıq bir neçə ildir AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqlarının birgə qazıntı işləri barədə məlumat verilib. Bildirilib ki, arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan 1500-ə yaxın eksponat sərgidə nümayiş etdirilir. Əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalarla təchiz edilmiş laboratoriyalarda bərpa olunduqdan sonra nümayiş etdirilir. Əldə edilən bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunub.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 5.