Əfsanələşən
qədim paytaxtın yeni növrağı
2014-cü il Qəbələnin tarixində xüsusilə əlamətdar oldu
Yüz illər öncə Qəbələ dünyanın ən
qədim sivilizasiyalarından olan Azərbaycan
dövlətinin - Qafqaz Albaniyasının
paytaxtı idi. Əsrlərlə burada müxtəlif dillərdə
danışan, müxtəlif dinlərə, fərqli ənənələrə
və mədəniyyətə malik insanlar yaşayıb. Hər dövr, hər bir mədəniyyət bu torpaqda izini qoyub. Bu gün
dünya xəritəsində Qafqaz Albaniyası yoxdur. Lakin Qəbələ yenə də
paytaxtdır - tarixi irs,
mədəniyyət paytaxtı.
2009-cu ildən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin bu gözəl guşəsində beynəlxalq musiqi festivalının ənənəsi qoyulub. 2013-cü ildə Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun qərarına əsasən, Qəbələ şəhəri “MDB-nin mədəniyyət paytaxtı" elan edilmişdi. 2014-cü ildə isə Qəbələ rayonu Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramına uyğun olaraq, Azərbaycanın “Əfsanələr paytaxtı” elan olundu. İl ərzində bu münasibətlə çoxsaylı tədbirlər, rəngarəng mərasimlər keçirilib.
Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumatda bildirilir ki, müvafiq tədbirlər planına uyğun olaraq mədəniyyət ocaqları, bölgənin bədii kollektivləri, xalq teatrı və s. “Əfsanələr paytaxtı” ilinin yaddaqalan keçməsi üçün səfərbər edilib. Aprelin 24-də Qəbələnin “Əfsanələr paytaxtı” seçilməsi ilə əlaqədar rayon Mədəniyyət Mərkəzində təntənəli açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova bu əlamətdar hadisə münasibətilə bütün rayon sakinlərini təbrik edib. Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova “Əfsanələr paytaxtı” ilinin Qəbələnin mədəni həyatına xüsusi rəng gətirdiyini vurğulayıb, keçiriləcək tədbirlərə rayon rəhbərliyi tərəfindən dəstək veriləcəyini bildirib. Tədbir çərçivəsində Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş rəsm əsərlərinin sərgisi nümayiş olunub. Yerli musiqiçilərin, mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
İyunun 13-də Qəbələ Mədəniyyət Mərkəzində gənclərin asudə vaxtının təşkili məqsədilə gənc reperlərin konserti keçirilib. Konsertdə gənclər tərəfindən sevilən ifaçılarla yanaşı, Qəbələnin gənc reperləri də çıxış ediblər.
Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Mədəniyyət Mərkəzində təşkil olunan “Qəbələnin səsi” adlı konsert proqramı da sakinlərin zövqünü oxşayıb. Konsertdə Bum qəsəbə yaradıcılıq evinin “Zopu-zopu” rəqs ansamblı, Nic qəsəbə yaradıcılıq evinin “Cəngi” qrupu, Hacallı kənd yaradıcılıq evinin “Gülüstan” və Mədəniyyət Mərkəzinin “Gülbuta” folklor kollektivləri, “Çinar” instrumental ansamblı, rəqs dərnəyi üzvləri, incəsənət məktəbinin müəllim və şagirdlərinin çıxışları alqışlarla qarşılanıb.
Heydər Əliyev adına mərkəzi parkda təşkil olunan və rayonda yaşayan xalq sənətkarlarının əl işlərindən ibarət sərgidə toxuculuq, dulusçuluq məmulatları və s. nümayiş etdirilib.
İyulun 19-da Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xalq teatrı İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanan tamaşanı təqdim edib. Səhnə əsərində həvəskar aktyorlar Xəyal Gəncimov, Şahanə Vəlizadə, Ruhib Niftalıyev və Leyla Zakirovanın oyunu tamaşaçıların rəğbətini qazanıb.
Avqustun 24-də Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ şəhərində “Mürəbbə festivalı” keçirilib. İkinci dəfə təşkil olunan festivalın qonaqları sırasında xarici ölkələrin Azərbaycandakı diplomatları, mədəniyyət və incəsənət xadimləri, yerli və xarici turistlər olub. Festivalın keçirilməsində məqsəd Azərbaycanın mətbəx mədəniyyətini təbliğ etməkdir. Tədbirə qatılan 21 rayonun şirniyyatçıları ən gözəl əl işlərini sərgiləməklə yanaşı, həm də məhsullarını satmaq imkanı əldə ediblər. Münsiflərin rəyi əsasında müxtəlif nominasiyalar üzrə qaliblər elan olunub. Festivalın sonunda maraqlı konsert proqramı təqdim edilib.
“Əfsanələr paytaxtı” ili çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzində “Gənc kitabsevərlər” klubunun üzvləri ilə rayon sakinlərinin görüşü keçirilib. Yerli şairlərdən Nəzakət Neman, Günel Əhmədli, Cəlil Səfərçinov, Xəyal Gəncimov çıxış edərək kitabların insanlara müsbət təsirindən, gənclərin asudə vaxtının səmərəli təşkili üçün kitabın dəyərindən danışıblar.
Sentyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində poeziya axşamı keçirilib. Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, millət vəkili, şair Musa Quliyev, gənc şairlər Xəyal Rza, Fərid Hüseyn rayon ictimaiyyəti, poeziya həvəskarları ilə görüşüb. Milli Musiqi Gününə təsadüf edən tədbirdə qonaqların söylədikləri şeirləri musiqi nömrələri, gözəl ifalar əvəz edib.
Sentyabrın 24-də rayon Mədəniyyət Mərkəzində keçirilən "Əfsanələr diyarı - Qəbələ" mövzusunda dəyirmi masada bölgənin qədim tarixinə nəzər salınıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış ediblər. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova çıxışında Qəbələnin keçmişindən söz açıb, bu yurd yerimizin e.ə. IV əsrdən yeni eranın VIII əsrinə qədər Qafqaz Albaniyasının paytaxtı olduğunu diqqətə çatdırıb. AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədlinin "Qəbələ - tarixdə və əfsanələrdə”, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədovun “Muzeylərimiz - dünənin, bu günün, sabahın aynası” və Çuxur Qəbələ Tarix-Bədii Qoruğunun direktoru Bəhruz Şərifovun “Əfsanələr paytaxtı Qəbələ arxeologiya dünyasında” mövzularında məruzələri maraqla qarşılanıb. AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Sabir Əlihüseynli qədim diyar haqqında düşüncələrini bölüşüb.
İl ərzində rayonda yerli musiqiçilərin iştirakı ilə konsert proqramları, mədəniyyət ocaqlarında ədəbi-bədii gecələr, sərgilər və s. təşkil olunub. Rayon incəsənət məktəbinin müəllim və şagirdlərinin Zərifə Əliyeva adına istirahət parkında konsert proqramı yerli sakinlərin zövqünü oxşayıb.
Qəbələ dünənin və bu günün əfsanəsidir.
Təsadüfi deyil ki,
ümummilli lider Heydər
Əliyev “Qəbələnin şanlı keçmişi,
işıqlı gələcəyi vardır”, - demişdir. Azərbaycanın
tanınmış turizm mərkəzlərindən
birinə çevrilən bölgə çoxsaylı
qonaqları özünün zəngin tarixi, mədəni irsi ilə
cəlb edir. Rayonda keçirilən beynəlxalq miqyaslı tədbirlər
təkcə Qəbələni deyil, eyni zamanda respublikamızı
bütün dünyada
tanıdır. “Əfsanələr paytaxtı” çərçivəsində
gerçəkləşən tədbirlər rayonun
daha da
tanıdılmasına və təbliğinə töhfə oldu.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 4.