Milli musiqimiz üçün möhtəşəm tədris-sənət ocağı

 

Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı keçirilib

 

Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmanla yaranan Azərbaycan Milli Konservatoriyası müstəqillik dövründə fəaliyyətə başlayan ilk ali məktəblərdən biridir. Milli Konservatoriya milli mədəniyyətin öyrənilməsi, tədrisi və ixtisaslaşması kimi məsələlərin ölkəmizin ictimai-mədəni həyatında aktuallıq kəsb etdiyi bir vaxtda meydana gəldi. Elə həmin dövrdə muğam, milli alət ifaçılığı üzrə ali təhsilli kadrlara, muğamların nəzəri tədqiqinə və tətbiqinə yeni yanaşma zərurətinin ortaya çıxması Milli Konservatoriya ideyası ilə vəhdət təşkil etdi. Ulu öndərin 2001-ci il 10 avqust tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncamı ilə Bakı Musiqi Kollecirespublika İncəsənət Gimnaziyası Milli Konservatoriyanın tərkibinə daxil edildi. Beləliklə, ümummilli liderin təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğı yeni tarixi dövrdə xalqımıza daha bir təhsil ocağını - Milli Konservatoriyanı bəxş etdi.

Sonrakı dövrdə Milli Konservatoriyanın fəaliyyəti dövlət başçısı İlham Əliyevin diqqətindən kənarda qalmadı. 2006-cı ildən Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin tikintisinə başlandı. 2012-ci ildə Prezident İlham Əliyev təhsil ocağının inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı və müvafiq maliyyə vəsaiti ayrıldı.

Azərbaycanın dövlət başçısı mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır, son illərdə bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlər mühüm uğurlarla müşayiət olunur. Ölkə miqyasında mədəniyyət ocaqları yenidən qurulur, qədim tarixi abidələrimizə yeni həyat verilir, mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən bu işlərə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz layihələri ilə dəstək verir. Mədəniyyətimizin dünya miqyasında təbliği, milli muğam sənətinin yaşadılması ilə bağlı görülən işlər indi ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.

Dövlət başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi bildirib ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılıb.

Milli Konservatoriyanın kitabxanası da zəruri ədəbiyyatla təchiz olunub. Tələbələrin ixtiyarında olacaq idman zalında da müxtəlif yarışların keçirilməsi üçün hər cür imkan var.

Milli Konservatoriya ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir. Professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə “Milli musiqinin tətbiqi” və “Milli musiqi alətlərinin araşdırılması” elmi laboratoriyaları yaradılıb. Laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüblər.

Dövlət başçısı Azərbaycan Milli Konservatoriyasının yeni binasının açılışı münasibətilə təbriklərini çatdırıb. Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlərin həyata keçirildiyini deyən Prezident qeyd edib ki, milli-mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bununla bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini verir.

Bu sırada muğam sənətinin yaşadılması ilə əlaqədar görülən işləri təqdir edən dövlət başçısı gənc istedadların üzə çıxarılmasında muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.

Gənclərdə Vətənə və milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıran Prezident qeyd edib ki, milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir.

Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya milli mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğulayıb.

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi son illərdə bu təhsil ocağında həyata keçirilən layihələrdən danışıb, milli musiqiyə, muğama marağın artdığını bildirib.

Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tarkamança hədiyyə olunub.

Mərasimdə gənc musiqiçilərin ifasında muğam səslənib. Sonra xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.- 2014.- 14 fevral.- S. 2.