“Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri”

 

İki ölkə mütəxəssislərinin birgə tədqiqatlarının yekunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına təqdim ediləcək

 

Fevralın 3-də Bakıda “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri ilə görüş keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi görüşdə qurumun sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən söz açıb. Bildirilib ki, qardaş xalqlarımızın mədəniyyətində və tarixində böyük oxşarlıqlar var və onların üzə çıxarılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu layihə eyni zamanda istedadlı insanları üzə çıxarır.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva layihə çərçivəsində görülən işlərdən danışıb. Onun sözlərinə görə, aparılan tədqiqatlar yekunda kitab şəklində nəşr ediləcək və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına təqdim ediləcək.

Qeyd olunub ki, Türkiyə və Azərbaycan UNESCO-nun tədbirlərində hər zaman bir-birini dəstəkləyir və bu layihə hər iki ölkənin mədəniyyətinin təbliğində mühüm rol oynayacaq.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının üzvü, Hacettepe Universitetinin professoru Aylin Görgün Baran iki ölkə arasında bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini söyləyib, həyata keçirilən layihənin bu istiqamətdə yeni töhfə olacağını bildirib.

Fevralın 4-dən 7-dək UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri Zaqatalaya, Şəkiyə və Gəncədə səfərdə olacaqlar.

Xatırladaq ki, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə həyata keçirdiyi “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində ötən il ölkəmizin işçi qrupu Türkiyənin beş bölgəsinə səfər etmişdi.

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 5.