Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

Planda Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və diaspor təşkilatlarında soyqırımı ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. tədbirlərin təşkili nəzərdə tutulub.

Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, aliorta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Xocalı sakinlərinin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə şəhid ailələrinə yardımlar göstəriləcək.

Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, ayın 26-da saat 17-də bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 2.