Onun əsərləri Azərbaycan musiqisinin zirvəsidir”

 

Bakıda dahi bəstəkar Qara Qarayevin abidəsi açılıb

 

Fevralın 5-i Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, böyük bəstəkar və pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin doğum günüdür. Qara Qarayev baletləri, simfonik poemaları, simfoniyaları, kamera-instrumental əsərləri ilə Azərbaycan və dünya musiqi xəzinəsinə əvəzsiz töhfələr verib.

Dahi musiqiçinin doğum günü ərəfəsində, fevralın 3-də Bakının 28 May küçəsində abidəsinin açılışı keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə Qara Qarayevin ailə üzvlərini, Azərbaycanın musiqi ictimaiyyətini, bütün Azərbaycan xalqını təbrik edib: “Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, böyük şəxsiyyətdir, dahi bəstəkardır. O, Azərbaycanı, Azərbaycan xalqını ləyaqətlə təmsil edirdi. Azərbaycan xalqını, Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıtdırırdı. Onun yaşayıb-yaratdığı dövrdə Azərbaycan müstəqil deyildiancaq Azərbaycan xalqı incəsənət, ədəbiyyat, musiqi sahəsində öz istedadını dünya ictimaiyyətinin diqqətinə çatdıra bilirdi. Əlbəttə, Qara Qarayevin əsərlərini dinləyən tamaşaçılar anlayırdılar ki, ancaq istedadlı xalqın nümayəndəsi belə gözəl əsərləri yarada bilər. Qara Qarayevin əsərləri ölməzdir. Onlar bu gün də yaşayır, bundan sonra da əbədi yaşayacaqdır. Bu böyük şəxsiyyət bizim milli fəxrimizdir. Azərbaycan klassik musiqisinin inkişafında onun danılmaz və müstəsna xidmətləri vardır. Eyni zamanda, o, milli musiqiyə də çox bağlı idi. Xalq mahnıları, bizim milli musiqimiz onun fəaliyyətinə, yaradıcılığına böyük təsir göstərmişdir”.

Qara Qarayevin eyni zamanda gözəl müəllim olduğunu, Azərbaycan Dövlət Konservatoriyasının rektoru işlədiyini diqqətə çatdıran Prezident onun davamçılarının Azərbaycan musiqi mədəniyyətini zənginləşdirdiyini deyib: “Çox istedadlı adam idi, dostluğa da çox sadiq idi. Bildiyimə görə, onun dostluqla bağlı fikirləri çox maraqlı idi. Ulu öndər Heydər Əliyev ilə onların çox yaxın münasibətləri var idi. Qarşılıqlı hörmət, qarşılıqlı rəğbət əsasında qurulmuş bu münasibətlər nümunəvi xarakter daşıyırdı. Mən də gənclik, yeniyetməlik dövrümdə bir neçə dəfə onların bir yerdə təşkil etdiyi məclislərdə iştirak edirdim. O səmimi münasibətləri görürdüm, duyurdum və belə də olmalı idi. Qara Qarayev Azərbaycan xalqının görkəmli nümayəndəsidir, milli fəxrimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, onun Qara Qarayev kimi böyük nümayəndəsi var”.

Dövlət başçısı vurğulayıb ki, Qara Qarayev Sovet İttifaqının ən yüksək mükafatları, orden-medalları ilə təltif edilib: “Əlbəttə, əgər o, müstəqillik illərində yaşasa idi, müstəqil Azərbaycan dövlətinin ən böyük mükafatları ilə təltif olunardı. Əfsuslar olsun ki, o, həyatdan tez getdi. Ancaq onun yaratdığı əsərlər Azərbaycan musiqisinin zirvəsidir. Mən çox şadam ki, bu gün burda, onun yaşadığı evin yaxınlığında bu gözəl abidə açılır.

Azərbaycan musiqi mədəniyyəti çox zəngindir. Biz haqlı olaraq fəxr edirik ki, gözəl musiqimiz vardır. Xalq musiqimiz, muğam sənəti ümumdünya musiqi sənətinin zirvəsidir. Bu gün Azərbaycan musiqisini inkişaf etdirən bəstəkarlar, sənət adamları öz töhfəsini verirlər ki, bu ənənələr davam etsin, bu ənənələr kəsilməsin, istedadlı musiqiçilər, bəstəkarlar yetişsin. Bu məqsədlə Azərbaycan dövləti əlindən gələni edir və edəcəkdir.

Ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, dünya səviyyəli festivallar, müsabiqələr keçirilir. Eyni zamanda, biz Azərbaycan musiqisini dünyada da təqdim edirik. Hesab edirəm ki, bu gün Azərbaycan, o cümlədən bu istiqamətdə də uğurla inkişaf edir. Mədəniyyətlə, tarixlə bağlı olan bütün tədbirlər yüksək səviyyədə keçirilir. Bizim tarixi irsimiz qorunub saxlanılır. Memarlıq abidələri bərpa edilir. Muzeylər, teatrlar, konsert salonları təmir edilir, tikilir. Bakıda, bölgələrdə mədəniyyət mərkəzləri açılır. Yəni, bu, Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.

Hər bir ölkənin inkişafı üçün onun mədəni həyatı xüsusi əhəmiyyət daşıyır. Biz uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idik. Ancaq müstəqilliyə olan sevgimizi ürəyimizdə yaşatmışdıq. Musiqimiz, ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz bizi bir xalq kimi qorudubu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən dövlətdir.

Qara Qarayevin xatirəsi müstəqil Azərbaycan dövləti tərəfindən əbədiləşdirilib. Onun adına prospekt, metro stansiyası, incəsənət məktəbi vardır. Bu gün onun gözəl abidəsi Bakının tarixi yerində açılır. Bu münasibətlə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bir daha ümumi fikri ifadə edərək demək istəyirəm ki, Qara Qarayevin əziz xatirəsi və onun ölməz əsərləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

 

* * *

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək bu gün dünyanın məşhur musiqi salonlarında - Londonda, Parisdə, Nyu-Yorkda, Moskvada Qara Qarayevin möhtəşəm musiqisinin səsləndiyini vurğulayıb. O, dahi bəstəkarın 2018-ci ildə qeyd olunacaq 100 illiyi münasibətilə məşhur “İldırımlı yollarlabaletinin dünyanın böyük teatrlarının birində tamaşaya qoyulmasını arzu etdiyini deyib.

Qara Qarayevin tələbəsi, Xalq artisti, bəstəkar Arif Məlikov böyük sənətkarın yetirmələrinin onun yolunu davam etdirdiklərini vurğulayıb: “Fəxrlə deyə bilərəm ki, Rimski Korsakovdan Şostakoviçə, ondan Qara Qarayevə, ondan da bizim nəslə gəlib çatan bu yolu gələcək musiqiçilər də davam etdirəcəklər”.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında Qara Qarayevi Azərbaycanın yetişdirdiyi ən işıqlı insanlardan biri kimi xarakterizə edib. Onun klassikçağdaş dünya musiqisinə müraciət edərək möhtəşəm əsərlər yaratdığını vurğulayıb: “Amma nə yaradıbsa, Qara Qarayev ilk növbədə Azərbaycan bəstəkarı idi. Azərbaycana dünya musiqisini gətirirdi və dünyaya Azərbaycan musiqisinin qədimlərdən gələn ən zəngin ənənələrini, ən böyük sərvətlərini çatdırırdı”.

Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayev görkəmli musiqiçiyə hər zaman xalq və dövlət tərəfindən böyük hörmət və ehtiram göstərildiyini deyib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib, dövlət başçısına təşəkkürünü ifadə edib.

 

* * *

Çıxışlardan sonra Prezident İlham Əliyev abidənin açılışını edib. Qeyd edək ki, abidənin müəllifi tanınmış heykəltəraş Fazil Nəcəfovdur.

Dövlət başçısı və xanımı abidənin önünə gül dəstəsi qoyublar. Sonda xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 3.