Qardaş ölkə qürbət deyil
Məhəmməd
Əmin Rəsulzadənin 130 illiyi əbədiyyətə
qovuşduğu Ankarada
qeyd edilib
“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada tədbirlər keçirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Türkiyə paytaxtında səfərdə olan nümayəndə heyəti Məhəmməd Əmin Rəsulzadənin dəfn olunduğu Cəbəci Asri məzarlığında keçirilən mərasimdə iştirak edib.
Mərasimə toplaşanlar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görkəmli ictimai-siyasi xadimin ölkəmizin səfirliyi tərəfindən yenicə abadlaşdırılmış məzarının önünə Azərbaycan Respublikasının dövlət qurumları adından əklillər qoyulub.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev mərasimdəki çıxışında Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı ölkəmizdə keçirilən tədbirlər haqqında danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan böyük şəxsiyyətin xatirəsinin Azərbaycan və Türkiyə xalqlarının qəlbində yaşadığını vurğulayıb.
Yubiley tədbiri ölkəmizin Türkiyədəki səfirliyində davam edib. Tədbirdə Milli Məclisin deputatları Yaqub Mahmudov, Sabir Rüstəmxanlı, Aqil Abbas, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Mübariz Qurbanlı, diplomatlarımız, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Çıxış edənlər Azərbaycan
Xalq Cümhuriyyətinin keçdiyi
tarixi şərəfli yoldan
bəhs ediblər. Professor Yaqub
Mahmudov Məhəmməd Əmin Rəsulzadənin
fəaliyyəti, Azərbaycanın həmin dövrdə bolşevik-daşnak dəstələrinə
qarşı mübarizəsi, Qafqaz İslam Ordusunun xalqımıza
yardımı və digər tarixi
faktları diqqətə çatdırıb.
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 5.