Əzəmətli
“Rast” teatr səhnəsində
Bu dəfə muğam-balet kimi
Dövlət Akademik Opera və Balet Teatrı qarlı-çovğunlu 1 fevral axşamında bu məkana gələnləri yeni səhnə əsəri ilə heyrətləndirdi. İsti, ilğım təsirli bir musiqi nümunəsi, görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin «Rast» simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı baletin 8 illik fasilədən sonra premyerası zalı dolduran sənətsevərlərə unudulmaz təəssürat bəxş etdi.
Maestro Niyazinin 1949-cu ildə ərsəyə gətirdiyi “Rast” adlı simfonik muğamının - yeni muğam-balet versiyası milli musiqinin zəngin çalarlarının əks olunduğu peşəkar sənət əsərindən nə dərəcədə dolğun və çoxşaxəli istifadə etməyin mümkünlüyünü bir daha göstərdi. İkipərdəli balet tamaşasının süjeti Azərbaycanın keçmişinə aid tarixi faktlara əsaslansa da, quruluşdakı müasir elementlər orijinal idi.
İlk dəfə 2004-cü ildə səhnəyə qoyulan muğam-baletin libretto müəllifi tanınmış publisist Əjdər Hacıyev, xoreoqrafı Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, musiqi tərtibatçısı Xalq artisti Musa Mirzəyevdir.
Tamaşanın süjet xəttində qəhrəmanlıq elementlərinin önə çəkildiyini görürük. Fars hökmdarı II Böyük Kirin (o librettoda şah obrazında təqdim olunur) işğalçılıq planlarının qarşısını alan əfsanəvi Tomris bu nümunənin əsasında durur. O, Vətənini sevən, onun uğrunda çarpışan, müstəqilliyi uğrunda canını sipərə çevirən qəhrəman azərbaycanlı qadın, həm də gözəl və zərif xanımın simasıdır.
“Rast” hər iki pərdəsində, ümumən ideya həllində müasir balet elementləri, belə demək mümkünsə, psixoloji trilleri xatırladır. Kütləvi döyüş səhnələri, saray ab-havasında baş verən qaç-qovlar, ümumən dövrün tarixi reallığının xoreoqrafik əksi maraqlı təsir yaradır. Bu hadisələr fonunda mürəkkəb bir sevgi üçbucağı da qabarıq görünür. Xəyanət, qısqanclıq və intiqam dolu faciəli sevgi balet elementlərinin peşəkar ifadəsi ilə qəribə bir ecazda təqdim olunur.
Banunun (Yelena Skomoroşenko) xəyanəti nəticəsində elə toy günü dul qalan, Atrı (Gülağası Mirzəyev) itirən Tomris (Kamilla Hüseynova) artıq intiqam hissi ilə əbədi mübarizəsinə atılır. Banunun sonrakı peşmançılığı Tomrisə Şahın (Anar Mikayılov) sarayından qaçmağa və xalqı ayağa qaldırmağa, mücadiləyə qatılmağa kömək edir. O, cəsarətlə liderlik edir, xalqı sonu qələbə ilə nəticələnən üsyana aparır.
Tamaşa bütün xoreoqrafik elementləri və ideyasına görə anlaşıqlı və orijinal idi. Cəsarətlə demək olar ki, “ Rast” yeni bir janrın - muğam-baletin əsası kimi uğurlu başlanğıcdır. Baletin səhnələşdirilməsində müxtəlif elementlərdən ustalıqla istifadə olunub. Bunların içərisində kinematoqrafiyada geniş yayılmış “düyünlü” məqamlarda “səssizlik” elementini xüsusi qeyd etmək olar. Məsələn, emosional cəhətdən yüksəliş anlarında - qeyri-bərabər döyüş nəticəsində Atrın ölməsi məqamında, Tomrisin Şahı rədd etməsi səhnəsində orkestr birdən susur, əsas emosiyanı, qəhrəmanların hiss və həyəcanlarını daha dəqiq ifadə etmək üçün öz yerini muğam üçlüyünə verir. Elxan Mansurovun (tar) müşayiətində Gülyaz Məmmədova və Səbuhi İbayevin ifaları bu anda orijinal vokal effekti yaradır.
İkinci pərdə “Qızların rəqsi” və ov səhnəsi Pərvin Nəcəfovanın bənzərsiz ifası ilə təsirli idi. Həmin səhnədə onun özünəməxsus xilas cəhdləri - ustalıqla ifadə etdiyi hisslər xoreoqrafik manevrlərlə zəngin olduğundan tamaşaçıları heyrətləndirə bildi. Xoreoqrafik baxımdan zəngin səhnələrdən biri Tomrisin qadınlarla birgə düşmən döyüşçüsünü (Makar Ferşdant) qovması səhnəsidir.
Quruluş baxımından ən təsirli səhnələrdən biri də Atəşgah məbədinin dekorasiyası fonunda (səhnə tərtibatçısı - Xalq rəssamı Rafis İsmayılov) qızların qılınclarla ifası - qılıncların “işıqlanması” idi. Döyüşkən, mübariz ruhlu qadınlar qılınclarını başları üzərində yellədikcə incə ruhun mübarizlik əzmkarlığı effektiv görünürdü.
Öz partiyalarını ustalıqla ifa edən opera solistlərimiz - xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyev, Əməkdar artist Yelena Skomoroşenko, aparıcı solist Anar Mikayılov və başqalarının oyun üslubu maraqlı idi. Bu mənada Anar Mikayılovun mənfi obrazda inandırıcı çıxışı peşəkarlıq nümayişi idi.
Baletin uğurunda və bütünlükdə emosiyalarının ifasında orkestrin də əməyi danılmazdır. Kollektiv Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi musiqisinin monumentallığını, incə və zəngin milizmalarını, baletin ideyasını xırdalıqları ilə ifadə edə bilirdi.
Tamilla Şirəliyevanın yetirmələri isə hər partiyanın öhdəsindən ustalıqla gələrək xoreoqrafın bütün tələblərini tamaşaçıya çatdıra bildilər. Baletmeysterin yüksək peşəkarlığı və işinə vurğunluğu bu fərqli, milli elementli baletin təsir gücünün artmasında öz sözünü dedi.
Əsrarəngiz balet və orijinal xoreoqrafiya sürəkli alqışlarla mükafatlandırıldı və bayırdakı soyuq, qar yerini isti, səmimi tamaşaçı sevgisinə verərək səhnədən kənara “daşındı”.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 6.