Əbədi
azadlıq şərqisi
Həyatı ilə
bir tarix, mərhələ,
örnək olan insan anadan olmasının 130 illiyində sevgi və ehtiramla
anıldı
Bu, zaman və məkan anlayışlarına sığmayan, hürriyyətin səadətində məsud yaşamaq, Vətən adlı sevgiliyə əbədi sevdalanmaq və ondan uzaqda, vüsala qovuşmadan, adını dodaqlarına həkk edərək həyatla vidalaşmaq nəsibi yaşayanın şərqisidir. Doğma məmləkətinə azadlıq şivəsi, istiqlal anlayışı, müstəqillik reallığı gətirən, qısa zaman kəsiyində dünyaya biz varıq deyə car çəkən və bütün ömrünü bu yolda fəda edən Məhəmməd Əmin Rəsulzadənin arzusudur.
Onun aydın Vətən səmalarında görmək istədiyi, bir kərə yüksəlib, bir daha enməyəcəyinə inandığı üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının dövlət rəmzidir. Prezident İlham Əliyevin sərəncamına əsasən böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində qeyd olunması bu tarixə, Cümhuriyyətə, şanlı keçmişimizə sayğı və ehtiram nümunəsidir.
* * *
Yanvarın 31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığıyla Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli mərasim keçirildi. Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
İştirakçılar əvvəlcə teatrın foyesində M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış oldular.
Mərasimi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli açaraq “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” ölkə Prezidentinin 22 noyabr 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri əsasında tədbirlər planı hazırlandığını bildirdi. Keçirilən yubiley mərasimlərində görkəmli dövlət xadiminin həyat salnaməsinin vərəqləndiyini və onun xalqı qarşısında xidmətlərinin ehtiramla anıldığını vurğuladı. Bildirildi ki, xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlətçiliyin dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında Rəsulzadənin böyük xidmətləri var. Rəsulzadənin milli istiqlal ideyalarının yayılması, milli dövlətçilik, müstəqillik carçısı kimi yorulmaz fəaliyyətindən bəhs edən natiq onun mühacirət illərində də bu amala xidmət etdiyini, qəlbinin hər zaman Vətənlə döyündüyünü bildirdi.
Məhəmməd Əmin Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov xalqa azadlığın şirinliyini daddıran, onu dünya dövlətləri sırasında müstəqil, suveren dövlət kimi təqdim edən görkəmli ictimai-siyasi xadimin həyat yolundan söz açdı. Onun xalqı qarşısındakı xidmətlərinə görə daim böyük məhəbbətlə, hörmətlə xatırlandığını dedi. 60 ildən artıq bir dövrdə Rəsulzadə irsini tədqiq etdiyini bildirən professor onu xalqın yetişdirdiyi liderlərdən biri kimi dəyərləndirdi.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar zəngin, faciəli və şərəfli bioqrafiyası olan Məhəmməd Əmin Rəsulzadənin publisistik yaradıcılığının, ədəbi nümunələrinin də çox qiymətli olduğunu bildirdi. Onun bütün siyasi çətinliklərdən, sınaqlardan keçərək öz bütövlüyünü, şəxsiyyətini qoruya bildiyini və Vətəninə sevgisinin daim həyatının əsas qayəsi olduğunu vurğuladı.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov çıxışında Məhəmməd Əmin Rəsulzadənin çoxşaxəli fəaliyyətindən, onun siyasi publisistikasının ictimai fikir tariximizdə rolundan danışdı. Bildirildi ki, Rəsulzadə müxtəlif ölkələrdə və ideoloji mühitlərdə yaşamasına baxmayaraq, ömrünün sonunadək azərbaycançılığı hər şeydən uca tutub. Onun siyasi fəaliyyəti kimi elmi, ədəbi irsi də son dərəcə zəngindir və bir-birini üzvi surətdə tamamlayır.
Yubiley mərasimində görkəmli dövlət xadiminin nəvəsi Rais Rəsulzadə çıxış edərək babasının xatirəsinə göstərilən böyük diqqət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Silsilə tədbirlərin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun dövlətimiz var olduqca hər zaman xatırlanacağını dedi.
* * *
Tədbir maraqlı kompozisiya, Məhəmməd Əmin Rəsulzadənin obrazının da canlandırıldığı səhnələrlə, musiqili, poeziyalı məqamlarla, tarixi gerçəkliklərin bədii, obrazlı həlli ilə yadda qaldı. Səhnədə şanlı bayrağımız dalğalandı, müstəqilliyin elan olunması, uğurları, sevincləri və süqutu, üzüntülü sonucu canlandırıldı. Əməkdar artist Füzuli Hüseynovun canlandırdığı Rəsulzadə obrazı böyük insanın ideallarının, arzu və istəklərinin, sevincinin, qəhərinin, vətəndən uzaqda keçən acılı-şirinli günlərinin, apardığı yorulmaz mübarizənin və əbədiyyətlə salamlaşan cismani sonun çox təsirli, inandırıcı ifadəsi idi.
Böyük ideallar carçısının həyatı, milli istiqlal və dövlətçilik fəaliyyəti şeir nümunələrində, poetik incilərdə, Nizami Gəncəvidən Əhməd Cavada, Məmməd Arazdan xalqın bayatı dilinə qədər dərin, təsirli bir yol aldı.
Peşəkarlıqla seçilmiş və ifa olunan musiqi nümunələri Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətində təkrarsız idi. Asəf Zeynallının “Ölkəm” (solist Əməkdar artist Aygün Zeynalova), Üzeyir Hacıbəylinin “Sevgili canan” (Xalq artisti Samir Cəfərov) romansları, dahi Üzeyir bəyin sevgi ilə nota köçürdüyü “Çırpınırdın, Qara dəniz” (Əməkdar artist Azərin), eləcə də muğam kompozisiyası (Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova), Qara Qarayev, Fikrət Əmirov yaradıcılığından musiqilər ecazkar ortam yaratdı.
Üzeyir bəyin “Şəbi-hicran”ı Dövlər Xor Kapellasının kiçik heyətinin (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), “Cəngi”si Mahnı və Rəqs Ansamblının rəqs qrupunun ifasında maraqlı və baxımlı idi. İstiqlal şairi Əhməd Cavadın sevgili “Şükriyyə”si (solist Xalq artisti Azər Zeynalov), Elza İbrahimovanın “Ey, Vətən”i (Ramil Qasımov) və sonda Müslüm Maqomayevin bənzərsiz “Azərbaycan”ı (İlham Nəzərov) duyğuları riqqətə gətirdi. Rəsulzadənin obrazını elə obraz olaraq böyük peşəkarlıq və sevgi ilə yaradan Füzuli Hüseynovun - Rəsulzadənin vida səhnəsi, istiqlal carçısı Almas İldırımın məşhur “Əsir Azərbaycanım” şeirini səsləndirməsi və göz yaşlarına hakim ola bilməməsi hər kəsi təsirləndirdi, kövrəltdi.
Beləcə, həyatı ilə bir tarix, mərhələ, örnək olan insan anadan olmasının 130 illiyində layiq olduğu sevgi və ehtiramla anıldı.
Həmidə
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 8.