“Gəncləşən
muğam”: əbədi sənət
Fevralın 2-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində “Gəncləşən muğam-5” adlı konsert təqdim edildi.
Tamaşaçılar əvvəlcə sarayın foyesində gənc rəssamlar Ayan Əziz, Samirə Rəsulova, Diləfruz Bağırova, Cəsar Məmmədov və Aynur Məmmədovanın əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Konsertdən öncə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, “Gəncləşən muğam” layihəsinin rəhbərləri - Xalq artisti Mənsum İbrahimov və əməkdar artistlər - tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədov səhnəyə çıxdılar.
Siyavuş Kərimi ənənəvi olaraq artıq beşinci dəfə gerçəkləşən konsertin əhəmiyyətindən danışaraq bildirdi ki, layihənin adı yaşı min illərlə ölçülən muğam sənətimizin gənclərin ifasında gəncləşdiyini əks etdirir. Layihənin əhatə dairəsi ildən-ilə genişlənir. Budəfəki konsertdə 2005-ci ildən başlayaraq keçirilən muğam müsabiqələrinin qalibləri, diplomantları və sənətə yeni qədəm qoyan gənclər iştirak edirlər: “Layihədə iştirak etmək istəyən ifaçıların sayı hədsiz dərəcədə çoxdur və bütün arzu edənləri dəvət etsək, onda bu layihəni bir neçə gün davam etdirə bilərik”.
Hər il Gənclər Gününə həsr edilən bu konsertlərin gənc ifaçıların yaradıcılıq hesabatı olduğunu vurğulayan Mənsum İbrahimov bildirdi ki, muğam sənətinə göstərilən diqqət və qayğı sonsuzdur və bunun nəticəsində gənclərin sənətə marağı ildən-ilə artır. Muğamın ölkəmizdə və onun hüdudlarından kənarda təbliğində və tanıdılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolu var.
Qeyd olundu ki, budəfəki layihəyə 12 yaşından 35-36 yaşadək - müxtəlif qrupları əhatə edən ümumilikdə 51 xanəndə cəlb olunub: “Konsertdə Azərbaycan Milli Konservatoriyasının, musiqi kollecinin və böyük sənətkarlarımızın tələbələri iştirak edirlər. Budəfəki ifalar teatrlaşdırılmış kompozisiya şəklində təqdim olunacaq. Konsertə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib”.
Konsertin hazırlanmasında göstərdiyi köməyə görə xanəndə Təyyar Bayramov və musiqi kollecinin direktoru Nazim Məmmədova təşəkkürünü bildirən Mənsum İbrahimov proqrama “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarından da parçalar daxil edildiyini diqqətə çatdırdı.
Sonra səhnə
gənc ifaçılara
verildi. Xanəndələrin qrup şəklində
ifaları və operalardan nümayiş olunan səhnələr tamaşaçılarda böyük
maraq yaratdı. Muğamlarımız, şikəstə və təsniflər bir-birini əvəzlədikcə
Azərbaycan muğamının
ecazkar qüvvəsi tamaşaçıları öz
sehrli aləminə səyahətə aparırdı.
Gənc xanəndələrin ifaları
zamanı səhnədə
quraşdırılan ekranda
korifey sənətkarların
fotoları canlanır,
hər muğama öz möhürünü
vuran unudulmaz xanəndələrimiz onların
yollarını davam etdirən gənclərə
bir növ örnək verir və sənət yaddaşımızı unutmamağa
çağırırdı. Cabbar Qaryağdı, Üzeyir Hacıbəyli, Qurban Pirimov, Rübabə Muradova, Şövkət Ələkbərova
və digər sənətkarlarımız yad
edildilər. Nümayiş olunan operalardan
“Şah İsmayıl”ı
gənclər xüsusi
şövqlə ifa edərək tamaşaçıların
sürəkli alqışlarına
layiq görüldülər.
Üç saatadək davam
edən konsert proqramı muğamsevərlərdə
zəngin təəssürat
yaradaraq Azərbaycan Gəncləri Gününə
gözəl hədiyyə
oldu.
L.Azəri
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 9.