“Füzuli
bizim üçün
Azərbaycanın bələdçisidir”
“Diplomatik
əlaqələrimizin qurulmasının 40 illiyi
münasibətilə Bakıda İraq mədəniyyəti
həftəsi keçiriləcək”
İraq qədim dövrlərdən bəşər sivilizasiyasının beşiklərindən biri olub. Dəclə və Fərat çayları arasında yerləşən bu bərəkətli torpaqda meydana gələn qədim dövlətlər - Babil, Finikiya dünya mədəniyyətinə böyük töhfələr bəxş edib. İlk əlifba, ilk yazılı qanunlar məhz buradan dünyaya yayılıb. Vaxtilə dünyanın yeddi möcüzəsindən biri olmuş “Semiramidanın asma bağları»nın da vətəni İraqdır. Bu torpaqda yaranan sivilizasiya qonşu ölkələrə də təsirsiz ötüşməyib. Hələ qədim dövrlərdən Azərbaycanla İraq arasında mədəni əlaqələr qurulub, ortaq dəyərlər, adət-ənənələr ölkələrimizi yaxınlaşdırıb.
İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrakla söhbətimizdə ölkələrimiz arasındakı əlaqələrin tarixinə və bu gününə nəzər saldıq.
- Cənab səfir, qədim tarixə, zəngin mədəniyyətə malik olan, bir sıra ortaq dəyərləri bölüşən ölkələrimiz arasında əlaqələri necə xarakterizə edərdiniz?
- İraq ilə Azərbaycan arasında diplomatik münasibətlər üç mərhələyə şahidlik edir. Birinci mərhələ 1974-cü ildən başlayaraq Azərbaycanın müstəqilliyinə qədər olan dövrü əhatə edir ki, bu illərdə İraqın Bakıda konsulluğu fəaliyyət göstərib. Həmin vaxtlar Azərbaycanda diplomatik təmsilçiliyimiz çox vacib idi. Çünki yüzlərlə iraqlı tələbə Bakının müxtəlif ali məktəblərində təhsil alırdı. 2003-cü ilə qədər davam edən ikinci mərhələ isə o qədər də aktiv hesab olunmur. Bildiyiniz kimi, həmin illərdə İraq blokada şəraitində yaşayırdı. Nəhayət, diplomatik əlaqələrimizdəki üçüncü mərhələ 2003-cü ildən bu günə qədər davam edir və hazırda ən yüksək mərhələyə daxil olub.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 40 ili tamam olur. Bu münasibətlə Bakıda İraq mədəniyyəti həftəsi keçirməyə hazırlaşırıq. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirin detallarını müzakirə etmişik və yəqin ki, mədəniyyət həftəsi may-iyun aylarında baş tutacaq. Tədbirlər çərçivəsində hər gün İraq mədəniyyət nümunələrindən biri təqdim olunacaq. İraq muğamı, folkloru, milli geyimlərimiz, təsviri sənət nümunələri, rəqs, mahnı, film və həmçinin mətbəximiz təqdim ediləcək.
- Mədəniyyət tədbirlərindən söz düşmüşkən, bu sahədə əlaqələrimizin səviyyəsini qənaətbəxş saymaq olarmı?
- Bizim ümumi olan çoxlu dəyərlərimiz var. Azərbaycandan zaman-zaman insanlar İraqa gəlib, Nəcəf, Bağdad, Kərbəla şəhərlərində təhsil alıb, dini, dünyəvi elmləri öyrəniblər. Onların arasında dövrün tanınmış ruhaniləri, tarixçiləri, filosofları olub. Azərbaycanın böyük şairi Məhəmməd Füzuli Bağdadda yaşayıb-yaradıb. Füzuli ölkələrimizi bağlayan mühüm faktdır. O, İraq tarixində görkəmli ədəbi şəxsiyyətlərdən biri olub. Şairin məzarı Kərbəla şəhərindədir və müsəlmanların ziyarət etdikləri məkanlardan biridir.
Hazırda İraqda yaşayan, ərəb və kürdlərdən sonra ölkənin üçüncü əsas etnik qrupu hesab olunan türkmənlərlə azərbaycanlılar eyni kökə malikdirlər və onlar bizi birləşdirən növbəti bağdır. Qeyd etdiyim kimi, mədəni əlaqələr baxımından bizim çox zəngin mirasımız var. İraq böyük mədəniyyətə malik olmaqla yanaşı, bu gün mövcud olan bir çox sivilizasiyaların tarixi məkanıdır. Azərbaycan da tarixən Şərqlə Qərbin kəsişməsində qərar tutub. Böyük İpək Yolu Azərbaycandan keçərək bizim torpaqlara gəlib çatıb.
Bu gün mədəni sahədə əlaqələrimizin inkişafı üçün geniş imkanlar var. 2011-ci ildə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşümüzdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr apardıq. Cənab nazir ölkələrimizin bir-birinə tarixi əlaqələrlə bağlı olduğunu vurğuladı, səmərəli fikir mübadiləsi apardıq. İki ölkə arasında turizm sahəsində əlaqələrin, xüsusən də dini ziyarətlərin aktivləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalanmaq barədə razılığa gəldik və həmin il bu sənəd imzalandı.
Biz özümüz də səfirlik olaraq mədəniyyət tədbirləri keçiririk. Məsələn, Bakı Dövlət Universitetində və Qafqaz Universitetində İraq mədəniyyəti günü keçirmişik.
- İraqla Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, sadə iraqlılar ölkəmizə nə dərəcədə maraq göstərirlər?
- Əlbəttə, mədəni əlaqələrimizdən biri də din birliyimizdir. Azərbaycanda İraq dini turizminə maraq ildən-ilə artır. İnsanlar Kərbəla və Nəcəf şəhərlərinə gedərək, müqəddəs yerləri ziyarət edirlər. Məkkəyə gedən qədim Həcc yolu da İraqdan keçir. Eyni zamanda, biz iraqlı turistləri Azərbaycana cəlb etmək istəyirik. Çünki Azərbaycan İraq vətəndaşları üçün yad ölkə deyil. Biz bu ölkəni öz ədəbiyyatımızdan tanıyırıq. Bayaq qeyd etdiyim kimi, Məhəmməd Füzuli İraqda çox məşhurdur və o bizim üçün Azərbaycanın bələdçisidir. Səfirlik olaraq Azərbaycanı İraqda gözəl turizm ölkəsi kimi təqdim edirik. 2003-cü il çevrilişindən sonra insanlarımızın həyatında əhəmiyyətli dəyişiklik baş verdi. Onların maliyyə durumu yaxşılaşdı və indi pullarını xərcləmək istəyirlər. Biz ölkəmizdə qeyd edirik ki, Azərbaycanın qapıları iraqlı turistlərin də üzünə açıqdır. İki ölkə arasında birbaşa təyyarə reysi açmağa hazırlaşırıq və bunun özü də turizm əlaqələrinin inkişafına kömək edəcək. İki ölkənin vətəndaşları təyyarə ilə cəmi 2 saata mənzil başına çatacaqlar. Bununla da turistlər həm vaxta, həm də pullarına qənaət edəcəklər. Ümumiyyətlə, 4 reys nəzərdə tutulub: Bakı-Ərbil, Bakı-Bağdad, Bakı-Nəcəf və Bakı-Bəsrə. Birbaşa təyyarə reysinin olması həm də turistlərin təhlükəsizliyini təmin etmiş olacaq. Artıq İraqdan Türkiyə, Gürcüstan Avropaya birbaşa uçuşlar var.
- İraq bəşər sivilizasiyasının mərkəzlərindən olub və qədim abidələrlə zəngindir. Bu baxımdan ölkələrimiz arasında mədəni turizmi inkişaf etdirmək mümkündürmü?
- Əlbəttə, İraqda şimaldan cənuba qədər minlərlə mədəniyyət abidəsi var. Hazırda hökumət tarixi-mədəni yerlərin qorunması ilə bağlı layihə üzərində işləyir. Biz müxtəlif ölkələrdən çoxlu turistlər qəbul edirik. Onlar İraqda Babili, İbrahim peyğəmbərin yaşadığı Huru görə bilərlər. Eyni zamanda İraqın şimalında, Ərbil və Süleymaniyə şəhərlərində də çoxlu müasir turizm məkanları, kurortlar, hotellər var. Ölkəmizdə çoxlu azərbaycanlı iş adamına rast gəlmək olar. Biz mədəni turizmin inkişafına böyük ümid bəsləyirik. Əlbəttə, din və mədəniyyət hər zaman bir-birinə bağlıdır və bir-birini inkişaf etdirir.
- Siz özünüz bizim bölgələrimizə səfər etməyə necə, vaxt tapmısınızmı?
- Azərbaycan gözəl təbiətə malik bir ölkədir. İnsanları çox qonaqpərvərdir. Burada olduğum müddətdə Gəncə, Şəki, Qəbələ, Quba, Şamaxı şəhərlərində olmuşam. Qəbələ və Lənkəran çox xoşuma gəlib. Bakı müasir, inkişaf etmiş şəhərdir. Axşamlar boş vaxtımız olanda ailəliklə Bibiheybət tərəfdən dənizi seyr edirik. Çünki dəniz suyu burada daha təmizdir, sahil isə sakit olur.
- Azərbaycan mətbəxi ilə aranız necədir?
- Qeyd edim ki, mətbəxlərimiz oxşardır. Mən Bakıya gələndən sonra gördüm ki, yeməklərimiz arasında, demək olar ki, fərq yoxdur. Mətbəxinizdə bütün yeməklər dadlı və gözəldir. Lakin daha çox düşbərəni bəyəndim. İraqda müxtəlif şorba növləri hazırlansa da, düşbərə bişirilmir. Bu yemək, doğrudan da, dadlıdır və mən çox vaxt düşbərə yeyirəm.
- Cənab səfir, ölkəmizi tərk edərkən xatirə olaraq özünüzlə nə aparmaq istərdiniz?
- Böyük Azərbaycan
xalçası və bir samovar
aparacağam, artıq onları
seçmişəm. Bizdə də samovar var, lakin mən burda 100 yaşlı samovar
almışam. Həm də onları
Azərbaycanı daim bizə xatırladan simvolik əşyalar kimi qoruyub-saxlayacağam.
Mehparə
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 10.