Xalça ornamentləri zərgərlik əsərlərində

 

Şəhərin mərkəzi küçələrindən birində diqqətimi üzərinə «Rəsm» yazılmış kiçik mağaza cəlb etdi. İçəri daxil olduqda maraqlı mənzərə ilə qarşılaşdım. Hər tərəfdə zərgərlik məmulatlarında işlənmiş, bərq vuran xalça ornamentləri, nəfis nümunələr göz qamaşdırırdı. Mağazanın sahibi Rəsminə Qürbətova təəccüblə baxdığımı görüb, «Əgər maraqlanırsınızsa, sizə məlumat verə bilərəm» - deyə gülümsündü.

«Rəsm»i bir zərgərlik brendi kimi təqdim edən həmsöhbətim bildirdi ki, «Azərbaycan xalçaları» kolleksiyası orijinal dizaynı ilə dünyada tanınan xalça ornamentlərimizi əks etdirir. Müəllif zinət əşyalarının hazırlanmasında “Qoç buynuzu”, “Əfşan”, “Ərciman”, “Çanta”, “Əjdaha”, “Fındığan”, “Heris”, “Kaşı”, “Kilim gülü”, “Kufi”, “Malıbəyli”, “Simurq” və s. kimi xalça növlərinin naxışlarından istifadə edib.

Kolleksiyada 150-dən artıq bəzək əşyası var. Onların əksəriyyəti qadınlar üçün nəzərdə tutulub. Həmçinin kişilər üçün qol düymələri də var.

 

Kolleksiyanın mahiyyəti müxtəlif sənət formalarının vəhdətidir

 

Rəsminə xanım deyir ki, ölkəmizdə xalçaçılığın inkişafı üçün hər cür təbii şərait var. Buraya xalça ustalarının yaradıcı təxəyyülünü və yorulmaz əllərinin zəhmətini də əlavə edəndə ortaya əsrarəngiz sənət əsərləri çıxır. Təsadüfi deyil ki, UNESCO Azərbaycanı dünyada xalçaçılığın mərkəzlərindən biri kimi tanıyıb, milli xalçaçılıq sənətimiz bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınıb: “Xalçalar onları yaradanların həyat təcrübəsini, estetik zövqlərini, duyğularını əks etdirir. Elə buna görə də Azərbaycan xalçaları bu qədər canlı, mənaca dolğun, bədii cəhətdən zəngindir. Bu xüsusiyyətlər xalçalarımızın digər sənət ənənələri ilə əlaqəsini göstərir. Bu kolleksiyanın mahiyyəti də bundadır: müxtəlif sənət formalarının vəhdətinə nail olmaqxalça naxışlarının yeni ornamental təzahürünü yaratmaq. Hər bir naxışın öz mənası var. Məsələn, xalçalarda çox istifadə edilən qərənfil gülünün simvolik mənası xoşbəxtlik rəmzidir. Xalçalarımızda Simurq quşu təsvirləri çox yayılıb. Mən də bu təsvirlərdən istifadə edirəm. Zinət əşyalarını hazırlayarkən çalışmışam ki, xalçalarımız bütün gözəlliyi ilə burada öz əksini tapsın».

Qeyd edək ki, xalçalarda istifadə olunan zəngin rəng palitrasını canlandıran bu əl işləri xalça naxış və kompozisiyalarının mənasını açaraq onların gözəlliyini zərgərliyə xas olan üslubda ifadə edir. Hər bir nümunə onu tərənnüm edən ornamentin mənasını açantarixini izah edən yazı ilə birlikdə təqdim olunur.

Məsələn, üzərində Simurq və əjdaha təsviri olan bəzək əşyasının yanında belə bir məlumat yazılıb: «Bu əşya öz adını hazırda Berlində nümayiş olunan «Simurqla əjdahanın döyüşü» adlı məşhur XV əsr Qazax xalçasından alır. Türk xalqlarının sənət ənənəsində Simurq əzəmət, cah-cəlal, əjdaha isə inamgüc rəmzidir. Bəzi yozmalara görə, əjdaha və Simurq müvafiq olaraq odyel ünsürlərini təmsil edirlər».

 

«İstəyirəm, bəzək əşyasına baxanlar onun üzərindəki naxışı duya bilsinlər»

 

«Bəs nə üçün məhz zinət əşyalarını seçdiniz?» - deyə soruşuruq. Həmsöhbətimiz deyir ki, Azərbaycan xalçaları çox dəyərlidir. Bu dəyərin digər sənət əsərində əks etdirilməsi və zinət əşyaları vasitəsilə milli irsimizin daha da əbədiləşməsi geniş təbliğat imkanı yaradar: «Xalçalarımızdakı ornamentləri çox sevirəm. Əvvəllər geyimlərimin üzərinə xalçalardan kiçik bir naxış əlavə edirdim. Sonra bunu zərgərlik məmulatlarına tətbiq etdim. Bu daha gözəl alınırdı. Çox maraqlı bir paralel var - insanlar həyatlarının ən önəmli anlarını ilmələr vasitəsilə xalçaya köçürürlər. Hətta keçmişdə ailə qurmazdan əvvəl qız gərək özü üçün bir xalça toxuyardı və məncə, toxuyarkən qəlbində olan hisslərini, ümidlərini məhz xalça üzərində əks etdirirdi. Zinət əşyaları da əlamətdar anların rəmzidir. İnsanlar onları bir-birinə sevgi, dostluq hisslərini bildirmək üçün hədiyyə edirlər. Bu kolleksiyanın da mahiyyəti həmin hisslərin sinerjisini yaratmaqdır”.

Rəsminə xanım naxışları dəqiqliyi ilə əks etdirmək üçün xalçaçılarla əlaqə saxlayır, mütəxəssislər tərəfindən yazılmış kitablardan istifadə edir: «İstəyirəm, bəzək əşyasına baxanlar onun üzərindəki naxışı duya bilsinlər».

Xalça sənəti mədəniyyətimizin önəmli hissəsini təşkil edir. Xalçalarımızın üzərindəki naxışların zinət əşyalarına köçürülməsi və onların paytaxtımıza gələn xarici qonaqlara da nümayiş etdirilməsi eyni zamanda mədəni turizmə xidmət edir. Çünki turizmlə mədəniyyət həmişə bir-birinə bağlı olub. Onların birinin təbliği digərinin də tanıdılması deməkdir. Rəsminə xanım gələcəkdə bu zinət əşyalarını xarici ölkələrdə də təqdim etmək istəyir: «Mağazaya gələnlər arasında xarici ölkə vətəndaşları da çoxdur. Onlar demək olar ki, bütün naxışların mənasını soruşurlar. Düşünürəm ki, bu yolla eyni zamanda xalçalarımızı, bu zəngin sənətimizi bir daha təbliğ etmiş olarıq”.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 12.