Yaddaşlarda izi,
könüllərdə yeri var
Münəvvər
Kələntərli otuz illik
sənət ömründə yaddaqalan obrazlar qalereyası yaradıb
Teatr və kino tariximizdə çoxcəhətli fəaliyyəti, yaratdığı obrazların daxili dünyasını özünəməxsus çalarlarla təqdim etməyi bacaran, fərdi yaradıcılığı ilə seçilən və sevilən sənətkarlarımızdan biri də Münəvvər Kələntərlidir. Fevralın 5-i unudulmaz aktrisanın xatirə günüdür.
Münəvvər Səməd qızı Kələntərli 1912-ci ildə Lənkəranda dünyaya göz açıb. Kiçik yaşlarından çılğınlığı, fəallığı ilə ailədə və rəfiqələri arasında fərqlənib, şirin və məlahətli səsi ilə hamıda özünə rəğbət oyadıb. Həmin dövrdə Bakıda yaşayan qardaşı Haşım Kələntərli muğam və xalq mahnılarımızın gözəl ifaçılarından biri kimi tanınırdı. Onu da deyək ki, Münəvvər xanımın Bakıya gəlməsində, sənət aləmində parlamasında qardaşının həyat yoldaşı Yavər Kələntərli (Zamanova) böyük rol oynayıb. O, Münəvvərin məlahətli səsi olduğunu görür, onu Bakıya çağırır. 1929-cu ildə paytaxta gələn Münəvvər xanım qardaşı ilə konsertlərdə xalq mahnılarını, xüsusilə də Lənkəranda dəbdə olan el nəğmələrini (“Aman, nənə”, “Kişmiri şal”, “Lolo”) həzin səslə ifa edirlər. Ustad tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğam oxuyurlar.
Onların həzin və məlahətli səsi hər kəsdə dərin maraq doğurur. Bundan xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə Münəvvər Kələntərlini operaya dəvət edir. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli və Leylinin anası rollarını oynayır. “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsun”da Sənəm obrazlarını yaradır.
Münəvvər Kələntərli üçün o dövrün görkəmli sənətkarları ilə tərəf-müqabil olmaq çox maraqlı idi. Lakin onun ürəyindən başqa bir teatrda çalışmaq keçir. Çox keçmir, bu arzusuna qovuşur, sorağı Musiqili Komediya Teatrından gəlir. Bu teatrın səhnəsində Fikrət Əmirovun “Gözün aydın”, Süleyman Ələsgərovun “Ulduz”, Tofiq Quliyevin “Qızılaxtaranlar”, Səid Rüstəmovun “Durna”, Azər Rzayevin “Aya səyahət” və başqa tamaşalarda müvəffəqiyyətlə çıxış edir. Səhnə ömrünü yaşadığı Gövhər, Tamam, Xədicə, Nisə və başqa obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. O, səhnədə tamaşaçını güldürməyi də, düşündürməyi də ustalıqla bacarıb. Geniş yaradıcılıq imkanlarına malik aktrisa təbiətən ciddi insan olsa da, deyib-gülməyi, yerində şənlənməyi, duzlu-məzəli danışmağı varmış. Bu səbəbdən də yaratdığı hər bir obraza özünün möhürünü vurub. İstər rejissorlar, istərsə də həmkarları onun roldan-rola necə dəyişdiyindən, başqalaşmaq keyfiyyətindən həmişə maraqla söz açıblar.
Münəvvər Kələntərlini könüllərdə yaşadan, şübhəsiz ki, daha çox bədii filmlərdə yaratdığı obrazlardır. Onun kino aktrisası kimi fəaliyyətindən bəhs edərkən 1945-ci ildə ekranlara çıxan “Arşın mal alan” filmini xüsusi qeyd etmək gərəkdir. Üzeyir Hacıbəyli filmə çəkiləcək aktyorları özü müəyyən edirmiş. Cahan xala obrazı da Münəvvər xanıma tapşırılır. Film ekranlara çıxmazdan əvvəl Moskvada ictimai baxış olur və təqdir edilir. Yaratdığı Cahan xala obrazına görə, aktrisa SSRİ Dövlət mükafatına layiq görülür. Sonralar “Görüş”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Bəxtiyar” filmlərində də unudulmaz obrazlar yaradır. Tamaşaçıların da rejissorların da sevimlisinə çevrilir. Görkəmli rejissor Adil İsgəndərov söhbətlərinin birində belə deyib: “Mina, bu camaat ən çox səninlə işləyəndə istirahət edir”.
Araşdırmalardan məlum olur ki, Münəvvər Kələntərlinin yaradacağı obrazlara özünəməxsus yanaşması olub. Təqdim olunan surətin xarakterində öz təbiətinə uyğun bir nüans taparaq onu təbii yaratmağa səy göstərib. İfa vaxtı obraza elə daxil olarmış ki, sanki özünü çəkiliş meydanında deyil, həyatda hiss edərmiş. “O olmasın, bu olsun” filminin çəkilişi zamanı yengə (Münəvvər Kələntərli) qapının arxasında dayanaraq açar yerindən içəri baxmağa çalışır. Qəflətən qapı açılır və aktrisa yıxılır. Həmin vaxt Münəvvər Kələntərlinin çeçələ barmağı sınır. Qışqırtısı da son dərəcə təbii və təsirli alınır.
Xalq artisti Nəsibə Zeynalova müsahibələrinin birində onun sənətkarlığını və insani keyfiyyətlərini yüksək qiymətləndirib: “Musiqili Komediya Teatrında Münəvvər xanımla “Ər-arvad”, “Evli ikən subay”, “Qızılaxtaranlar” və başqa tamaşalarda tərəf-müqabil olmuşam. “Arşın mal alan”da Cahan xalanı Münəvvər xanım oynayırdı. O, yenidən operaya qayıtdıqdan sonra bu rol mənə həvalə olundu. Doğrusu, bu rola bir qədər ehtiyatla yanaşırdım. Çünki onu Münəvvər xanım kimi böyük aktrisa yaratmışdı. Mənə tez-tez deyərdi: “Qorxma, Nəsibə, çıx oyna. İnan mənə, bu rolu sən məndən də yaxşı oynayacaqsan”. Onun bu xeyirxahlığı, ürəyinin təmizliyi, başqasına ürək-dirək verməsi çoxlarına səhnədə inamlı, qəti addımlar atmağa kömək etmişdir”.
Münəvvər xanım 25 yaşında ailə qurur və qız övladı dünyaya gəlir. Ancaq bu izdivacın ömrü çox da uzun olmur. Həyat yoldaşı Bakıda deyil, Qusarda yaşamağa üstünlük verir. Münəvvər Kələntərli isə bildirir ki, sənətini atıb başqa yerə gedə bilməz. Bu səbəbdən də qızı Validə ilə şəhərdə qalmalı olur. Düzdür, onun sənətdə bəxti gətirib, xalq arasında böyük ehtiram və məhəbbətlə qarşılanıb. Amma taleyi o qədər də üzünə gülməyib. O, həmişə çox şən, nikbin, xoşbəxt görünməyə çalışıb. Həqiqətdə isə, belə olmayıb. Bir neçə dəfə müxtəlif cərrahi əməliyyata məruz qalıb. Tamaşaçıların sevimli səhnə və ekran ulduzu, Əməkdar artist Münəvvər Kələntərli yaradıcılığının coşqun çağında, 1963-cü il fevralın 5-də belə əməliyyatların birində dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 15.