Bölgələrin turizm potensialı güclənir

 

Regionların inkişafı üzrə üçüncü Dövlət Proqramında turizm infrastrukturunun aradılmasına da mühüm yer ayrılacaq

 

Son beş il ərzində “Şahdağ” qış-yay turizm kompleksi, “Tufan” dağ-xizək mərkəzi yaradılıb. Yeni turizm zonaları yaradılır. Daxili turizmdə daha da böyük artım olacaq

Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib. Dövlət başçısı əvvəlcə 2004-2008 və 2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasından bəhs edən sərgi ilə tanış olub.

Konfransda giriş nitqi söyləyən Prezident İlham Əliyev dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarımızın böyük inkişaf yolu keçdiyini, şəhər, kənd və qəsəbələrin simasının dəyişdiyini, genişmiqyaslı quruculuq-abadlıq işlərinin görüldüyünü bildirib: Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. İki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edib. Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir”.

Son on il ərzində ölkə iqtisadiyyatına 160 milyard dollar investisiya cəlb edildiyini diqqətə çatdıran Prezident bu müddətdə bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini deyib: “Son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi. Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaq. Bu illər ərzində şəhərlərimiz abadlaşdı. Hər bir şəhərdə, hər bir rayonda parklar, xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar abadlaşır”.

Qeyd olunub ki, 10 ildə dövlət xətti ilə regionlarda sahibkarlara 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət proqramlarının icrası ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, bu müddətdə bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.

Proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilibya əsaslı təmir olunub. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olub.

Regionlarda 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Ötən müddətdə 14 beşulduzlu hoteldaxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaradıb.

Nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət proqramları çərçivəsində görülən işlərdən danışıblar.

Konfransda yekun nitq söyləyən Prezident İlham Əliyev növbəti 5 il ərzində görüləcək işlər, qəbul olunacaq üçüncü proqramın prioritet istiqamətləri barədə söz açıb. Bu sırada turizm sahəsinin də mühüm yer tutduğu vurğulanıb: “Bölgələrin turizm potensialı güclənir. Daxili turizm böyük dərəcədə artır və əminəm ki, xarici turizmdə də böyük artım olacaqdır. Artım var, amma hələ ki, istədiyimiz səviyyədə deyildir. Daha da böyük artım olacaqdır. Yeni turizm zonaları yaradılır. Son beş il ərzində “Şahdağ” qış-yay turizm kompleksi yaradılıbdır. Orada artıq dörd gözəl hotel fəaliyyət göstərir, bir hotel tikilir. Tufandağ-xizək mərkəzi yaradılıbdır. Onun ətrafında hotellər, beynəlxalq aeroport tikilibdir. Biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Naftalan vaxtilə ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Artıq iki gözəl hotel fəaliyyət göstərir, üçüncüsü tikilir. Qalaaltımüalicəvi mərkəzinin bərpası yekunlaşır. Bu da kurort turizminin inkişafı üçün çox vacib bir obyekt olacaqdır. Cənub qərb zonalarının, Naxçıvan Muxtar Respublikasının turizm potensialı kifayət qədər genişdir. Burada da böyük işlər görülür və görüləcəkdir”.

Prezident əmin olduğunu vurğulayıb ki, qəbul ediləcək növbəti - üçüncü proqram da vaxtında icra olunacaq və ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək.

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 2.