Sənətin ildırımlı yollarında

 

Dahi bəstəkar Qara Qarayevin anadan olmasının 96-cı ildönümü qeyd edildi

 

Fevralın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirildi.

İştirakçılar əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna yeni daxil olmuş materiallardan ibarət sərgiyə baxdılar.

Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq dünya şöhrətli bəstəkarın irsinin tədqiqi ilə bağlı görülən işlərdən danışdı. Bildirdi ki, bu yaxınlarda Moskva şəhərindəki teatrlarda dahi bəstəkarın irsi tədqiq edilərkən Qara Qarayevə aid bir sıra maraqlı materiallar əldə olunub: “Həmin materialları, o cümlədən M.N.Yermolova adına Moskva Dram, Mossovet adına Dövlət Akademik, Y.Vaxtanqov adına Dövlət Akademik Dram, Dövlət Akademik Kiçik teatrlarında səhnəyə qoyulmuş tamaşalara Qara Qarayevin yazdığı musiqinin not yazılarının surətlərini, proqramlarını, həmçinin fotoşəkillərinin surətlərini muzeyin fonduna təqdim etdik”.

Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açdı. Bildirdi ki, Qara Qarayev 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul olub. 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfində oxuyub. 1935-ci ildən konservatoriyanın bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları sinfində təhsilini davam etdirib. 1938-1940-cı illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində oxuyub. 1941-ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışıb.

1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində pedaqoji fəaliyyətə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdıqları “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı olub. OnunYeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot”, “Alban rapsodiyası” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması və s. dünya musiqi xəzinəsinə bəxş etdiyi incilərdəndir.

Böyük bəstəkar, pedaqoqictimai xadim Qara Qarayev sənətdə daim yeni axtarışlarda olub. Onun NizamininYeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri bir sıra ölkələrdə uğurla göstərilib. O, həmçinin gözəl müəllim olub, neçə-neçə görkəmli bəstəkar yetişdirib.

Çıxışlar slayd-şou ilə müşayiət olundu. Tədbirin sonunda Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim olundu.

 

Savalan

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 4.