Muğam müsabiqəsi qaliblərinin musiqi töhfəsi

 

Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Gəncliyin səsi” festivalı çərçivəsində daha bir musiqi axşamı keçirildi. Konsertdə “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivləri və IV muğam televiziya müsabiqəsi qalibləri iştirak edirdilər.

Maraqlı bir kompozisiya şəklində qurulmuş konsert proqramında gənc ifaçılar Sərxan Bünyadzadə, Mirpaşa Şükürov, Ayşən Mehdiyeva, Xətai Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramlı, Zümrüd Məmmədova çıxış etdilər. Onları Xalq artisti, tarzən Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edirdi.

Gənc ifaçılar muğamlarımızdan parçalar, “Şuşanın dağları”, “Ay gecikən məhəbbətim”, “Qaragilə” və digər mahnıları məharətlə ifa etdilər. Gözəl səhnə tərtibatı, milli geyimlər və ən əsası da dünya musiqi sənətinin şah əsərləri sırasına daxil olan muğamın qarşılıqlı vəhdəti tamaşaçılarda xoş əhval yaratdı. Biri-birindən gözəl ifalar insanı əsrarəngiz bir aləmə aparırdı. Yüksək şövqlə ifa olunan “Şuşanın dağları” mahnısı xüsusilə böyük alqış doğurdu, milli musiqimizin beşiyi sayılan Şuşanı, Qarabağı bir daha təsəvvürlərdə canlanırdı, xatirələri təzələdi.

Gənc ifaçılar alqışlarla qarşılanan gözəl çıxışları ilə milli musiqimizin, muğamımızın daha da inkişaf etdirilərək dünyaya tanıdılması yolunda uğurla addımladıqlarını nümayiş etdirdilər. Hər il Gənclər Gününə həsr edilən belə muğam konsertlərinin keçirilməsi gənc ifaçıların yaradıcılıq imkanlarının stimullaşdırılmasına töhfə verir. Tamaşaçılarda zəngin təəssürat yaradan konsert Azərbaycan Gəncləri Gününə gözəl bir hədiyyə idi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 5