Milli Dram Teatrında “Nazirin
xanımı”
Ağıllı qadınlar barədə həmişə qəribə
bənzətmələr uydurublar,
onu kişinin yaraşığı, xilası,
ucalığı, yolgöstərəni,
nə bilim, mayakı sayıblar. Qadının
məsuliyyətini artırmaq
və bununla da elə bəzi
kişilərin fərsizliyinə
don geyindirmək üçün
“Ağıllı qadın
ərini şah, ağılsız da zay edər” kimi bəhanələr də düzüb-qoşurlar.
Bu ağıl tərəzisində tarazlığı
pozan bir məqam da tamah
və hikkədir.
Bir də vəzifə, şan-şöhrət hərisliyi
ki, o da bizim qəhrəmanda.
Fevralın 5-də Akademik Milli
Dram Teatrında məşhur
serb yazıçı-dramaturqu
Branislav Nuşiçin
eyniadlı pyesi əsasında “Nazirin xanımı” tamaşası
yenidən səhnəyə
qayıtdı. 1970-ci ildə görkəmli rejissorumuz Tofiq Kazımovun tərcüməsində
və quruluşunda uzunmüddətli və uğurla səhnə həyatı qazanan əsərə bu dəfə Xalq artisti Mərahim Fərzəlibəyov fərqli
yanaşmağa çalışıb.
Onun quruluşunda tamaşaçı
axmaq, sadəlövh və əslində, bicliyindən çox gicbəsərliyini isbat edən qəhrəmanın
komik durumuna güldü və düşündü.
Hadisələr siyasi qovğalarla çalxalanan Serbiyada baş verir. Partiyadaxili münaqişələrin
baş alıb getdiyi ölkədə hökumət kabineti istefaya gedir. Mərəkə də bundan
sonra qopur. Uzun illər Portağal Partiyasında hap-goplar edən şöbə müdirini, hikkəli arvadının fərsiz dediyi kişini gətirib edirlər nazir. Amma bu da asanlıqla baş vermir. Zirəng katib Pera (Hacı İsmayılov) özünü qaranəfəs
çatdırır portağalçının
evinə ki, bəs onu saraya
çağırıblar, vəzifə
verəcəklər. Şöbə müdiri olan Popoviçin nazir olması üçün
ağanın silindri (baş geyimi) lazımdır. O da tapılmır ki tapılmır. Həyəcanlı arvad, oğul-uşaq
- hamı dəyir bir-birinə. Rejissor
ilk “zərbə”ni elə bu səhnə
ilə vurur. Evində papağı itən kişi,
nazir kürsüsündə
nəyini itirməyəcək
ki?!
Ərinin
fərsizliyi ucbatından
üç ay müəllimə
və qulluqçuya maaş verə bilməyən, hətta südsatana belə borclu qalan və
buna görə miqrensiz günü olmayan xanımın birdən-birə həyatı
dəyişir, eybəcər
çöhrəsini bir
az da dəyişən
eynəyi, başının
ləçəyi, yaxasının
önlüyü çıxıb
çox uzaqlara “gedir”. Onunla yanaşı sadəlövh
qızı, fərsiz,
vəzifəsində bir
pillə də qalxa bilməyən kürəkəni, dərslərini
oxumayıb dəcəlliyini
tərbiyəsizliklə əvəzləyən
oğlu, maaş
almadığına görə
sifəti beş qarış olan qulluqçusu, xəsis, pulgir xalası, tüfeyli dayısı da dəyişir.
Hər şeyi
dəyişməyə qərar
verən xanım əvvəlcə üst-başından
başlayır. Sonra başlayır kübar
qadın olmaq üçün davranış
qaydalarını öyrənməyə.
Beləcə, yerişi-duruşu, hərəkəti, zahiri görkəmi dəyişən
Jivka (Bəsti Cəfərova) dönüb
olur “nazir xanımı”. Onun növbəti
islahatı qızını
ərindən ayırmaq
olur. “Qərar
vermişəm ki, qızımı ərlikdən
geri götürüm”
- deyərək kürəkənini
nə qədər dilə tutub, şirnikləndirici təkliflər
versə də, bir fayda vermir,
tərs kürəkən
sevimli arvadından əl çəkmək istəmir. Qızı da ərindən
ayrılmağı düşünmür.
Amma bunların heç biri nazir xanımının
vecinə olmur və qızına yeni, “yüksək cəmiyyətə mənsub”
ər tədarükünə
başlayır. Diş
həkiminin tapdığı
namizədi, Nikaraqua konsulu gicbəsər Ristanı (Sabir Məmmədov) evlərinə
dəvət edir.
Bu minvalla nazir xanımının hökmranlığı
davam edir. Kimləri istəyir
vəzifəyə təyin
edir, kimisini sürgünə, uzaq şəhərlərə yola
saldırır. Artıq o istədiyi
hər şeyi dəyişib. Qalıb bircə
kürəkən. Hiyləgər qadın xidmətçi Ankadan (Məsmə Aslanqızı) istifadə
edərək kürəkəni
tora salmağa, bu yolla qızını
ondan ayırmağa çalışır. Əvəzində isə sadəlövh Rista tora düşür.
Qayınanasının özbaşınalığına
qəzetdə məqalə
dərc etməkdə
cavab verən kürəkən bununla da hər şeyi
alt-üst edir. Portağal Partiyası naziri vəzifədən qovur.
Rejissorun nazir Popoviçi səhnəyə yekə bir silindr kimi
gətirməsi, onu obraz olaraq təqdim
etməsi maraqlı və orijinal idi. Tamaşanın baş qəhrəmanı
Xalq artisti Bəsti Cəfərovanın
simasında özünün
əsas ifadəsini tapdı. Aktrisa birdən-birə həyatı dəyişən
Jivkanın buqələmun
hərəkətlərini, yeknəsəq üslubunu və gicbəsər bicliyini ustalıqla yaratdı. Qəhrəmanın tamaşanın finalında
dərin kədəri,
göz yaşlarıyla
qopardığı naləsi
və bitkin gedişi təsirli idi.
Tamaşanın ən maraqlı qəhrəmanlarından biri
yelbeyin nazir arvadlarına guya kübar cəmiyyət qaydalarını “öyrədən”
Ninkoviçdir (Əməkdar
artist Tofiq Hüseynov). Tofiq Hüseynov
həyasız, mədəni
əxlaqsız Ninkoviçi
elə ustalıqla yaradırdı ki, insan sadəcə heyran qalırdı.
Kürəkən Çeda Əməkdar
artist Aslan Şirinovun
təqdimatında hiyləgər
və həm də sadiq ər
kimi baxımlıdır. Aktyor ironiyalı
məqamlarda, xüsusən
də qaynanası ilə dialoqlarında, ifadə və jestlərində tamaşaçıya
gülüş bəxş
edən rabitə yarada bilirdi.
Nazirin ərköyün, tərbiyəsiz
və şən oğlu Raşanı səhnədə canlandıran
Vüsal Mustafayevə
gəlincə, o, əslində
tamaşada epizodik məqamlarla yaddaqalan rolu ilə tamaşaçıların
diqqətini cəlb etdi. Gənc aktyorun müəllimi
və anası ilə mübahisələri,
ümumən mizana hərəkət gətirən
oyunu baxımlı idi.
Vasa dayı
(Əməkdar artist Əjdər
Həmidov) tüfeyli,
lakin dürüst qocadır. Onun ambisiyalardan uzaq
balaca arzuları, hər dara düşəndə
cibindən çıxardığı
yaxın “dostu”, içki şüşəsi
ilə münasibəti
inandırıcıdır. Aktyor komik hərəkətlər
fonunda yaşlı insanın bitkin dramını yaradır.
Dünyadan xəbərsiz tacir Ritsa, şən-şaqraq Nikaraqua konsulunun səhnə həllində
çevik jestlər, rəqs elementləri qatmaq Əməkdar artist Sabir Məmmədov üçün elə də çətin deyil. Aktyor universal oyun üslubuna
malik olmasını bu dəfə də təsdiqləyir.
Epizodik rollarında
belə tamaşaçıya
nə isə ifadə etməyi bacaran Xalq artistimiz
Hacı İsmayılov
da yaltaq katib Peranın öhdəsindən bacarıqla
gəlir.
Nazir xanımının yöndəmsiz,
kobud xidmətçisi
Ankaya gəlincə,
o, Əməkdar artist Məsmə
Aslanqızını sanki
ilk anlar bir az sıxırdı.
Danışığında kobud, oğlansayağılıq
tələb edən obraz daha çox
ikinci hissədə göründü və aktrisa rola tam şəkildə girə bildi.
Digər
personajların - cüvəllağı
nazir oğluna nə isə öyrətmək istəyən
zavallı ingilis dili müəllimi (Əməkdar artist Firuz Xudaverdiyev), nazirin qızı sadəlövh
Dara (Əməkdar
artist Şəlalə Şahvələdqızı),
bacısı qızına
200 dinarı çox görən ikiüzlü
Sava xala (Əminə Babayeva), keçmiş nazir arvadı kimi Jivkaya acıq
verən, onun da özü kimi rəzil olmasına sevinən Nata (Ləman İmanova), yekəqarın
polisin (Cümşüd
Zeynalov) səhnə təqdimatı da maraqlı və yaddaqalandır. Bununla belə, aktyorlar
arasındakı rabitənin
zəifliyi, belə demək mümkünsə,
obrazlar arasında sinxronsuzluq diqqətdən
yayınmır.
Bütövlükdə tamaşanın rejissor həlli əsərin əsas qayəsini də, demək olar ki, bütün
obrazlarda çatdırır. Bizə
bəlli, tanış
və gülünc görünən həqiqətləri
ironik boyalarla, komik, həm də arxa planda
gizlənən dramatik,
tragikomik çalarlarla
verməyi bacarır.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 7
fevral.- S. 6.