Musiqi mədəniyyəti və incəsənətinə sədaqətli xidmət

 

Azərbaycan musiqi mədəniyyətinin tarixində nadir hallarda özündə hərtərəfli bacarıq, fikir enerjisi, gözəl təşkilatçılığı müvəffəqiyyətlə uzlaşdıran, öz işinə fanatikcəsinə sədaqətli olan yaradıcı şəxsiyyətə rast gəlmək olar. Belə şəxsiyyətlərdən biri də Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovdur. Onun yarım əsrə yaxın bir vaxt ərzində musiqinin tərbiyə, maarifçilik, elmi-tədqiqi prosesləri sahəsində apardığı işlərin həcmi həqiqətən də heyrətləndirici və təqdirəlayiqdir.

Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) «İxtisas fortepiano» kafedrasının nüfuzlu müəllimlərindən biridir. O, hazırda Azərbaycanda və digər ölkələrdə fəaliyyət göstərən 100-ə yaxın pianoçu yetişdirib. Onun şagirdləri arasında beynəlxalq və respublika müsabiqələri laureatları da az deyil. Pedaqoji fəaliyyəti ilə yanaşı, o, elmi fəaliyyətlə də məşğuldur. Doktorantların dissertasiya tədqiqatlarına rəhbərlik, dissertasiya müdafiələrində opponentlik edir. O, daim Azərbaycan musiqisinin təbliğatı ilə əlaqədar tədbirlər təşkil edən, respublikamızda ümumi musiqi təhsilinin islahat problemlərinin həll olunması sahəsində fəal və müvəffəqiyyətlə çalışan əsl maarifçidir.

Bunlardan savayı o, müxtəlif dövrlərdə BMA-nın prorektoru vəzifəsində işləmiş, Azərbaycan Bəstəkarlar İttifaqının musiqi ifaçılığı şöbəsinə və Təhsil Nazirliyinin Elmi-metodiki şurasının musiqi sənəti bölməsinə rəhbərlik etmiş, musiqi məktəb müəllimlərinin təkmilləşmə kurslarını aparmışdır. On beş ildir namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurasında, 2009-cu ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının incəsənət sahəsində elmi dərəcə və adların verilməsi üzrə eksperti işləyir.

Tərlan Seyidovla ilk tanışlığım keçən əsrin 60-cı illərinin sonunda olmuşdur. Mən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduğum zaman o, professor Mayor Rafailoviç Brennerin assistenti idi. Onun professional pedaqoji fəaliyyətə olan məsuliyyətli münasibəti, enerjisi, məqsədyönlülüyü, geniş maraq dairəsi mənə böyük təsir bağışlamışdı. Yeri gəlmişkən, Tərlanla ikimizBrenner məktəbini keçmişik, bu isə möhkəm peşəkarlıq, tələbkarlıq, musiqi mətninin bütün xırdalıqlarının təfərrüatlı işlənilməsi deməkdir.

Tərlan Seyidov Azərbaycan ifaçılıq müsiqişünaslığının təməlini qoyanlardan biridir. O, XX əsrin Azərbaycan milli fortepiano mədəniyyətini (pedaqogika, ifaçılıq və bəstəkar yaradıcılığı sahələri üzrə) dərindən və hərtərəfli araşdırmışdır. Namizədlik və doktorluq dissertasiyaları ilə yanaşı, onun bu mövzuda görkəmli pianoçu və müəllimlərə həsr olunmuş bir çox monoqrafiya, broşür və məqalələri çapdan çıxmışdır.

Ümumiyyətlə, onun daim müxtəlif maraqlı, cəsarətli, orijinal ideyaları və layihələri olur və mən həmişə onların həyata keçirilməsində onu dəstəkləmiş və həvəslə onlarda iştirak etmişəm. Onlardan ən əlamətdarları 30 il ərzində əvvəl akademiyadaxili, sonradan isə respublika səviyyəsində mütəmadi olaraq keçirdiyimiz elmi-ifaçılıq konfrans və müsabiqələrdir. 2010-cu ildə Azərbaycanın və digər ölkələrin musiqi həyatında böyük rezonansa səbəb olan Qara Qarayev adına Pianoçuların I Beynəlxalq elmi-ifaçılıq konfrans və müsabiqəsini birgə təşkil edərək yüksək səviyyədə keçirmişik.

Tərlan Seyidov daim tematik konsertlər təşkil etmiş, bu tədbirlərdə ifaçı və məruzəçi kimi çıxış etmişdir. Bu, Bethovenin, Şopenin, Şumanın, Qara Qarayevin, Cövdət Hacıyevin, eləcə də Mayor Brennerinonun müəllimi Leonid Nikolayevin xatirəsinə həsr olunmuş konsertlər idi. Tərlanın respublikamızda təşkil etdiyi Azərbaycan fortepiano musiqisinin miqyaslı konsertlər silsiləsi xüsusilə böyük rezonans doğurmuşdur. O, Elmira Səfərova, Rafiq Quliyev, Zöhrab Adıgözəlzadə, Oqtay Abasquliyev, Firəngiz Əlizadə, Namiq Sultanov, Validə Rəsulova kimi dövrümüzün görkəmli pianoçularını bu konsertlərə cəlb edirdi. Mən də onun dəvətlərinə həmişə həvəslə cavab verirdim.

Onun digər miqyaslı və perspektiv layihəsi 80-ci illərdən etibarən üzərində işlədiyi Bakı Musiqi Akademiyasının məktəb-studiyasıdır. Məktəb-studiya uşaqların musiqi tərbiyəsi və təhsil mərkəzi olmaqla yanaşı, BMA-nın tələbələrindən gələcəyin peşəkar müəllimlərini yetişdirmək üçün hazırlıq bazasıdır. Onun bu işə nə dərəcədə ciddi yanaşdığını aşağıdakılar sübut edir. 90-cı illərin əvvəllərində (bu, çətin dövr idi) mənin BMA-nın rektoru təyin olduğum zaman o, bir müddət, məktəb-studiyanın rəhbərliyindən uzaqlaşmadan birinci prorektor vəzifəsində çalışmış və asanlıqla hər iki vəzifənin öhdəsindən gəlmişdir.

Tərlan Seyidovun rəhbərliyi altında bu məktəb tədris işinin yeni növlərinin işlənməsinə dair eksperimental elmi-metodik laboratoriyaya çevrilmişdir. Onu demək kifayətdir ki, yalnız burada yeni tədris proqramları hazırlanmış və «İfa olunan əsərlərin bədii və quruluş təhlili», «Qədim Azərbaycan xalq alətləri» kimi fənlər, həmçinin Tərlan müəllim tərəfindən adaptasiya olunmuş və nəşr edilmiş Üzeyir Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» kitabı əsasında Azərbaycan məqamlarının mütləq ifası tədrisə daxil edilmişdir.

Kompleksli təhsilin vacib və ən əsası - uşaqlar üçün cəlbedici olan növlərindən biriUşaq Musiqi Teatrının fəaliyyətidir. Teatrın yaradılması ideyası da Tərlan müəllimə məxsusdur. Bu teatr uşaqların səhnə sənəti, səhnədə hərəkətlərin plastikası, artistik vərdişlərinə yiyələndikləri opera hazırlığı sinfində tədricən yaranmışdır. Əvvəlcə bu, sadə, kiçik tamaşalar idi, sonradan isə yaradılmasında uşaqlar ilə birgə təcrübəçi-tələbələr, müəllimlər, təcrübəli baletmeysterlər və xormeysterlər iştirak edən mükəmməl opera tamaşaları meydana çıxdı.

Onun uzun illər ərzində tədris-tərbiyə prosesinin effektivliyinə və optimallaşmasına yönələn islahatlar sahəsində apardığı, həqiqətən də yorulmaz fəaliyyətinin şahidi olduğum zaman mən onu dəstəkləməyə bilməzdim. Çünki onun bütün layihələri daim hiss olunan dərəcədə faydalı olmuşözünü tamamilə doğrultmuşdur. 2010-cu ildə biz məktəb-studiyanın eksperimental işinin nəticələrinin respublikamızın digər məktəblərində də tətbiq olunması təklifi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişonun təsdiqini almışıq.

Bizim ən son birgə işimiz musiqi məktəbləri və kolleclərinin şagirdləri üçün dərc olunmuş «Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı» adlı proqramdır.

Ümumiyyətlə, professor Tərlan Seyidovun zəngin yaradıcılıq hadisələri ilə dolu həyatı onun çoxcəhətli musiqiçi, pedaqoq-novator, görkəmli alimictimai xadim kimi nailiyyətlərini tam əks etdirir.

 

Fərhad Bədəlbəyli,

 

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 7.