Azərbaycan Mədəniyyət
Mərkəzində avstriyalı rəssamın sərgisi
Fevralın 4-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı qrafikaçı-rəssam Diter Yozefin sərgisi açılıb.
Azərbaycanın böyük dostu, tarixçi və şərqşünas alim Erix Fayqlın xatirəsinə həsr olunmuş sərginin açılışında Vyanadakı diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, avstriyalı incəsənət həvəskarları və basma qrafikası (litoqrafiya) üzrə mütəxəssislər iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri açaraq, Diter Yozefin təkcə Avstriya və Avropada deyil, Azərbaycanda da qrafikaçı-rəssam kimi tanındığını qeyd edib. Yaxın dostu Erix Fayql vasitəsilə Azərbaycan barədə maraqlanmağa başlayan Diter Yozef bir neçə dəfə ölkəmizdə səfərdə olub. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında onun fərdi sərgisi açılıb, rəssam tələbələrə iki həftəlik ustad dərsləri keçib. Həmin səfərin nəticəsi olaraq D.Yozef Azərbaycan mövzusunda bir neçə əsər yaradıb. Bu əsərlər ilk dəfə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgidə nümayiş etdirilib.
Avstriya Xarici İşlər Nazirliyinin mədəniyyət siyasəti departamentinin aparıcı mütəxəssisi Barbara Lee-Ştörk qrafikaçı-rəssamın yaradıcılığının xüsusiyyətləri, rəng və üslub texnikası, mövzu zənginliyi barədə danışıb. Bildirilib ki, D.Yozef səyahəti sevən sənətçidir və dünyanın ayrı-ayrı ölkələrində fotoaparatının yaddaşına köçürdüyü fotoları müxtəlif təbəqəli rənglərlə maraqlı formalara salmaq onu digər qrafikaçılardan fərqləndirir. Səyahətə və fərqli mədəniyyətlərə marağı onu Azərbaycana da aparıb çıxarıb və sərgidəki gözəl incəsənət nümunələrindən bir neçəsinin mövzusu ölkəmiz haqqındadır.
Diter Yozef çıxış edərək sərginin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
Tədbirdə Ayzenştadt
Yozef Haydn
Konservatoriyasının tələbəsi Müşfiq
Quliyev Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət musiqi
proqramı ilə çıxış edib.
Mədəniyyət.- 2014.- 7
fevral.- S. 8.