“Dərvişin qeydləri” böyük ekranda

 

Nizami Kino Mərkəzində yeni premyeralar

 

Fevralın 6-dan etibarən Nizami Kino Mərkəzində “Dərvişin qeydləri”, “İdmanda yalnız qızlar”, “Sağ Salim-2”, “Voll-Strit canavarı” və “Təbib: İbn Sinanın şagirdi” adlı filmlərin nümayişi başlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Dərvişin qeydləri” filminin rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyevİlqar Fəhmidir. Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutu ərəfəsində baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir.

Tarixi-detektiv janrda çəkilmiş ekran əsərində xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Pərviz Məmmədrzayev və digər aktyorlar çəkiliblər.

Rusiya rejissoru Yevgeni Nevskinin komediya janrında çəkdiyi “İdmanda yalnız qızlar” filmində üç yaxın dost tanışlarına kömək etmək istəyərkən yerli kriminal avtoritetin yoluna keçirlər, amma bunu gec bilirlər.

Sağ Salim-2” komediyasına türkiyəli rejissor Ersoy Güler quruluş verib. Salim ölümdən və ölülərdən qorxan bir Anadolu kəndlisidir. Çörəyi daşdan çıxır, maşını ilə kənddən qəsəbəyə mal daşıyaraq pul qazanıb həyatını sürür. Bir gün kənd muxtarı ondan Mersindən Sivasa cənazə gətirməyi xahiş edir... Filmdə Burçin Bildik, Ezgi Asaroğlu və başqaları çəkiliblər.

Amerikalı rejissor Martin Skorsezeninqara komediya” janrında çəkdiyi “Voll-Strit canavarı” filmində baş rolun ifaçısı Leonardo Di Kapriodur. Ekran əsərinin əsasını keçmiş nyu-yorklu broker Cordan Belfortun eyniadlı memuarları təşkil edir.

Almaniya kinematoqrafçılarının “Təbib: İbn Sinanın şagirdifilmi dram, macəra janrındadır. İngiltərə. XI əsr. On yaşlı Rob Koulun anası dəhşətli iztirablar içində ölür. Heç kim onun xəstəliyinin mənşəyini və dərmanını tapa bilmir. Anasının ölümündən sarsılan balaca Rob bu müəmmalı xəstəliyin sirrini açmağa qərar verir...

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 10.