Milanda “Azərbaycanın müasir poeziyası”

 

Milanın tarixi abidəsi sayılan “Palatso Marinoda “Azərbaycanın müasir poeziyası” kitabının təqdimat mərasimi keçirilib. Kitabda müasir şairlərimizin Azərbaycan dilində və italyan dilinə tərcümə olunmuş şeirləri toplanıb.

Nəşr İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev, Cüzeppe Verdi adına Konservatoriyanın professoru, bəstəkar Davide Qualtyeribu ölkənin tanınmış türkoloqlarından olan professor Campyero Bellincerinin təşəbbüsü ilə “Pagine” nəşriyyat evində çapdan çıxıb.

Tədbir çərçivəsində Azərbaycan poeziyasına həsr olunmuş konsert proqramı təqdim olunub. Azərbaycandan gələn musiqiçilər tərəfindən muğam parçaları ifa olunub, ölkəmizin milli musiqi alətləri sayılan balaban, kamançatar haqqında məlumat verilib. Azərbaycanın xalq şairləri Səməd Vurğunun, Məmməd Arazın və Fikrət Qocanın şeirləri Davide Qualtyeri tərəfindən bəstələnmiş musiqi ilə müşayiət olunaraq tamaşaçılara italyan və Azərbaycan dillərində təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca konsertin təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, belə bir tədbirin keçirilməsi İtaliya ictimaiyyətinin Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olması üçün yaxşı imkan yaradır.

Bakıdan gələn musiqiçilərin milli alətlərimizdə ifası Milanın məşhur Akademik Rəqs üzrə Müəllimlər Assosiasiyasının tələbələrinin Mais Nuriyevin xoreoqrafiyası əsasında hazırlanmış rəqsləri ilə müşayiət olunub.

Tədbirdə Milan şəhərinin meriyası şurasının sədri Baziliyo Ritzo, ictimai işlər və səhiyyə idarəsinin nümayəndəsi Cüzeppe Landoniyo, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Cüzeppe Verdi adına Konservatoriyanın prezidenti Mariya Qratsiya Mazokki, Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Aytən Abuşova, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2014.- 12 fevral.- S. 2.