Tariyel
Qasımovun 75 illik yubileyi qeyd olunub
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti Tariyel Qasımovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə əməkdar incəsənət xadimləri Fikrət Əliyev, Kənan Məmmədov, Ayaz Salayev, Əməkdar rəssam Rafiq Nəsirov, Əməkdar artist Ənvər Həsənov və başqa çıxış edənlər Tariyel Qasımovun həyat və yaradıcılığı, kinoda yaratdığı obrazlar haqqında danışıblar.
Ağstafa rayonunun Köçəsgər kəndində dünyaya göz açan Tariyel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirərək Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Həyatını bu sənət məbədinə bağlayan aktyor ötən müddətdə bir-birindən maraqlı, bənzərsiz obrazlar qalereyası yaradıb. Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Qazax, Dərbənd və Ağdam dram teatrlarında da maraqlı tamaşalara səhnə həlli verib.
Aktyor “Ad günü”, “Axırıncı
aşırım”, “Babək”, “Qatır Məmməd”, “Qorxma, mən
səninləyəm” və digər filmlərdə müxtəlif
obrazlar canlandırıb. Sənətkarın yaradıcı əməyi
dövlət tərəfindən yüksək qiymətləndirilib.
O, 1991-ci ildə Xalq artisti fəxri adına, 2005-ci ildə
Prezident təqaüdünə layiq görülüb.
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 3.