Ey könül mülkünün barı Naxçıvan

 

Muxtar respublikanın 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

 

Naxçıvan Muxtar Respublikasının 90 illiyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli sərəncamının icrası ilə bağlı fevralın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yubiley tədbiri keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Naxçıvan Muxtar Respublikası haqqında videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən tarix elmləri doktoru, professor Abbas Seyidov Azərbaycanın sosial-iqtisadiictimai-siyasi həyatında əvəzsiz rol oynayan Naxçıvanın tarixindən söz açıb, bu diyarın çox sayda görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetirdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, əsrlər boyu bir sıra dövlətlərin paytaxtı olmuş Naxçıvan şəhəri tarixin bütün dövrlərinə aid qədim, arxeoloji və memarlıq abidələri ilə zəngindir. Bir çox tədqiqatçıların əsərlərinə əsasən, Naxçıvan orta əsrlər intibah dövründə daha da inkişaf edib. Naxçıvanın tarixi barədə ətraflı məlumat verən natiq 1924-cü il fevralın 9-da bölgəyə muxtar respublika statusu verildiyini diqqətə çatdırıb.

Muxtar respublikanın müasir dövründən bəhs edən məruzəçi Ermənistanın Azərbaycana hərbi təcavüzünün şiddətli xarakter aldığı bir vaxtda - 1990-cı ildə ulu öndər Heydər Əliyevin Naxçıvana gələrək muxtar respublika Ali Məclisinin sədri seçilməsinin, 1993-cü ilədək bölgəyə rəhbərlik etməsinin tarixi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi sonrakı illərdə, ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da böyük inkişaf yolu keçib.

Tədbirin bədii hissəsində tanınmış müğənnilər, “Aysel” və “Cəngi” rəqs ansamblları və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi məktəblərinin şagirdləri çıxış ediblər. Yubiley gecəsində həmçinin Naxçıvanın tarixini və mədəniyyətini, adət-ənənələrini əks etdirən qədim əşyalardan ibarət guşə, bu torpağın yetirdiyi ədiblərin kitablarından ibarət sərgi nümayiş olunub.

 

Mədəniyyət.- 2014.- 12 fevral.- S. 4.