Xarici turistlər Şamaxıya
maraq göstərirlər
Bu
gün Şamaxı nəinki əsrarəngiz təbiəti,
gözəl flora və faunası, habelə qədim tarix və
mədəniyyət abidələri, sənətkarlıq
nümunələri, görkəmli şəxsiyyətləri
ilə də məşhurdur. Təsadüfi deyil ki, bölgəyə
gələn turistlərin sayı da ildən-ilə artır.
Turizmin
inkişafı istiqamətində həyata keçirilən tədbirlər
bölgənin turizm həyatını xeyli canlandırıb.
Rayonda ümumilikdə 900 yerləşdirmə yeri olan hotel və
istirahət mərkəzləri turistlərə xidmət
göstərir.
Qonaqlara
rayon üzrə beş turist marşrutu təqdim edilir.
Şamaxı-Pirqulu-Dəmirçi kəndi,
Şamaxı-Gülüstan qalası, Şamaxı-Kələxana
kəndi, Şamaxı-Göylər kəndi, Şamaxı-Bəyqurd
qalası marşrutları rayona gələn turistlərin ən
çox istifadə etdiyi istiqamətlərdir. Turistlər
marşrut boyu yollarının üzərində yerləşən
XVIII-XIX əsrlərə aid Yeddi Günbəz abidələri,
Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki
XII əsr kurqanları, VII-XV əsrlərə aid
Gülüstan qalası və nəhayət, XII-XV əsrlərə
aid Bəyqurd qalası (Buğurd qalası da deyilir) kimi tarixi
abidələrlə tanış olur, bələdçilər
onlara bir neçə dildə bu mədəni irs nümunələrimiz
haqqında ətraflı məlumatlar verirlər.
Son
illərdə Şamaxıya Türkiyə, İran, Almaniya,
Rusiya və digər ölkələrdən gələnlərin
də sayı artıb. Əgər 2011-ci ildə
Şamaxıya ümumilikdə 70 min nəfər gəlmişdisə
və onlardan təxminən 3600-ü xarici turist olmuşdusa,
2012-ci ildə bu rəqəmlər müvafiq olaraq 71 min və
5500, 2013-cü ildə 81 min və 9700 olub.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 9.