Gənclərin turizm layihələri

 

«İRƏLİ» İctimai Birliyinin Turizm klubu və «Gənclər Turizmi» İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə «Azərbaycanda gənclər turizminin formalaşması və dünyaya inteqrasiyası» layihəsinə start verib. Fonddan aldığımız məlumata görə, Bakıdakı «World Business Center»də keçirilməsi nəzərdə tutulan layihə 12-17 fevral tarixlərini əhatə edəcək.

Layihə çərçivəsində gənclər üçün turizmin müxtəlif xidmət sahələri üzrə təlimlər təşkil olunacaq. Eyni zamanda turizm sektorunda fəaliyyət göstərən özəl şirkətlərlə turizm sahəsində təhsil alan gənclər arasında əməkdaşlıq əlaqələrinin qurulması, gənclərin turizm sahəsində biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi təmin olunacaq.

Layihənin əsas məqsədi turizm sənayesi üçün gənclər arasında rəqabətə davamlı peşəkar kadrların hazırlanmasına töhfə vermək, onların məşğulluğunu təmin etmək, bu sahədə gənclər arasında sahibkarlığın inkişafına dəstək olmaqdır.

Gənclər Fondunun maliyyələşdirdiyi «İntellekt» Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin respublikanın cənub bölgəsində turizmlə bağlı həyata keçirdiyi layihə isə başa çatıb. Layihə çərçivəsində Lənkəran, Cəlilabad, AstaraLerik rayonlarının hər birində bələdçilik, turizm etikası və turizm obyektlərində qeydiyyatçı peşəsi istiqaməti üzrə 18 turizm işçisibu sahəyə maraq göstərən gənclər arasında iki gün ərzində maarifləndirmə işləri aparılıb.

Layihənin nəticələri ilə bağlı Lənkəranda seminar keçirilib. Qeyd olunub ki, bələdçilik, tərcüməçilik və hotellərdə qeydiyyatçı xidmətlərinin zəif inkişaf etməsi bölgənin dağ və dəniz turizminin inkişafını gecikdirən amillərdəndir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 12 fevral.- S. 9.