Xalq şairi Bəxtiyar
Vahabzadə
Ulu Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən və başqalarından mənəvi qidasını alan Bəxtiyar Vahabzadə müəllimi Səməd Vurğun poeziyasına sığınaraq, qayəsinin əsasını həyata, sənətə fəlsəfi görüş və baxışlar təşkil edən Azərbaycan fəlsəfi şeirini daha yüksək zirvələrə qaldırmışdır.
Azərbaycan xalqı həqiqətən şair xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin onların içərisində Bəxtiyar Vahabzadə şeriyyatının özünəməxsus yeri vardır. Bəxtiyar Vahabzadənin müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri şəksizdir. Lakin bütün bunlara baxmayaraq, şair bu sahədə xidmətlərinə necə də təvazökarcasına qiymət verir:
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən
narazıyam.
Şair ədəbiyyat sahəsində misilsiz, əvəzedilməz xidmətlərinə tənqidi yanaşaraq, gör, necə də sadəlik nümunəsi göstərir.
Heç kəsdən gizli deyildir ki, bəzi yazarlar mətbuatda bir şeiri də çap olunmamış özünə ədəbi təxəllüs seçir. Lakin Bəxtiyar Vahabzadənin sadəliyi bir də ondan görünür ki, şairin heç vaxt təxəllüsü olmamış, o həmişə öz adı və soyadı ilə çıxış etmişdir.
Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəng olmuşdur. Xalqı, cəmiyyəti düşündürən hər bir məsələ onun şeirlərinin başlıca mövzusu idi. Azərbaycan xalqının tarixində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasını təsdiqləyən Gülüstan müqaviləsinə (1813) həsr olunmuş «Gülüstan» poemasında şair belə deyir:
İpək
yaylığı ilə o, asta-asta
Silib eynəyini gözünə
taxdı.
Əyilib yavaşca masanın üstə,
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə
o da qol
atdı,
Dodağı
altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü
qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini
Azərbaycanın.
* * *
Qoyulan şərtlərə
razıyıq deyə,
Tərəflər
qol çəkdi müahidəyə. …
Tərəflər
kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək
bu xalqa imdad?!
Ötən əsrin 60-cı illərində, kommunist rejiminin kəsə-kəs vaxtında bu mövzuda, bu ruhda poemanı mətbuatda çap etdirmək sənətkardan böyük cəsarət tələb edirdi. O zaman gənc olan Bəxtiyar Vahabzadə həyatının, ailə üzvlərinin, yaxınlarının böyük təhlükə qarşısında qalacağından ehtiyat etməyərək, «Gülüstan» poemasını keçmiş Nuxa (indiki Şəki) şəhər Partiya Komitəsi və rayon Xalq Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin orqanı olan «Nuxa fəhləsi» qəzetində dərc etdirir və poema böyük ictimai əks-sədaya səbəb olur.
Həmin vaxtlar mənim 11-12 yaşım olardı. Sonralar böyüklərimizin
söylədiklərinə görə, Bəxtiyar Vahabzadəni yüksək
rütbəli vəzifəli
şəxs poemanın
nəşri ilə bağlı söhbətə
çağırır. Həmin vəzifəli şəxs şairi qəbul edərək deyir:
- Şair, xeyir ola, son vaxtlar
«podpolnı poema» (gizli poema - İ.A.) çap etdirirsən?
Şairin
cavabı çox qısa və sərt olur:
- Mən bilmirəm, «Nuxa fəhləsi» qəzeti nə vaxtdan «podpolnı qəzet» olub?
Bu poema ilə bağlı həmin vaxt şairi böyük çək-çevirə
salırlar. «Nuxa
fəhləsi» qəzetinin
redaktoru, II Dünya müharibəsi iştirakçısı
olan Məhyəddin Abbasov da ciddi
partiya cəzasına məruz qalır. Lakin şairin özünün
sonrakı müsahibələrindən
aydın olur ki, o zamanlar gözəgörünməz bir
qüvvə onu bu bəladan çəkib çıxarır
və xilas edir. Bu, ümummilli
lider Heydər Əliyev idi.
Bəxtiyar Vahabzadə həmişə
məmur özbaşınalığının
əleyhinə olmuşdur. Əslində, «məmur» sözü ərəb mənşəli
olmaqla, dövlət idarələrində işləyən
qulluqçu mənasını
verir. Lakin sovet dönəmində
«məmur» sözü,
əsasən, mənfi
mənada işlədilirdi.
Bəxtiyar Vahabzadə isə
bürokratiyanı, işə
bürokratik münasibət
bəsləyən məmurları
həmişə tənqid
atəşinə tuturdu.
O, «Meşin qapılar»
şeirində yazırdı:
Gözləmə otağında
Saatlarla gözlərin
Lap qapıya
dikilər.
Mənim nə çəkdiyimi
Qapılar arxasında
Mürgü döyənlər
bilər.
Siz ey meşin qapılar,
Siz ey meşin qapılar,
Sizin üzünüz soyuq;
Sizdən ümidlə girib,
Ümidsiz çıxan da çox.
Sizi təpiklərilə
Vurub açan tapılar,
Siz ey bağlı qapılar,
Qaşqabaqlı qapılar!
Vaxtilə ayrı-ayrı şairlərin,
hətta, sonradan tanınmış, sayılıb-seçilən
bəzi şairlərin
müsahibə və xatirələrindən bizə
aydın olurdu ki, onlar ilk şeirinin
çap olunması arzusu ilə Yazıçılar İttifaqına
gələrkən yaxşı
qarşılanmamış, bəzilərinə isə
hətta şeir yazmamağı məsləhət
görmüşlər. Lakin Bəxtiyar Vahabzadə gənc nəslə, yenicə şeir yazmağa başlamış
gənclərə qayğı
ilə yanaşmış,
bununla bərabər, öz nəsihətləri
ilə onlara yaradıcılıqlarında istiqamət
vermişdir:
Siz ey bizdən sonra şeirə gələnlər,
Bu çətin yollarda uğurlar sizə!
Eşqiniz - gələcək.
Yaşınız - səhər.
Qəlbiniz işıqlı, fikriniz
təzə!
Mərd olun!
Meydanda durun mərd kimi,
Uymayın ötəri şöhrətə,
ada.
Bizim şeirimizin dünəni
kimi
Böyükdür, şanlıdır istiqbalı
da!
Bəxtiyar Vahabzadə həm Xalq şairi, həm də xalqın şairi idi. Onun xidmətləri dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilmişdir. O, respublikanın Əməkdar
incəsənət xadimi
fəxri adına,
M.F.Axundzadə adına
ədəbi mükafata,
keçmiş Azərbaycan
SSR-nin dövlət mükafatlarına layiq görülmüş, bir
neçə dəfə
respublikamızın ali
qanunverici orqanına deputat seçilmişdir. Onun «Bir gəminin yolçusuyuq» kitabı keçmiş SSRİ-nin Dövlət mükafatına
layiq görülmüşdür.
O, filologiya elmləri doktoru, professor, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü idi.
Böyük şairi cəmiyyətdəki
çatışmazlıqlar həmişə düşündürmüş,
o xalqı narahat edən məsələlərə
heç vaxt biganə qalmamışdır. O, bu haqda demişdir:
Bilmirəm, bu millətə
Vəkil etdi kim məni?!.
Şairin yaradıcılığı Türkiyədə
də, həmçinin,
türkdilli ölkələrin
hamısında sevilir
və yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük,
sevimli və əbədiyaşar şairidir.
Mən deyərdim
ki, şairin ölümü ilə böyük türk dünyasının fəlsəfi
şeirinin bel sütunu qırıldı.
Yaxşı yadımdadır. 1995-ci ildə
artıq mən Respublika Prokurorluğunun Mərkəzi aparatında
işləyirdim. Həmin
ilin avqust ayında şairin 70 illiyi doğma Vətənində - Şəki
şəhərində, Sabir
Rəhman adına Şəki Dövlət
Dram Teatrında böyük
təntənə ilə
qeyd edilirdi. Bu sətirlərin müəllifi də Respublika Prokurorluğunun nümayəndəsi kimi iştirak edirdi. Həmin tədbirdəki çıxışımda
qeyd etdim ki, Bəxtiyar Vahabzadə yeri gələndə haqsızlığa
qarşı vulkan kimi püskürməyi də bacarırdı.
Bu doğrudan da belə idi.
Onun fəaliyyəti çoxcəhətli
idi. İnsan var, yaxşı
şairdir, ya dramaturqdur və ya yaxşı ədəbiyyatşünasdır. Bəxtiyar Vahabzadənin xoşbəxtliyi
ondadır ki, o böyük şair, dəyərli dramaturq və peşəkar ədəbiyyatşünas-alim, tələbələrin böyük
məhəbbətlə sevdiyi
pedaqoq idi.
Böyük şairin yaradıcılıq
diapazonu çox geniş və hərtərəfli idi. Onun çoxcəhətli
bədii yaradıcılığını,
təbii ki, bir məqalə çərçivəsində, özü də mütəxəssis olmayan
tərəfindən hərtərəfli
təhlil etmək mümkün deyil və bunu mən
qarşıma məqsəd
kimi də qoymamışam. Sadəcə olaraq, bu, Bəxtiyar
Vahabzadə yaradıcılığına
olan oxucu məhəbbətinin təzahürüdür.
Fevralın 13-də Xalq şairinin
vəfatının 5 ili tamam olur. Ona ulu Tanrıdan
qəni-qəni rəhmət
diləyirik.
İlham Abbasov,
hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 10.