Sənətkar ömrünün məqamları
Rza Təhmasib - 120
Bu il görkəmli kinorejissor, aktyor və pedaqoq, Xalq artisti Rza Təhmasibin anadan olmasının 120 ili tamam olur. Onun keçdiyi həyat yolunu, yaradıcılıq taleyini, xatirələri vərəqlədikcə sənətkar qüdrətinə heyrətlənməmək olmur. Səhnə və kino həyatı verdiyi obrazlar qalereyası, rejissorluq fəaliyyəti yarım əsrdən çox sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.
Rza Abbasqulu oğlu Təhmasib 1894-cü il aprelin 20-də Naxçıvanda tacir ailəsində dünyaya göz açıb. Erkən çağlardan sənətə meyl göstərib. 16 yaşında Tiflisdə “Müsəlman artistləri ittifaqı”nın truppasında fəaliyyətə başlayıb. 1920-ci ilədək Tiflis, İrəvan və Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. Sonra taleyini Azərbaycan Dövlət Dram Teatrı ilə bağlayır. 1922-1924-cü illərdə teatrda bədii rəhbər, 1937-1938 və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərir.
Hələ Tiflisdə tanış olduğu görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi ilə Dövlət Dram Teatrında işə düzəlir və yaddaqalan obrazlarla tamaşaçıların qəlbinə yol tapır. Quruluş verdiyi “Hacı Qara”, “Vəfa”, “Şeyx Sənan”, “Özgə uşaq” və s. tamaşalar milli teatr sənətinin realist ənənələrlə inkişafına təkan verir. Onun yaratdığı İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd şah Qacar”), Süleyman (“Həyat”), Koşkin (“Lyubov Yarovaya”), Karl Moor (“Qaçaqlar”) kimi rollar Azərbaycan səhnəsinin klassik nümunələridir.
Rza Təhmasib ədiblərdən Cəfər Cabbarlı yaradıcılığına xüsusilə böyük hörmətlə yanaşıb, böyük dramaturqun bir sıra əsərlərini tamaşaya hazırlayıb, Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar kimi personajlarını səhnədə xüsusi istedadla canlandırıb.
Sənətkarın teatrda rejissor kimi ilk müstəqil işi 1917-ci ilin martında Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin Naxçıvan teatrında tamaşası olub. Naxçıvanda ilk dəfə səhnələşdirilən əsərdə Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu isə aktyorun özü oynayıb. Dövri mətbuat onun quruluşunda “Ölülər”i yeni teatr nümunəsi kimi qiymətləndirilib.
Sənətkarın xatirələrində oxuyuruq: “İlk müvəffəqiyyətli rejissor işim üçün “Ölülər” pyesinə minnətdaram. Qazanılan qələbənin xeyli hissəsi mərhum şair Qəmküsarın payına düşür. Pyesi düzgün başa düşməyimə, onun ictimai mənasını düzgün izah etməyimə görə mən, hər şeydən əvvəl, ona borcluyam”.
Aktyorun sənətə gəlişi Azərbaycan kinosunun yeni təşəkkül tapdığı dövrə təsadüf edir. Bu dövrdə milli kinomuzda əcnəbi mütəxəssislərin qüvvəsindən daha çox istifadə olunurdu. Milli-mənəvi dəyərlərimizə bələd olmayan bu şəxslərin ərsəyə gətirdikləri filmlər Azərbaycan reallıqlarını kifayət qədər əks etdirə bilmirdi. Belə bir vaxtda kinomuzun ağırlığını öz çiyinlərinə götürənlərdən biri də Rza Təhmasib olub. O, 1937-ci ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdi və kino sənayesinin inkişafı ilə bağlı yeni fikirlərə malik idi. Həmin il Bakı studiyasında “Ordenli Azərbaycan” sənədli filmini çəkir. 1941-ci ildə quruluş verdiyi (A.Beknazarovla birgə) “Səbuhi” filmi onun bədii kinoda ilk işi olur. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə çəkdiyi “Arşın mal alan” bədii filmi ona şöhrət gətirir, Film SSRİ Dövlət mükafatına layiq görülür.
Rza Təhmasib xatirələrində
yazır: “Müharibənin ağır illəri idi. Biz filmi Moskvaya təhvil verməyə getdik. Moskvada vəziyyət çox
ağır idi. Bir çox küçələrdə
hələ də gediş-gəliş bərpa
olunmamışdı. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladı.
Baxışdan sonra mübahisə
başladı. Bəziləri
bizi məzəmmət
edirdilər ki, bu vurhavurda “Arşın mal alan”
yeridir? Sən demə, film elə
məqamındaca çəkilibmiş.
Baxışdan iki gün sonra film Moskvanın iki kinoteatrında ekrana buraxıldı.
Üç gün sonra isə 18 kinoteatrdan “Arşın mal
alan”ın sədası eşidildi”.
O zaman kino tənqidçiləri
filmin uğurlu taleyinin bir səbəbini
də rejissorların güclü aktyor ansamblı yaratmasında görürdülər. Doğrudan
da, Leyla Bədirbəyli, Rəşid
Behbudov, Lütfəli
Abdullayev, Münəvvər
Kələntərli, İsmayıl
Əfəndiyev və
digər görkəmli
sənət korifeyləri
filmin müvəffəqiyyət
qazanmasında çox
böyük rol oynamışdılar.
Rza Təhmasib 1950-ci ildə A.Zarxi və M.Xeyfitslə birlikdə “Bakının işıqları”,
1959-cu ildə isə Mikayıl Mikayılovla birgə “Mahnı belə yaranır” filmlərinə quruluş
verir. Kinoda ilk sərbəst rejissor işi isə 1959-cu ildə istehsal olunan “Onu bağışlamaq olarmı?” filmi olur.
Rza Təhmasib
aktyor kimi çəkildiyi filmlərdə
özünəməxsus dəst-xətt
nümayiş etdirib. “Almaz”, “Fətəli xan”, “Qanun naminə”
filmlərində yaratdığı
xarakterlər tamaşaçıların
qəlbində əbədi
yer tutub. Məsələn, “Qanun naminə” filmindəki Qaloşlu adam
obrazı bu gün də gözlərimizin önündədir.
Böyük aktyor bu personajın daxili məkrini, hiyləgərliyini
çox maraqlı jestlərlə tamaşaçıya
çatdıra bilib.
Rza Təhmasib
ömrünün böyük
bir dövrünü həm də pedaqoji fəaliyyətə
həsr edib, rejissor və aktyor nəslinin yetişməsində əhəmiyyətli
rol oynayıb. Mədəniyyətə verdiyi mühüm töhfələrə görə
respublikanın Əməkdar
incəsənət xadimi
(1946), Xalq artisti (1964)
adlarına layiq görülüb, “Şərəf
nişanı” ordeni və başqa mükafatlarla təltif olunub. Görkəmli
sənətkar 1980-ci il fevralın 14-də
dünyasını dəyişib.
Sənətsevərlərin qəlbində əbədi
ömür qazanıb.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 15.