Xəzərin sahilində parlayan şəhər

 

İtaliyanın “Marie claire.it” onlayn jurnalında Azərbaycan paytaxtının dinamik inkişafından bəhs edən məqalə dərc olunub. Yazıda Xəzər dənizinin sahilində yerləşən, gündən-günə dəyişən, müasir görkəmi ilə gözoxşayan Bakının turistlərin diqqətini cəlb etdiyi vurğulanır. Bildirilir ki, enerji sənayesinin tərəqqisi Azərbaycanın dünyada inkişaf etmiş ölkə kimi tanınmasına mühüm töhfələr verib. Tikinti sektorunda müşahidə olunan canlanma şəhərin hər bir nöqtəsində nəzərə çarpmaqdadır. Yazıda müasir memarlığın rəmzi sayılan Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksindən və paytaxtda ucalan digər çoxmərtəbəli binalardan, dənizkənarı bulvarda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidən söz açılır, Bakının gecə görüntüsünün möhtəşəmliyi qeyd olunur.

Diqqətə çatdırılır ki, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına salınmış Şirvanşahlar saray kompleksi və paytaxtın qədim rəmzlərindən olan Qız qalası şəhərdə tarixin qorunub saxlanıldığına ən gözəl nümunədir.

Məqalədə Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyəti ilə bağlı məlumat verilir.

 

Mədəniyyət.- 2014.- 12 fevral.- S. 16.