“Əgər kinonun bazarı varsa, inkişaf edəcək”

 

“Azərbaycanfilm” kinostudiyasının direktoru ötən ilin yekunlarından danışdı

 

Fevralın 12-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 2013-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi. Kinostudiyanın direktoru Müşfiq Hətəmov ötən ilin yekunları ilə yanaşı, gələcək planlardan, görüləcək işlərdən də söz açdı.

Qeyd olundu ki, Prezident İlham Əliyevin 2008-ci il 4 avqust tarixli sərəncamı təsdiq edilən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” nəticəsində ölkənin kino sənayesində dinamik inkişaf müşahidə olunur, ictimaiyyətin bu sahəyə marağı getdikcə artır. 2013-cü ildə “Azərbaycanfilm”in konseptual layihələşmə prosesi başa çatdırılıb, hazırda layihədə bir sıra redaktələr aparılır: “Son on ildə dövlət tərəfindən kino istehsalına böyük dəstək verilir, maddi-texniki baza möhkəmləndirilir. Reallaşdırılan “Xəzər dənizi” pitçinq layihəsi, 2013-cü ildə beynəlxalq Kann kinofestivalında Azərbaycanın iştirakı, xarici mütəxəssislərlə müştərək layihələrin dəstəklənməsi bu diqqət və qayğının bariz nümunəsidir”.

Müşfiq Hətəmovun sözlərinə görə, əgər kinonun bazarı varsa, inkişaf edəcək. Bu səbəbdən də Azərbaycan kinosunun dünya bazarına çıxarılması istiqamətində işlər görülməkdədir. Xarici kino mütəxəssisləri ilə əməkdaşlıqdan danışan direktor bildirdi ki, hazırda bütün dünyada müştərək filmlərin çəkilməsinə daha çox üstünlük verilir. Ötən il Azərbaycan və Türkiyə kinematoqrafçıları “Mahmud və Məryəm” filmini çəkiblər, Rusiya kinematoqrafçıları ilə “Qorxma mən səninləyəm. 1919”, alman mütəxəssisləri ilə birlikdə Qarabağ atlarından bəhs edən “Sarılar” filmləri ərsəyə gəlib. Rusiya kinematoqrafçıları ilə “Axırıncı”, Fransa ilə birgə “F2014” və başqa ekran əsərlərinin çəkilişləri də artıq başa çatıb.

Hazırda bir sıra yeni təkliflər aldıqlarını deyən Müşfiq Hətəmov əsas məqsədlərinin televiziya şirkətləri ilə əməkdaşlıq olduğunu bildirdi. Bu istiqamətdə İctimai Televiziya və “Azad Azərbaycan” kanalı ilə birgə planları hazırlanıb: Kino sənayesinin inkişafı çoxşaxəli və mürəkkəb proses olduğu üçün kompleks fəaliyyət labüddür. Ötən il kinostudiya film istehsalı ilə yanaşı, beynəlxalq layihələr çərçivəsində bir çox xarici şirkətlərlə təcrübə mübadiləsi aparıb. Eyni zamanda müstəqil araşdırmalar aparılaraq gələcək inkişaf üçün təkliflər hazırlanıb, yerli kadrların yetişdirilməsi və onların dəstəklənməsinə dair layihə və təlimlər təşkil edilib. Yaradıcı atmosferin bərpa edilməsi üçün xaricdə və ölkəmizdə yaşayan gənc rejissorlar, ssenaristoperatorlar “Azərbaycanfilm”də film çəkmək üçün dəvət edilib”.

İl ərzində 8 qısametrajlı, iki tammetrajlı film ekranlaşdırılıb, Azərbaycan filmləri respublikanın 37 bölgəsində nümayiş etdirilib.

Jurnalistlərin suallarını cavablandıran kinostudiyanın direktoru bədii şuranın fəaliyyəti, Azərbaycan filmlərinin yayım qaydaları, bu sahədə mütəxəssislərin yetişdirilməsi, yayım şöbəsinin yaradılması, “Dədə Qorqud” çoxseriyalı filminin çəkilişinə hazırlıqla bağlı məlumat verdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 14 fevral.- S. 4.