“Kreppin son lent yazısı”
Yalan və əzab içində “səadət”
Hər şeydən
bezmək, qaçmaq,
uzaqlaşmaq olar. Nifrətinlə sevgin, səadətinlə
bədbəxtliyin arasında
get-gələ də birdəfəlik son qoymaq mümkün. Ən asan,
sadə çıxış
yolu və elə ən ağılsız nəticə
isə ölümdür.
Bu, çətin deyənlər üçün
su içimi qədər asan. Anlayanlar üçün isə “həyat mübarizə meydanıdır” kimi cəfəng təsəlli.
Belə olanda, vay ağlı
ilə düşünüb,
hissi ilə anlayıb, ağrıları
ilə yaşayanın,
ölə bilməyib,
ölməyi bacarmayıb
bu dünyada veyllənənin halına.
Bu ağır, yoluxucu və bir o qədər
də səfeh qənaət “Kreppin son
lent yazısı”nın
əsas hökmü idi. Hər halda, ölmək
istəyən əl-ayağını
uzadıb rahatca canını tapşıra
bilmir. Öz istəyi ilə
dünyaya gəlmədiyindən,
kefinə düşəndə
də gedə bilməz. Axı əzab “limiti”
tam dolmayıb. Odur ki,
“Sürün Semuel, sürün! Fəlakətin,
aclığın, ədalətsizliyin
hökm sürdüyü
bu xaraba dünyada sürün!..”
Absurd teatr
Fevralın 12-də Akademik Milli Dram Teatrında bu əhvala köklənmiş
həqiqət dolu tamaşa göstərildi. Oynandı demirəm,
çünki bu səhnədə ağır
həqiqətləri daşımaqda
arif bir aktyor çarpışırdı,
hayqırırdı... məhv
olurdu.
Əsər mükəmməl və zaman kontekstində həddindən artıq
real. Quruluş çəkilən iztirablara
tam adekvat, oyun isə oyun deyiləcək
qədər inandırıcı.
Absurd teatrın yaradıcılarından sayılan
ədəbiyyat üzrə
Nobel mükafatçısı Semuel Bekketin mürəkkəb və qapalı xarakterinin ən inandırıcı
və təsirli oxşarı olan bu ədəbi nümunəsi akademik teatrın səhnəsində
birhissəli virtual dialoq
kimi özünün maraqlı həllini tapdı.
Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluş verdiyi tamaşa sadə səhnə tərtibatı
və mətni, qəhrəmanın ruh halının izahını
asanlaşdıran uğurlu
musiqi seçimi (musiqi tərtibatı İzzət Qurbanov) ilə də yadda qaldı. Dünya
klassik musiqi nümunələrindən seçmələr,
nisgilli məhəbbət
mahnıları, tamaşanın
əvvəli və finalında kilsə zəngi, azan səsi, göy qurultusu, külək vıyıltısı,
şimşək şaqqırtısı
və mizrablarda inildəyən tar sədaları
maraqlı, bitkin və qəhrəmanın
ruh halının təsvirində yaxşı
köməkçi idi.
Özünü dünyaya yük
bilən, ondan hələ uzun illər əvvəl, bəlkə də elə dünyaya gələrkən küsən
Semuelin (Xalq artisti Nurəddin Mehdixanlı) içini göstərən viranə
“çöl”ü - pərişan
saçları, dizlərində
yellənən şarfı,
nimdaş, özü qədər yorğun paltosu və kürəyinə yük olan, “bu qaranlıq
hücrə, xaraba” dediyi, evciyi, tabutu, bütün həqiqət və yalanlarının, olub-olacaqlarının,
itib-batırmaq istədiklərinin
saxlanc yeri - şələ-koması da
tamaşanın əsas
ideyasını açmaqda
uyğun seçim idi. Quruluşçu rəssamın (Samirə
Həsənova) tamaşada
tapıntısı isə,
məncə, qəhrəmanın
kəfən-çuxa geyindirilib
evcik-tabutda yola salınması idi. Adam özü öz
ayağı ilə ölümünə gedir,
bu əzəli və son arzusunu heç bir dinə uyuşmadan, heç bir qayda-qanuna məhəl qoymadan öz bildiyi kimi “icra”
edir. Nə kilsə zənglərinin
vahiməli cingiltisi, nə də məsciddən ucalan məlahətli azan onu yolundan döndərmir, özünü diri-diri basdırmaq günahından
daşındırmır.
Bu səhnə həlli, mizan tələbi və rejissorun əsərdən irəli
gələn yanaşması
virtual dialoqun ustalıqla
alınmasında öz
sözünü dedi.
Təbii
ki, dialoqun tək qəhrəmanı,
özü-özlüyündə bir həqiqəti - yaşamağın əzabını
ustalıqla, real artistizmlə
göstərən ustad
aktyor Nurəddin Mehdixanlının əzablarından
keçməklə.
Qaranlıqdakı xoşbəxtlik
O, uzaq tarixdə, 39 yaşında lentə aldığı səsinə - çılpaq həqiqətlərinə, acı göz yaşlarına, dəhşətli gülüşlərinə, sevgi ehtiraslarına, şəhvət detallarına, içki düşkünlüyünə, dünyanı anlayıb dəli kimi ona qarşı çıxmaq kimi axmaq cəhdlərinə hər il olduğu kimi yenidən eyni həyəcanla qulaq asır: “Bu gün mənim 39 yaşım tamam oldu. Və bu ilk zəngdir. Hətta bu mənim qocalıq və zəifliyimi nəzərə almadan da tam əsasla onu demək olar ki, mən artıq avarın son dalğasındayam. Ya da lap yaxınlığında. Əvvəlki illərdə olduğu kimi, bu əzab verən darıxdırıcı hadisəni adi kafelərdən birində, sadə bir şəkildə qeyd etdim. Tək-tənha, kimsəsiz. Zərfin arxa tərəfinə bəzi qeydlər etdim. Yaxşısı budur ki, mən öz komama qayıdım, öz köhnə-küləmə bürünüm. Masamın altındakı lampa yenilikdir, təhlükəlidir. Ətrafımda tam qaranlıq olanda mən özümü daha az tənha hiss edirəm. Nəyə görəsə qaranlıqda gəzməkdən çox xoşum gəlir, sonra da bura qayıtmaq, özümə, öz içimə, Kreppə...”
O, ağıllıdır, həssasdır, hər şeyi duyacaq qədər bədbəxtdir. Küçə itləri qədər sahibsiz, dalğalar qədər dəli, küləklər qədər sərsəridir.
İstedadlıdır, maraqlıdır, cansıxıcı olacaq qədər maraqlı.
Yazıçıdır, 10 ildən çoxdur ki heç bir kitabı vərəqləməyən, 18 kitabı satılan, kitab-dəftəri çoxdan bağlanmış yazıçı.
Həm də özündən iyrənən, nifrət edən, qaçan, qorxan “cəngavər”.
Öz qaranlığında xoşbəxt olan Semuel bunu anlayanda, əslində, “Nəhayət, mənə aydın oldu ki, illər boyu qaçmağa, gizlənməyə çalışdığım bu qaranlıq, zülmət mənim öz içimdədir” deyəndə, 39 yaşlı həmsöhbətinə üsyana qalxan qoca sarsıntılarında çırpına-çırpına “Yalan, yalan” deyib xilas olmağa, qaçmağa, arınmağa çalışanda böyükdür, dahidir.
Amma yenə dönüb-dolaşıb ona, özünə, ömrünə, həqiqətinə, yazıqlığına bürünür, qorxaq təbəssümlə içindən, səssizliyindən soraq verir.
Sevgi həqiqətindəki yalan, ehtirasındakı solğun xəyanət, dünəndə ilişib qalan ilğım hisslər indi çox uzaqdır. Həm də xeyli əzablı.
Yetər, demək eyni səsi eşitmək, eyni həqiqəti boğmaq üçün yeni bir gerçəklik, bəlkə də ağıllı yalan lazımdır. Semuel cəld ayağa qalxır. Bayaqdan qucaqladığı köhnə maqnitofondakı 39 yaşının lent yazısını çıxarıb bir kənara tullayır, yeni lent yerləşdirir, çıxışa hazırlaşan dahi duruşuna qayıdır və başlayır öz gerçəkliyində çapalamağa: “Elə indicə özünü əbləhcəsinə təqdim edən birinə, özümə qulaq asdım. Və 30 il bundan qabaq nə qədər kütbeyin olduğumu anladım. İnana bilmirəm ki, mən bu qədər axmaq olmuşam. Amma, şükür olsun ki, hər şey arxada qalıb, arxada”.
Bura qədər hisslərindən, ağrı-acılarından, arzularından danışan qəhrəman hamı kimi, dünyanı sevə-sevə ona nifrət edən, etibarsız olduğunu anlaya-anlaya ikiəlli ondan möhkəm yapışan insanlar, bütün cansız canlılar kimi başlayır fələyi, dünyanı, kainatı söyməyə: “Hər şey burdadı, burda. Qaranlıq da, işıq da, aclıq da, səfalət də, harınlıq və qudurğanlıq da. Hər şey bu köhnə zibilliyin içindədir. Cəhənnəm olsun hamısı...”
Tamaşanın nüvəsi bax bu nöqtədə, bilinən, deyilən və mənasız olduğuna görə də artıq təkrarlanmaqdan çürüyən həqiqətlərdə idi. Yaxşısı budur ki, susasan. Əlinlə qulaqlarını, gözlərini, ağzını bağlayıb susasan. Olmadı, elə onun ardınca gedib özünü diri-diri göməsən. Bu yolla o, yenə də özünə təsəlli verir, şələsini yerə qoyub dünya ilə savaşır. Bu axmaq cəsarətlə də guya qalib gəlir. Qoruyub saxladığı keçmişini - lent yazılarını, vərəqləri saralmış kitablarını, içki şüşələrini, əyin-başındakı köhnə-külələrini - hamısını, hər şeyi atır, rədd edir və kürəyinə sarıdığı şələsinə, məzarına gömülür və gedir: “İstəmirəm, yaşadığım bu zülmlü həyatı yenə, yenidən yaşamaq istəmirəm”.
O artıq xoşbəxtdir. Ağ işığa tərəf gedir, orada gözləyənləri olmasa da, hər halda, yeni bir səhifə üçün mütləq əzablar yox deyil...
Səhnə yenidən açıldı, özünü basdıran bədbəxt Semuel getdi və sürəkli alqışlar altında gülümsəyən Nurəddin Mehdixanlı qayıtdı.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 14
fevral.- S. 6.