«Azərbaycan möcüzələri» Amerikada

 

Ölkəmizin turizm imkanları Los Ancelesdə səyahət və macəralar sərgisində nümayiş olunub

 

Azərbaycanın «Al Travel», «Caspian Breeze», «CBT Azərbaycan» və «İntour Travel» turizm şirkətlərini bir araya gətirən «Azərbaycan möcüzələri» (“Wonders of Azerbaijan”) layihəsi ölkəmizin turizm potensialını fevralın 8-dən 10-dək Los Ancelesdə keçirilən doqquzuncu səyahət və macəralar sərgisində nümayiş etdirib.

«Azərbaycan möcüzələri» layihəsi ABŞ ictimaiyyəti arasında ölkəmizin turizm potensialını təşviq etmək və ABŞ-ın turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əsasında respublikamıza müxtəlif istiqamətlər üzrə yerli şirkətlərin tərtib etdiyi konkret səyahət paketlərini təklif etmək məqsədilə həyata keçirilir.

«Azərbaycan - Odlar Yurdu, tolerantlıq diyarı» adı altında keçirilən tədbirdə yerli turizm mütəxəssisləri Azərbaycanın zəngin tarixə, maddi-mədəni irsə və ləziz mətbəxə malik, həmçinin dini və mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd edək ki, hər ilin fevralında keçirilən və dünyanın müxtəlif yerlərinə səyahət xidmətlərini təklif edən Los Anceles səyahət və macəralar sərgisi iştirakçılarının sayına görə ABŞ üzrə ən böyük beynəlxalq səyahət sərgilərindən hesab olunur. Builki tədbirdə 28 min nəfərdən çox iştirakçının olduğu bildirilib.

“Azərbaycan möcüzələri” layihəsinin iştirakçıları olan “AL Travel”, “Caspian Breeze”, “CBT Azerbaijan”, “Express Tours” və “Intour Travelturizm şirkətləri yanvar ayında ölkəmizi “Los Angeles Times” qəzeti tərəfindən keçirilən sərgidə, eləcə də Çikaqoda beynəlxalq “Səyahətlər və sərgüzəştlər sərgisi”ndə təmsil edib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 14 fevral.- S. 9.