Yeni hotellərin inşası qiymətlərə
də təsir göstərəcək
«Azərbaycana gələn turistlərin sayı hər il artdığına, ölkəmizə müxtəlif təbəqələrdən insanlar səfər etdiyinə görə artıq turistlərin ödəmə imkanları ilə bağlı iki və üçulduzlu hotellərin də tikintisinə başlanılıb. Bu hotellərdə qiymət də nisbətən aşağı olacaq. Bir məqamı da qeyd edim ki, sektorda qiymətləri bazar tənzimləyir. Azərbaycanda da turizm obyektlərində xidmətlərlə bağlı qiymətlər tədricən aşağı düşəcək». Bu sözləri mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan vətəndaşlarının qiymət səbəbindən istirahət üçün Gürcüstan, Türkiyə və digər ölkələrə getməsi barədə suala cavabında Vaqif Əliyev deyib ki, bu vəziyyətin dəyişməsi üçün müəyyən işlər görülür: “Gərək ölkəmizdə turizm obyektlərində qiymətlər və şərait elə olsun ki, insanlarımız Azərbaycanda istirahət etsinlər və həmin vəsaitlər də Azərbaycanda qalsın. Amma bunu inzibati qayda ilə etmək olmaz, bu, həll yolu deyil. Bu məsələnin həlli odur ki, Azərbaycanda ucuz və keyfiyyətli xidmətlər göstərilsin, ucuz hotellərimiz olsun. Son dövrlər bu istiqamətdə işlər davam edir. Yollar salınır, yeni infrastruktur yaranır, rabitə sistemi yaxşılaşır. İnanıram ki, qısa dövrdə, xüsusən dövlət proqramlarının həyata keçirilməsi sayəsində turizmdə çox böyük sıçrayış ola bilər, ölkəmizə gələn turistlərin sayı daha da artar”.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 14
fevral.- S. 9.