Yer kürəsi uşaqların gözü ilə”

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident sarayında “Yer kürəsi uşaqların gözü ilə” devizi altında sərgi açılıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın Prezidenti Corc Abela, təhsil naziri Evarist Bartolo, ölkənin dövlət və hökumət rəsmiləri, Azərbaycanın İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov iştirak edib.

Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq uşaq müsabiqəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqətinin dəstəyi ilə 2012-ci ildə gerçəkləşib. Dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və gəncin iştirak etdiyi müsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib.

Müsabiqənin nəticələrinə əsasən ötən ilin mayında Bakıda “Yer kürəsi uşaqların gözü ilə” festivalı keçirilib. Valettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş 100 ən yaxşı şəkil nümayiş olunur. Sərginin bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində də təşkili planlaşdırılır.

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 2.