“Qisas almadan ölmə. Keçmişdən məktublar”
Kinorejissor Oqtay Mir-Qasımın
yeni filmi təqdim edildi
Fevralın 18-də Nizami Kino Mərkəzində
tanınmış rejissor,
Xalq artisti Oqtay Mir-Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin təqdimatı keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
çəkilən film XIX əsrin
əvvəllərindən ölkəmizdə
məskən salmış
almanların 1941-ci ildə
Orta Asiyaya sürgün olunmasından
bəhs edir.
Təqdimatda çıxış edən
“Azərbaycanfilm” kinostudiyasının
direktoru Müşfiq Hətəmov bildirdi ki, hər bir
yeni film rejissor və yaradıcı heyətin tamaşaçılar
qarşısında hesabatıdır. O, yeni ekran əsərinin maraqlı bir tarixə və mühüm mövzuya həsr olunduğunu dedi: “Azərbaycan tarixən tolerant, qonaqpərvər
ölkə kimi tanınıb. Ölkəmizdə müxtəlif millətlərin
nümayəndələri yaşayıblar
və bizim bu millətlərə qarşı həmişə
mehriban münasibətimiz
olub. XIX əsrin əvvəllərində
Azərbaycana köç
edən alman icması da burada mehribanlıq, xoş münasibət görüb. Hörmətli rejissorumuz Oqtay Mir-Qasımın müraciət
etdiyi filmin mövzusu da bu münasibətlərdən,
iki xalqın birgə yaşayışından
bəhs edir. Film bizim üçün
yeni bir sözdür və sübut edir ki, Azərbaycanda həmişə tolerantlıq
olub”.
Müşfiq Hətəmovun sözlərinə
görə, rejissorun bu mövzuya müraciəti Azərbaycan
incəsənət adamlarının
təkcə özümüzün
deyil, başqa xalqların problemlərinə
də çox həssaslıqla yanaşdıqlarını
bir daha sübut edir. Bizim incəsənət
xadimlərimiz dünyaya
inteqrasiyaya hazırdırlar
və birgə layihələrimizi bundan sonra da təqdim
edəcəyik.
Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger tədbir iştirakçılarını
salamlayaraq bildirdi ki, filmin hər
anında rejissorun alman xalqına məhəbbəti hiss olunur:
“Filmin Azərbaycan-alman
münasibətlərinə həsr olunması bizi sevindirdi. Çünki tarixin qara səhifələrinə baxmayaraq
bizim xalqlar arasında həmişə
sıx münasibətlər
olub”.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət
edildi. Rejissor Oqtay Mir-Qasım
filmdə zəhməti
keçən hər kəsə təşəkkürünü
bildirdi. Filmin yaranma
tarixi və adı ilə bağlı məlumat verən rejissor qeyd etdi ki,
ekran əsərinin süjeti 30 ilə yaxın mənim ürəyimdə və beynimdə yaşayıb.
Film “Didərginlik faciəsini yaşamış
bütün insanlara ithaf olunur” sözləri
ilə başlayır.
Azərbaycana almanların köçü
XIX əsrin əvvəllərində
başlanıb. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə
Rusiya imperiyasının
əyalətlərinə - Krıma, Qafqaza gələrək bu ərazilərdə məskunlaşırdılar.
1819-cu ildə Vürtemberq krallığından
(Almaniyanın indiki
Baden-Vürtemberq əyaləti)
gələn almanlar Azərbaycanın qərbində,
Gəncə yaxınlığında
ilk koloniyanın - Helenendorf
qəsəbəsinin (indiki
Göygöl şəhəri)
əsasını qoyurlar.
Bir neçə nəsil dəyişir, almanlar yerli əhali ilə qaynayıb-qarışırlar.
1941-ci ildə Azərbaycanda yaşayan 20
minə yaxın alman Stalinin əmri ilə sürgün edilir.
Filmdə o hadisələrlə yanaşı,
müasir zaman da təsvir edilir. Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda - Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı
Svanetiya bölgəsinin
dağ kəndlərində,
Almaniyanın Bukof şəhərində aparılıb.
Film tamaşaçının
gözləmədiyi, ağlına
gətirmədiyi sonluqla
bitir. Ekran əsərində məktublar, etiraflar, xatirələr, insanın
hiss və yaşantıları
əks olunur.
Filmin ssenari müəllifi Oqtay Mir-Qasım, quruluşçu
operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı
Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı
Elmar Feldir (İsrail).
Filmdə
Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə,
almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcüstanlı aktyorlar
Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 19
fevral.- S. 2.