Gənclərin turizmlə bağlı daha bir layihəsi təqdim edilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, «İRƏLİ» İctimai Birliyinin Turizm klubu və «Gənclər Turizmi» İctimai Birliyinin təşkilatçılığı ilə «Azərbaycanda gənclər turizminin formalaşması və dünyaya inteqrasiyası» layihəsinə start verilib.

Təqdimatda çıxış edən «Gənclər Turizmi» İctimai Birliyinin həmtəsisçisi Kənan Hənifəyev qeyd edib ki, layihə çərçivəsində gənclər üçün turizmin müxtəlif xidmət sahələri üzrə təlimlər təşkil olunacaq. Təlimləri turizm sahəsində qabaqcıl mütəxəssislər aparacaq.

«İRƏLİ» İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, son illərdə ölkəmizdə turizm sahəsinə böyük yatırımlar qoyulduğunu diqqətə çatdırıb. Turizmlə bağlı layihələrin gənclərin bu sahədə təcrübəli kadr kimi yetişməsində və gələcək karyeralarında önəmi vurğulanıb.

Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov qeyd edib ki, qurum tərəfindən 5 kateqoriya üzrə qrant müsabiqəsi keçirilir. Gənclər də bu imkanlardan yararlanaraq layihələrlə müraciət edə bilərlər.

Turizm İnstitutunun nümayəndəsi Orxan Musa, «İRƏLİ» Turizm klubunun rəhbəri Ülviyyə Qəhrəmanlı təqdim olunan layihənin əhəmiyyətindən danışıblar.

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 5.