Nazirlik beynəlxalq turizm saytına müraciət göndərib

 

Mərkəzi ABŞ-da yerləşən tripadvisor.com turizm saytı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ayrıca qurum kimi təqdim edib. Bölgə Azərbaycanın tərkibində qeyd olunsa da, saytda yer alan fotolarda Ermənistanın işğal etdiyi ərazidə yaratdığı qondarma rejimin bayrağı əksini tapıb.

İngilis, ərəb, fransız, rus və digər dillərdə səyahətçilərə ölkələr, turizm obyektləri və hotelləri haqqında məlumat təqdim edən saytda Dağlıq Qarabağdakı hotellər, turizm məkanları barədə məlumat verilib.

Faktla bağlı açıqlama verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Vüqar Şıxəmmədov bildirib ki, bununla bağlı nazirlik tripadvisor.com saytına müraciət göndərib: «Dağlıq Qarabağın Azərbaycanın tərkibində qeyd edilməsi təqdirəlayiqdir. Bu, Azərbaycan torpaqlarının və ərazi bütövlüyünün tanınması deməkdir. Əsas xəta saytda Dağlıq Qarabağın ayrıca qurum kimi qeyd olunmasıdır».

Sektor müdiri qeyd edib ki, Dağlıq Qarabağdakı mehmanxanaların Azərbaycan qanunvericiliyinə uyğun olaraq lisenziya almadan fəaliyyət göstərdiyi müraciətdə qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də məsələnin araşdırıldığını və müvafiq diplomatik nümayəndəliyə təlimatlar verildiyini bildirib.

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 5.