Toskaöz ecazında idi

 

Dünya operasının ən məşhur nümunələrindən biri, italyan bəstəkarı Cakomo Puççininin “Toska”sı sənətsevərləri yenidən bir araya gətirib.

Fevralın 16-da Dövlət Akademik OperaBalet Teatrında anşlaqla keçən tamaşada Azərbaycan, Türkiyə və Belarusun opera ulduzları iştirak ediblər.

Teatrın beynəlxalq layihələr silsiləsindən olan tamaşada Toska partiyasını türkiyəli sənətçi, Bülbül adına vokalçıların VI beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Deniz Yetim, Kavaradossi partiyasını Ankara OperaBalet Teatrının direktoru, məşhur tenor Aykurt Çinar ifa edib. Skarpia rolunu Belarus Milli Akademik Böyük OperaBalet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov oynayıb. Tamaşada Azərbaycanın Xalq artisti Əli Əsgərov, Əməkdar artist Əkrəm Poladov da iştirak edib. Operaya Xalq artisti, professor Rauf Abdullayev dirijorluq edib.

Böyük yaradıcılıq səviyyəsində keçən nümayiş tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Türkiyəli ifaçı Aykurt Çinar təəssüratlarını bölüşərək Bakı səhnəsində çıxışdan məmnunluğunu vurğulayıb: “İlk dəfə sizin teatrda çıxış edirəm və bu məndə unudulmaz təəssürat yaradıb. Çox yaxşı xor kollektiviniz, peşəkar orkestriniz var. Maestro Rauf Abdullayevi xüsusi qeyd etmək istərdim. O, tamaşanı çox gözəl idarə edirdi. Vokalçılarınız da çox xoşuma gəldi. Mənə bir daha buraya gəlib gözəl teatrınızda çıxış etmək imkanı verilərsə, çox şad olaram”.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 6.